KÖŞƏ

Vəli İlyasov

Ermənistan süqut ərəfəsində

18 avqust 2017 22:31
1601

“Qarabağın  başının  üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür”. Erməni siyasi şərhçi Sarkis Artsruni Ermənistan mətbuatındakı çıxışlarından birində belə deyib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanı zəiflədən “yorucu müharibə”ni davam etdirir. Təkcə bu il yanvarın 1-dən iyulun sonunadak 40-a qədər erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qeyri-döyüş şəraitində həlak olub. Bu, Ermənistana daha bir xəbərdarlıqdır. İrəvan siyasi təşəbbüslərlə çıxış etməyəcəksə, emiqrasiya dalğası sürətlə artacaq. Çünki erməni valideynlər öz oğullarının təhlükəsizliyini daha çox düşünürlər. Qarabağdakı vəziyyət gec-tez genişmiqyaslı müharibəyə gətirib çıxaracaq.

Belə təşvişə düşən təkcə Sarkis Artsruni deyil, artıq əksər  ermənilər başa düşüblər ki, iyirmi altı illik müharibə vəziyyəti Ermənistanı bugünkü ümidsiz vəziyyətə gətirib. Qlobal beynəlxalq layihələrdən kənarda qalan bu işğalçı dövlətin rəhbərləri  ölkəni dibi görünməyən uçuruma yuvarlatmış və oradan çıxış yolunu itirmişlər. Getdikcə  diplomatik, hərbi və iqtisadi qüdrətini artıran Azərbaycanın qarşısında tab gətirə bilməyəcəklərini anlayan  Ermənistanın  başabəla başçılarının son ümidləri əvvəlki kimi xarici havadarlarına qalıb. Ancaq indi onlar da Ermənistandan üz çevirməyə başlayıblar. Ermənistan rəhbərlərinin  müstəqil addım atmaq arzuları, Qərbə meyillənmələri, Avrasiya İttifaqından çıxmağa hazırlaşmaları, NATO tədbirlərinə qatılmaları erməniləri ağalarının qəzəbinə tuş gətirib. Bu məqamda meydanda  Azərbaycan Ordusu ilə təkbətək qalmaq  xofu  təbiətən qorxaq olan  ermənilərin canına qorxu salıb.  2016-cı ilin 4 günlük aprel döyüşlərindən sonra erməni ordusunun  müqavimət göstərməyə  qabil olmadığı üzə çıxan günlərdən bəri bu qorxu sindromu düşmənləri üzür. 

Bəzi  mətləblərə işarə edən erməni şərhçi qeyd edib ki, məsələ təkcə münaqişə tərəflərinin toqquşması ilə yekunlaşmır: “Hazırda Rusiya NATO-nun təlimlərində iştirak edən Ermənistan hakimiyyətinin sədaqətinə şübhə ilə yanaşır. Buna paralel olaraq, Azərbaycana dəstəyi artırır. Məlumatlar var ki, Moskva Ermənistana qarşı yeni təzyiq dalğasını başladacaq”, - deyə o vurğulayıb.

Onun sözlərindən aydın görünür ki, qaz yerişi yerimək istəyən Sarkisyan artıq öz yerişini də itirib. Yəni müstəqil siyasət yeritmək istəsə də alınmır, çünki “gönü suya verib.”  Prezident Serj Sarkisyan xarici dövlətlərlə  birbaşa və sərbəst danışıqlar apara bilmir. Nə qədər çalışıb ölkəsini müstəqil dövlət kimi tanıtmaq istəyirsə,  o qədər də sərt təzyiqlərə məruz qalır. Ağaları Sarkisyanı başa salırlar ki,  özbaşına danışıqlar aparmasın,  razılıq olmadan heç bir xarici dövlətə səfər etməsin, başqa sözlə, ev tapşırığından kənara çıxmasın.  Beləliklə, taleyi öz əlində olmayan və gərgin sosial durumda boğulan  erməni xalqı forpost taleyi yaşamağa məhkum  olunub.

Tanınmış yazıçı Levon Keşayan təltif edildiyi ordeni Prezident Serj Sarkisyanın əlindən almamaq üçün təqdimat mərasiminə getməyib. O, prezidentə belə bir mesaj göndərib: Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsin, qonşu dövlətlərlə münasibətlərini normallaşdırsın. Bununla da erməni xalqı rahat həyatına qayıdacaq.

Ermənistanı müstəqil dövlət kimi görmək istəyən  erməni lobbisinin  Sarkisyanı sıxışdırması, onun qarşısında yerinə yetirə bilmədiyi tələblər qoyması  Serjiki ikiüzlü siyasət aparmağa vadar edir. Bir yandan da ağalarının münasibəti olmayan ölkələrlə və qurumlarla işbirliyi qurmaq istəməsi onlarda kəskin qıcıq yaradır və Sarkisyana qulaqburması verirlər.  Üç qüvvənin-xalqın, lobbinin və  xarici ağalarının təzyiqləri arasında çabalayan Serj Sarkisyan hakimiyyəti  çaşbaş vəziyyətdə qalıb. O və onun kimi ağlıkəm başçılar  Ermənistanı dünyanın ən bədbəxt ölkələrindən birinə çeviriblər.  Erməni xalqı öz  yaxasını bu manyaklardan  qurtarmağa çalışır. Hazırda dəryada istiqaməti itirmiş gəmiyə bənzəyən Ermənistanı acı ruzigardan başqa heç nə gözləmir.