İnsanların ən qədim zamanlardan məskunlaşdığı Azərbaycan ərazisində, o cümlədən onun ayrılmaz tərkib hissəsi və mühüm mədəniyyət mərkəzlərindən olan Naxçıvan bölgəsində tarixin müxtəlif dövrlərində xalq sənətkarları tərəfindən yaradılan zəngin mədəni irsin tərkibində Orta əsrlər zamanı Naxçıvan şəhərində və bölgənin digər yerlərində ucaldılmış tarix-memarlıq abidələri xüsusi yer tutur. Bu abidələrin bir hissəsi zaman keçdikcə təbii və digər qüvvələrin təsirindən məhv olaraq sıradan çıxsa da, müəyyən bir hissəsi zəmanəmizə qədər nisbətən salamat və yaxud da, yarımdağılmış vəziyyətdə gəlib çatmışdır. Ona görə də, Orta əsr sənətkarlarının əməyinin məhsulu olan bu abidələrin qorunub saxlanması, tədqiqi, təbliği, bərpası və gələcək nəsillərə çatdırılması çox vacibdir.
Təqdirəlayiq haldır ki, ölkə ərazisində indiyədək qalan tarix və mədəniyyət abidələri yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətində xalqımızın minilliklər boyu yaratdığı mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğı xüsusi yer tutur. Biz dövlət başçısının bu diqqət və qayğısını onun Azərbaycan Respublikasının Prezidenti kimi bütün fəaliyyəti ərzində həm bütün Azərbaycan miqyasında, həm də konkret olaraq Naxçıvan bölgəsindəki tarix və mədəniyyət abidələrinə münasibətində görürük. Cənab Prezidentin keçən il fevral ayının 21-də imzaladığı sərəncamla Orta əsr şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan Ordubad şəhərinə Dövlət Tarix-Mədəniyyət Qoruğu statusu verildi. 22 may 2025-ci ildə isə tarix-memarlıq abidələrinə yüksək dövlət qayğısının yeni bir parlaq nümunəsinin şahidi olduq. Həmin gün cənab Prezident “Naxçıvan şəhərində yerləşən Möminə xatın türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Dövlət başçısı bu sərəncamı Möminə xatın türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə imzalamışdır. Bərpasına və qorunub saxlanmasına, gələcək nəsillərə çatdırılmasına çox böyük əhəmiyyət verdiyinə görə dövlət başçısı türbədə bu işlərin aparılması üçün sərəncamla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat vəsait ayırmışdır. Çünki Orta əsr Azərbaycan memaqrlığının ən möhtəşəm qollarından olan Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 1175-1186-cı illərdə ucaltdığı Möminə xatın türbəsi Azərbaycan, geniş mənada Şərq memarlığının nadir nümunələrindən biridir. Bu möhtəşəm memarlıq abidəsi 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmcəddin Eldənizin əmri ilə 1175-ci ildə vəfat edən xanımı Möminə xatının xatirəsinə ucaldılmışdır.
Bəs xatirəsinə belə möhtəşəm türbə ucaldılan Möminə xatın kimdir? Möminə xatın Azərbaycan Atabəyləri dövlətinin əsasını qoyan Şəmsəddin Eldənizin arvadı, dövlətin ən qüdrətli hökmdarlarından Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anasıdır. Bu görkəmli qadın – şəxsiyyətin adı elmi ictimaiyyətə özünün qəbri üzərində Orta əsr Naxçıvan şəhərinin Atabəylər meydanında XII əsrin sonlarında inşa edilən, hazırda indiki Əcəmi seyrəngahında əzəmətlə ucalan türbənin üzərindəki əsas kitabə vasitəsi ilə məlum olmuşdur. Sərdabəsində dəfn olunan qadının adı ilə “Möminə xatın türbəsi”, yaxud da, yerli əhali arasında “Atabəy günbəzi” kimi tanınan abidənin yuxarı hissəsində - frizində (qurşağında) göy kaşılı kərpiclərlə, iri, hündürlüyü 90-sm-dən artıq hərflərlə ərəb əlifbasının kufi xətti ilə yazılmış kitabənin mətnindən aydın olur ki, bu möhtəşəm abidə Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Möminə xatının xatirısinə ucaldılmışdır.
