KÖŞƏ

Yeganə Əliyeva

Separatçılara “Lapşin dərsi”

13 fevral 2017 14:37
729

Uzun müddətdir ermənilərlə separat əlaqələrdə olan və yazıları ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, ölkəmizin ünvanına şər-böhtan yağdıran bloqqer Aleksandr Lapşinin qandallanaraq Bakıya gətirilməsi gündəmin əsas müzakirə mövzusudur. Azərbaycan hökumətinin böyük siyasi uğuru kimi qiymətləndirilən bu məsələ hətta ölkə hüdudlarından kənarda da ciddi rezonans doğurub. Səbəb ermənipərəst bloqqerin təkcə Dağlıq Qarabağa dəfələrlə qanunsuz səfərlər etməsi və Azərbaycanın əleyhinə yazdıqları yazılarla məşhur olması deyil, üç ölkənin vətəndaşlığını daşıması da bu işdə az rol oynamır. Görünür, elə buna görədir ki, Azərbaycan hökumətinin fitnəkar bloqqerin ekstradisiyası ilə bağlı həyata keçirdiyi tədbirlərin uğurla nəticələnməsinə görə ictimaiyyətin bütün təbəqələrindən müsbət reaksiyalar gəlməkdə davam edir.

Aleksandr Lapşinin “İnterpol” xətti ilə həbs edilərək Azərbaycana ekstradisiya olunması Dağlıq Qarabağa qanunsuz səfər etmiş və ya belə səfərlərə hazırlaşan şəxslər üçün əməlli-başlı dərsdir.  Məsələ burasındadır ki, Lapşin üçüncü dəfə Dağlıq Qarabağa qanunsuz səfər edib və hər səfərində yazdığı məqalələrdə Azərbaycan əleyhinə, separatçılığı dəstəkləyən ifadələrdən istifadə edib. O, hətta yazılarının birində “Dağlıq Qarabağda səfərdə oldum, daha sonra Bakıya getdim, yenə də gedəcəm və mənə heç nə edə bilməyəcəklər” deyirdi. O, Dağlıq Qarabağın “müstəqil dövlət” olduğunu yazır və bu ideyanı populyarlaşdırmağa çalışırdı...

Dövlətimizin beynəlxalq hüquq normaları ilə tanınan sərhədlərini pozan, separatçılığı təbliğ etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalına haqq qazandırmağa çalışan bloqqer Lapşin indi  Bakıda dəmir barmaqlıqlar arasındadır. Bu dəfə Azərbaycan onu mühakimə edəcək, özü də qondarma iddialarla yox, beynəlxalq hüquqa söykənən gerçək ittihamlarla.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinin ölkəmiz üçün bir neçə mühüm üstünlüyü var. Onun sözlərinə görə, birinci üstünlük ondan ibarətdir ki, Lapşinin həbs edilməsi işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər etmək niyyətində olan şəxsləri bu yoldan çəkindirəcək: “Rusiyalı bloqqerin İnterpol vasitəsilə axtarışa verilməsi və onun həbs olunaraq  Azərbaycana təhvil verilməsi həm də Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin böyük siyasi qələbəsidir.  Bu hadisə daha sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yeni dönəmin başlanğıcıdır. Çünki Lapşinin Bakıda keçiriləcək məhkəməsi bütün dünyanın, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in, Rusiya, Fransa və ABŞ kimi iri dövlətlərin diqqət mərkəzində olacaq. Bu məhkəmənin gedişində bir daha sübut olunacaq ki, Lapşinin timsalında Dağlıq Qarabağa qanunsuz səfər etmiş xarici vətəndaşlar beynəlxalq hüquq normalarını pozduqları üçün cinayət məsuliyyəti daşıyırlar. Ona görə də bundan sonra heç kəs Dağlıq Qarabağa səfər etmək istəməyəcək, ya da Azərbaycandan rəsmi qaydada razılıq almaqla səfərlərini reallaşdıra biləcəklər. Bununla da Azərbaycan tərəfi Dağlıq Qarabağa səfər edənlərə birdəfəlik nümayiş etdirmək istəyir ki, işğal edilmiş ərazilərə gediş-gəliş onunla koordinasiya edilməlidir”.

Separatçılığı təbliğ edən bloqqerin həbs edilərək Bakıya ekstradisiya olunması məhz bu üstünlüklərinə görə Azərbaycan diplomatiyasının böyük uğuru kimi dəyərləndirilir.