11 oktyabr 2025 14:33
145

Estoniyanın xarici işlər naziri: NATO-nun son reaksiyası siyasi həmrəyliyi və hərbi hazırlığı nümayiş etdirib

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna NATO-nun Rusiyaya məxsus döyüş təyyarələrinin ölkəsinin hava məkanını pozmasına verdiyi reaksiyanı yüksək qiymətləndirib, lakin Moskvanın bu kimi təxribatları davam etdirəcəyini istisna etməyib.

“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, nazir Rusiyanın məqsədinin təkcə Estoniyanı deyil, bütövlükdə NATO-nun birliyini və Trans-Atlantik həmrəyliyi sınağa çəkmək olduğunu bildirib. “Əminəm ki, Rusiya bu təxribatları davam etdirəcək. Burada məsələ Estoniya deyil, NATO-nun birliyinin və imkanlarımızın sınanmasıdır”, – deyə M.Tsaxna vurğulayıb.

O qeyd edib ki, Alyansın son reaksiyası siyasi həmrəyliyi və hərbi hazırlığı nümayiş etdirib. Estoniya, Latviya və Litva NATO-nun Baltikyanı ölkələrdəki hava müşahidə missiyasının faktiki hava müdafiə əməliyyatına çevrilməsini təklif ediblər.

M.Tsaxna, həmçinin Almaniya hökumətinin təhlükəsizlik sahəsində artan rolunu və Kansler Fridrix Mertsin liderliyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Almaniyanın müdafiə xərclərinin artması Avropada yeni dinamika yaradıb. Nazir, eyni zamanda, Almaniya Kanslerinin dondurulmuş rus aktivlərinin Ukraynanın silahlandırılması məqsədilə istifadəsinə dair təşəbbüsünü dəstəklədiyini bildirib.

Xatırladaq ki, ötən ay Rusiyanın üç döyüş təyyarəsi təxminən 12 dəqiqə müddətində Estoniyanın hava məkanına daxil olub. Tallin hökuməti bu səbəbdən BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını və NATO Müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələrin keçirilməsini tələb edib. NATO Rusiyanı sərhəd pozuntularını təkrarlayacağı təqdirdə, zor tətbiq edəcəyi barədə xəbərdarlıq bəyanatı yayıb.