Bu torpaqlarda artıq separatizm yox, sabitlik hökmrandır
Bu günlərdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü həm simvolik, həm də strateji baxımdan son dərəcə əlamətdar bir hadisədir. Bu, Azərbaycanın regiondakı mövqeyinin gücləndiyini, suverenliyinin tam bərpa olunduğunu və beynəlxalq aləmdə artan nüfuzunu aydın şəkildə nümayiş etdirir.
Əvvəla, Xankəndi kimi Azərbaycanın yenidən nəzarətini bərpa etdiyi bir şəhərdə belə mötəbər beynəlxalq tədbirin təşkili ölkəmizin postmünaqişə dövründəki uğurlu dövlət quruculuğu və reinteqrasiya siyasətinin birbaşa nəticəsidir. Bu, eyni zamanda, dünya ictimaiyyətinə və xüsusilə də ECO-ya üzv dövlətlərə bir mesajdır: Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, regionda sabitlik və əməkdaşlıq mühitini formalaşdırmaqda qətiyyətlidir.
Prezident İlham Əliyevin 17-ci Zirvə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın qlobal və regional səviyyədə təşəbbüskar, dayanıqlı inkişaf strategiyasına malik bir ölkə olduğunu vurğulamaqla yanaşı, həm də ECO çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini ön plana çıxardı. O, Azərbaycanın enerji, nəqliyyat-tranzit, ticarət və bərpaolunan enerji sahələrindəki potensialını üzv ölkələrlə bölüşməyə hazır olduğunu ifadə etdi. Bu, eco ölkələri arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.
Zirvə görüşü zamanı üzv dövlətlərin qarşılıqlı maraqlara əsaslanan inteqrasiyaya çağırış etmələri isə qlobal çağırışlar fonunda iqtisadi əməkdaşlığın daha çevik və səmərəli modelinin formalaşdırılması zərurətini ortaya qoyur. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu tədbir, təşkilatın gələcək fəaliyyətində Bakı-Xankəndi platformasının güclənəcəyini və Azərbaycanın rolunun daha da artacağını göstərir. ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi təkcə təşkilati və diplomatik uğur deyil, eyni zamanda, son dərəcə ciddi geosiyasi və simvolik siyasi məna daşıyır. Bu hadisə Azərbaycanın 2020-ci il Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri nəticəsində bərpa etdiyi suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının və qəbul olunmasının bariz nümunəsidir.
İlk növbədə, Xankəndi uzun illər separatizmin mərkəzi olmuş bir şəhərdən bu gün beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət başçılarının toplandığı beynəlxalq əməkdaşlıq və dialoq mərkəzinə çevrilib. Bu, Azərbaycanın həyata keçirdiyi reinteqrasiya siyasətinin uğurlu nəticəsi olmaqla yanaşı, ölkəmizin sülh gündəminə sadiqliyinin və güclü idarəçilik qabiliyyətinin təzahürüdür. Xankəndidə Zirvə görüşünün təşkili xüsusilə Ermənistanın və bəzi dairələrin hələ də manipulyasiya etməyə çalışdığı “status” məsələsinin artıq tam bağlandığını sübut edir. Bu görüş faktiki olaraq bütün ECO ölkələrinin – yəni 400 milyondan çox əhalisi olan, böyük iqtisadi və geosiyasi potensiala malik bir regionun – Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Xankəndinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etdiyini təsdiqlədi. Bundan əlavə, tədbirin məhz Xankəndidə təşkili Azərbaycan rəhbərliyinin beynəlxalq ictimaiyyətə ünvanladığı açıq mesajdır: Bu torpaqlarda artıq müharibə, separatizm, qarşıdurma yox, inkişaf, sülh və əməkdaşlıq hökmrandır. Azərbaycan bu bölgəni qapalı zona deyil, beynəlxalq tədbirlərin və iqtisadi təşəbbüslərin keçirildiyi açıq və təhlükəsiz məkan kimi təqdim edir.
Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı zamanı Xankəndidə və Qarabağın digər şəhərlərində aparılan bərpa işləri, reinteqrasiya siyasəti, mina təhlükəsinə baxmayaraq həyata keçirilən sürətli layihələr barədə verdiyi mesajlar, həm də Azərbaycanın postmünaqişə dövründəki strateji baxışını göstərir. O cümlədən bu Zirvə görüşü vasitəsilə Azərbaycan islahatçı və təşəbbüskar liderlik mövqeyini bir daha təsdiqlədi. Əgər Qarabağ uzun illər boyu regionda gərginliyin və qeyri-sabitliyin mərkəzi hesab olunurdusa, bu gün Azərbaycanın sülhə əsaslanan inkişaf və reinteqrasiya siyasəti nəticəsində Avrasiya dialoqunun və beynəlxalq əməkdaşlığın mühüm platformasına çevrilməkdədir. Bu dəyişikliyin arxasında duran əsas səbəb isə Azərbaycanın tarixi ədaləti bərpa etməsi, yəni, Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymasıdır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra dövlətimizin əsas milli hədəflərindən biri Qərbi Azərbaycandan, yəni, indiki Ermənistan ərazisindən zorla qovulmuş soydaşlarımızın dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışını təmin etməkdir. Bu ideya Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və artıq siyasi konsepsiya səviyyəsinə çatdırılıb. 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yenidən təşkil olunması və Qayıdış Konsepsiyasının hazırlanması, bu prosesi institusional və hüquqi çərçivəyə salıb. İcmanın sənədlərinin BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda təqdim olunması isə bu məsələyə beynəlxalq legitimlik qazandırmaq istiqamətində mühüm addımdır.
Bu gün Azərbaycan dövlətinin məqsədi tarixi ədalətsizliyi aradan qaldırmaq və soydaşlarımızın qayıdış hüququnu sülh, beynəlxalq hüquq və ədalət prinsipləri əsasında təmin etməkdir. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündəki çıxışında bildirib ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir: “Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk”.
Beləliklə, Azərbaycan bu gün həm Qarabağda, həm də Qərbi Azərbaycana qayıdış məsələsində hüquqa, ədalətə və tarixi gerçəyə əsaslanan qətiyyətli siyasət həyata keçirir. İşğaldan azad olunmuş torpaqlarda quruculuq, bərpa və reinteqrasiya prosesi böyük vüsət alıb, soydaşlarımızın ləyaqətli şəkildə yurdlarına qayıdışı təmin edilir. Bütün bunların fonunda Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul olunduğunu və ölkəmizin regionda sülhün, əməkdaşlığın və inkişafın əsas təşəbbüskarına çevrildiyini bir daha təsdiqlədi. Göründüyü kimi, xalqın iradəsi, dövlətin gücü və liderliyin uzaqgörənliyi ilə Azərbaycan regionda sabitlik, təhlükəsizlik və rifahın dayanıqlı dayağına çevrilməkdədir.
Nigar Orucova, “İki sahil”