Fransa İkinci Qarabağ müharibəsindən, 2023-cü ildə birgünlük antiterror əməliyyatından sonra Ermənistanı silahlandırmaqda, həmçinin təcavüzkara anti-Azərbaycan xarakterli siyasi dəstək verməkdə davam edir. Fransa bu yolla regionda Rusiyanın zəifləyən təsirini kompensasiya etmək, Ermənistan üzərindən öz mövqeyini gücləndirmək istəyir. Şübhəsiz, demokratiyadan dəm vuran bir ölkənin bu kimi addımları regional sabitliyə ciddi təhdiddir. Bütün bunlarla yanaşı, Afrikanı “nüvə zibilliyi”nə çevirən Fransa indi də Ermənistanın əli ilə Cənubi Qafqazı nüvə tullantıları bazasına çevirməyə, bununla da bölgənin ekologiyasını çirkləndirməyə çalışır.
Azərbaycan QHT-ləri tərəfindən təsis edilmiş “Environmental Protection First” (EPF) adlı koalisiyanın məlumatına görə, bu ilin iyun ayından Fransanın nüvə yanacağı nəhəngi - “Orano” dövlət şirkəti urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirir. Hətta nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə basdırılıb. Göyçə gölünün şimalında yerləşən bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə qərar tutur. Həmin tullantılar da su axıntıları kimi Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanın biomüxtəlifliyi təhdid altındadır. Fransanın nüvə stansiyalarına məxsus radioaktiv tulalntıları Ermənistan ərazisində basdırması Azərbaycana qarşı yeni ekoloji müharibə, Cənubi Qafqaz üçün “ikinci Metsamor” təhlükəsi kimi qiymətləndirilməkdədir.
Yeri gəlmişkən qeyd edək ki, bu gün Ermənistanın dağ-mədən müəssisələrinin zəhərli kimyəvi tullantıları da ölkəmizin su resurslarına, ətraf mühitə böyük ziyan vurur. Bu isə o deməkdir ki, təcavüzkar ölkədə ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar, normalar pozulur. Ermənistanın BMT-in Transsərhəd Çayların və Beynəlxalq göllərin istifadəsi və mühafizəsi üzrə Konvensiyasına imza atmaması da sözügedən ölkənin bu kimi məsələlərdə maraqlı olmamasından xəbər verir.
Fransa mediasının xəbərlərinə istinadən bildirək ki, urantərkibli radioaktiv tullantıların Ermənistana ixrac edilməsi bu ilin fevralında Parisdə Makron-Paşinyan görüşündə razılaşdırılıb. Paşinyanın arvadı Anna Ankopyanın “Mənim Addımım” Fondunun hesabına bu sövdələşmənin mükafatı olaraq fransız şirkətindən böyük məbləğdə ianələr daxil olub. Paşinyan hakimiyyəti Fransa mediasında yayılmış məlumatları “dezinformasiya” adlandırıb. Amma faktı yerində yoxlamağa imkan vermir. Nədənsə 18 atom elektrik stansiyasında 56 nüvə reaktoruna malik Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması, şərti sərhədə yaxın ərazilərdə basdırılması Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi əsla narahat etmir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bunu Fransa-Ermənistan dostluğunun “görünməyən” tərəfi kimi də xarakterizə etmək olar: “Şübhəsiz, Ermənistanın ədalətsiz siyasətinə baxmayaraq, Fransanın təcavüzkarın haqsız mövqeyini müdafiə etməsi onun bu kimi planlarının tərkib hissəsidir. Fransanın Ermənistanın Azərbaycanla şərti sərhədləri yaxınlığında nüvə tullantılarını basdırması təkcə Azərbaycan üçün deyil, işğalçı ölkənin özü, bütövlükdə Cənubi Qafqaz regionu üçün olduqca böyük təhlükədir. Ona görə də Azərbaycan bu tullantıların sərhəddə yerləşdirilməsinə qəti etiraz edir. Çünki Ermənistanın nüvə tullantılarını bizim coğrafiyaya daşıması yolverilməzdir. Ən əsası isə Fransanın belə bir addımı beynəlxalq təhlükəsizlik normalarını kobud şəkildə pozmaqdır. Bu gün dünya birliyinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri uğrunda səfərbər olaraq ətraf mühit problemlərinin həlli üçün daha əzmlə çalışdığı bir vaxtda, Fransanın davranışları bu fəaliyyətin tamamilə ziddinədir. Digər tərəfdən, Fransanın ərazisi Azərbaycanın ərazisindən 10 dəfələrlə böyükdür. Niyə onları öz ərazisində basdırmır? Hesab edirəm ki, bu məsələ beynəxalq aləmdə geniş müzakirə edilməlidir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”