Möminə xatın gənc yaşlarında İraq Səlcuq sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. Hətta onun Sultan Toğruldan Arslanşah adlı bir oğlu da dünyaya gəlmişdir. Sultan Toğrul 1135-ci ildə vəfat etdikdən sonra taxt-taca sahib olan Sultan Məsud onun dul arvadı Möminə xatını 1136-cı ildə vaxtilə vəzir əs-Sumayrami tərəfindən qul kimi satın alınan, ancaq, sonradan diribaşlığı, yüksək qabiliyyəti, bacarığı sayəsində II Toğrulun sarayında böyük nüfuz qazanan, bu səbəbdən də sultanın şəxsi məmlükləri sırasına keçirilən və sultan mətbəxinin başçısı vəzifəsinə təyin edilən Şəmsəddin Eldənizlə evləndirir. Möminə xatının Atabəy Şəmsəddin Eldənizlə izdivacından Atabəy Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan adlı iki oğlu və bir qızı dünyaya gəlmişdi. Mənbələrdə Möminə xatının doğum tarixi haqqında heç bir məlumat gəlib çatmamışdır. Ancaq yeni evlilikdən iki oğlan və bir qız dünyaya gətirməsinə əsasən demək olar ki, Şəmsəddin Eldənizlə evlənərkən Möminə xatın təxminən 30 yaşlarında olmuşdur.
Şəmsəddin Eldəniz bu evlilikdən qabaq, gəldiyi ilk zamanlardan Eldənizlər sarayında böyük nüfuz sahibi olmuş, hətta əmir rütbəsinədək yüksəlmişdi. Bir sıra müsbət keyfiyyətləri ilə hökmdarın diqqətini cəlb etmiş, nəticədə Sultanın azyaşlı oğlu Arslanşahın atabəyi təyin olunmuşdu. Həmin vaxtlar Şəmsəddin Eldəniz özünün diqqətəlayiq, xeyirxah işləri ilə bütün saray əhli kimi, dövrünün görkəmli şəxsiyyətlərindən sayılan və İraq Səlcuq sultanlığı sarayında böyük nüfuz və söz sahibi olan birinci xanım, sultan II Toğrulun arvadı, Arslanşahın anası Möminə xatının da diqqətini özünə çəkə bılmişdi. Tarixə Azərbaycan Atabəyləri dövləti kimi nəhəng bir dövlətin qurucusu kimi daxil olan Şəmsəddin Eldəniz ona xüsusi hörmət və iltifat göstərən bu ağıllı qadının göstərişlərinə həmişə canla-başla əməl edərək heç bir vaxt saraydaxili münaqişələrə, intriqalara qarışmamış və bir-birləri ilə kəskin mübarizə aparan, gizli ədavət saxlayan əmirlərin birləşdiyi hər hansı bir qrupun tərəfini saxlamamış, bitərəf mövqe tutmuşdu. Bu vəziyyət onun Möminə xatınla evlilyi dövründə də davam etmişdi.
Şəmsəddin Eldənizlə evləndikdən sonra Möminə xatın ərinin ən yaxın məsləhətçisinə çevrilmişdi. Eldənizlər dövlətinin birinci xanımı kimi Möminə xatın tədbirli siyasəti, yüksək qabiliyyəti, bacarığı və ağlı ilə sarayda və xalq arasında böyük hörmət qazanmışdır. Bu səbəbdən də o, Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti kimi nəhəng bir dövlətin sosial-siyasi və mədəni həyatında fəal rol oynamış, özünün ağıllı məsləhətləri və tövsiyyələri ilə dövlətin idarə olunmasında yaxından iştirak etmişdir. Buna görə də, ərinin böyük etibarını qazanmış Möminə xatını Şəmsəddin Eldəniz ən yaxın silahdaşı kimi ölkənin müxtəlif yerlərinə səyahətləri zamanı özü ilə aparmış, bütün məsələlərin, xüsusilə dövlət əhəmiyyətli məsələlərin həllində onun fikir, tövsiyyə və məsləhətlərini həmişə dinləmiş və qərar verərkən nəzərə almışdır.
