09 iyul 2025 08:42
123

Çexiya Aİ-də ən aşağı işsizlik səviyyəsinə malik ölkələr sırasındadır

Cari ilin iyun ayında Çexiya Respublikasında işsizlik səviyyəsi 4,2 faiz təşkil edib ki, bu da may ayında qeydə alınmış göstərici ilə üst-üstə düşüb.

“İki sahil” Çexiyanın Məşğulluq Departamentinə istinadla xəbər verir ki, ötən ayın sonunda ölkədə 315 465 nəfər işsiz qeydə alınıb ki, bu da may ayı ilə müqayisədə 595 nəfər azdır. Vakansiyaların sayı isə 2 264 artaraq təxminən 98 700 olub. İllik müqayisədə işsizlərin payı 0,6 faiz bəndi artıb. İyun ayında işsizlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 42 800 nəfər çox olub.

“Çexiya Respublikası Avropa İttifaqında ən aşağı işsizlik səviyyəsinə malik ölkələrdən biridir. Statistika göstərir ki, mövsümi işçilərin cəlb olunmasına baxmayaraq, işsizlik kifayət qədər aşağı səviyyədə qalır, eyni zamanda şirkətlərin təklif etdiyi vakansiyaların sayı artır. Artıq bir neçə aydır ki, həm ölkə üzrə ümumilikdə, həm də ayrı-ayrı regionlarda əmək bazarında müşahidə etdiyimiz vəziyyət sabit olaraq qalır”, – deyə Məşğulluq Departamentinin baş direktoru Daniel Kriştof jurnalistlərə bildirib.

Ötən ay ən aşağı işsizlik səviyyəsi ənənəvi olaraq Praqada qeydə alınıb (3,2%). Ən yüksək işsizlik isə yenə də Ustetski diyarında müşahidə olunub (6,5%). “Avrostat”ın məlumatına görə, may ayında Avropa İttifaqında ən aşağı işsizlik Malta və Çexiyada, ən yüksək isə İspaniya və Finlandiyada qeydə alınıb.