Şəmsəddin Eldəniz bütün ömrü boyu Möminə xatının tövsiyə və məsləhətlərini nəzərə aldığı üçün heç bir vaxt saray intriqalarına, fitnə-fəsadlara, saray daxılı çəkişmələrə uymamış, bütün məsələlərin həllində obyektiv mövqe tutmuşdur. Atabəylər dövlətinin təşəkkül və çiçəklənmə dövründə, başqa sözlə desək Möminə xatının vəfatınadək bu vəziyyət beləcə davam etmiş, Möminə xatın dövlətin siyasi həyatında fəal rol oynamışdır. O, ağlı və bacarığı sayəsində məqsədyönlü manevrlər edərək sarayda yaranan ziddiyyətləri vaxtında aradan qaldıra bilmişdi. O, hətta 1161-ci ildə İraq sultanlığında hakimiyyətə keçmiş Sultan II Toğruldan olan oğlu Arslanşahla əri Şəmsəddin Eldəniz arasında yaranan ziddiyyətləri aradan qaldıra və onlar arasında normal münasibətlərin yaranmasına nail ola bilmişdi.
Ağıllı, diplomatik və məqsədyönlü gedişləri ilə Möminə xatın oğlu sultan Arslanşahla Azərbaycan atabəyi Şəmsəddin Eldəniz arasındakı ziddiyətləri aradan qaldırmışdı. Nəticədə Arslanşahla atalığı arasında münasibətlərin normal məcraya düşmüşdü. Bununla da, Möminə xatın oğlu ilə əri arasında baş verə biləcək qarşıdurmaların, xoşagəlməz hadisələrin, hətta reallaşacaq müharibələrin qarşısını almışdı. Beləliklə, bu cür ağıllı, tədbirli və cəsarətli manevrləri sayəsində Möminə xatın Şəmsəddin Eldənizin hakimiyyətinin möhkəmlənməsinə və bütün sultanlığın gerçək sahibinə çevrilməsinə nail olmuşdu. Oğlu Arslanşah isə fəaliyyəti dövlət başçısı rolunun formal icrası ilə məhdudlaşdırılmış şəxsə çevrilmişdi. Heç təsadüfi deyildir ki, Möminə xatının sağlığı dövründə Azərbaycan Atabəyləri dövləti yarandığı zamandan 1160-cı ilədək uğurlu təşəkkül, 1161-ci ildən sonra isə çiçəklənmə dövrü keçirmiş, yüksək səviyyədə inkişaf etmişdi
Möminə xatın saray əhli arasında olduğu kimi, xalq arasında da böyük hörmət və nüfuz qazanmışdı. Bu isə onun daima xalqla bir yerdə olması, əhalinin taleyüklü məsələləri, vəziyyəti, problemləri ilə yaxından maraqlanması nəticəsində ədə olunmuşdur. Məlumdur ki, Möminə xatının yaşadığı XII əsr Azərbaycanda elmin, təhsilin və mədəniyyətin intibahı dövrü olmuşdur. Möminə xatın məhz belə bir dövrdə ölkədə elmin, maarifin və mədəniyyətin inkişafına da diqqət və qayğı göstərmişdir.
Möminə xatın 1175-ci ilin oktyabr ayında vəfat etmişdir. Adına əlavə olunan və türk xalqlarında hökmdar arvadlarına, xüsusilə xaqanların həyat yoldaşlarına verilən “xatın” tituluna əsasən deyə bilərik ki, vəfat edərkən o, təxminən 75 yaşında olmuşdur. Çünki, “xatın” titulu türk xalqlarında 55-75 yaşlı qadınlara müraciət forması olmuşdur. Ölümündən sonra Naxçıvan şəhərində dəfn olunan Möminə xatının qəbri üzərində daim ona yüksək hörmət və ehtiramla yanaşan əri Atabəy Şəmsəddin Eldəniz əzəmətli türbə ucaldılması haqqında əmr vermişdir. Ancaq, Şəmsəddin Eldəniz özü də Möminə xatının ölümündən bir ay sonra dünyasını dəyişdiyi üçün, türbə atasını hakimiyyətdə əvəz edən Atabəy Məhəmməd Cahan Pəhləvan tərəfindən inşa etdirilmişdir. Üzərindəki kitabənin məlumatından aydın olur ki, türbənin inşası hicri-qəməri təqvimi ilə 582-ci ilin məhərrəm ayında (miladi ilə, 24.03-23.04.1186-cı ildə) başa çatdırılmışdır. Sağlığında öz şəxsiyyətində birləşdirdiyi müsbət və nadir keyfiyyətlərinə görə, bütün ömrü boyu Naxçıvanda yaşayan və vəfat etdikdən sonra orada da torpağa tapşırılan Möminə xatının qəbri üzərində inşa edilən, özündə Azərbaycan türk qadınının incələyini, vüqarını, zəkasını, əzəmətini və digər müsbət keyfiyyətlərini əks etdirən türbənin əsas kitabəsində onun adı “dünyanın və dinin şöhrəti, islamın və müsəlmanların sərəfi” kimi epitetlər ilə müşayiət olunmuşdur.
Sadalanan faktlar göstərir ki, Möminə xatın ölkənin birinci xanımı olmaq etibarilə Azərbaycan Atabəyləri dövləti kimi nəhəng bir dövlətin ictimai-siyasi və mədəni həyatında, hətta dövlətin idarə olunmasında fəal iştirak edən, yüksək nüfuz və hörmət sahibi bir şəxsiyyət olmuşdur. Bunu nəzərə alaraq vəfatından sonra onun xatirəsinə qəbiri üzərində çox möhtəşəm bir türbə ucaldılmışdır. Türbə 1186-cı ildən bəri, 839 ildir ki, təbii qüvvələrin təsirinə mətanətlə sinə gərərək Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalır, seyr edənləri öz əzəməti və gözəlliyi ilə heyran edir, qəlblərini fərəh hissi ilə doldurur. Ona görə də, müsəlman Şərqində qadının - ananın şərəfinə ucaldılan ilk abidələrdən biri olan Möminə xatın türbəsinin ömrünü daha da uzatmaq, gələcək nəsillərə ərməğan etmək üçün əsaslı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var idi. Bu baxımdan türbənin bərpası və konservasiyası haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam vaxtında qəbul olunmuş mühüm dövlət sənədi kimi böyük əhəmiyyətə malikdir. Buna görə də, dövlət başçısının Möminə xatın türbəsi ilə əıaqədar imzaladığı bu sərəncam Naxçıvan Muxtar Respublikası, geniş mənada Azərbaycan əhalisi, xüsusilə ziyalılar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır. Dövlət başçısının Möminə xatın türbəsinə diqqət və qayğısının parlaq ifadəsi olan bu sərəncam Azərbaycan ərazisində indiyədək gəlib çatan tarix və mədəniyyət abidələrinin, bütövlökdə çox zəngin mədəni irsimizin yüksək dövlət qayğısı ilə əhatə olunmasının parlaq ifadəsidir. Buna görə də, cənab Prezidentə minnətdarlığımızı bildirir, genişmiqyaslı fəaliyyətində ona yeni-yeni uğurlar arzulayırıq.
HACIFƏXRƏDDİN SƏFƏRLİ,
AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru