Vəli İlyasov |
1918 -ci ilin əvvəllərində sonradan “Sentrokaspi” hökumətinə çevrilən Bakı kommunasının başçısı Stepan Şaumyan üzvü olduğu və gizli əlaqələr saxladığı “Daşnaksütyun” partiyası ilə birgə Azərbaycan xalqına qarşı soyqırımı planı hazırladılar. Bu vəhşi və məkrli planı həyata keçirməklə onlar Ermənistan dövləti yaratmaq üçün Azərbaycanı zəiflətmək, öz iradələrini diktə etmək məqsədi güdürdülər. Erməni ideoloqları “Azərbaycanlılarsız Ermənistan yaratmaq” kimi mənfur ideya həyata keçirməyə çalışırdılar.
I Dünya müharibəsində məğlub olmuş çar ordusunun erməni hərbçiləri fərarilik edərək yaxın ölkələrə qaçırdılar. Dezertirlərin böyük bir qrupu silahlarını təhvil verməyib özləri ilə məqsədli şəkildə Bakıya gətirərək Stepan Şaumyanın dəstələrinə qoşulurdular. Bakı kommunasının 12 minlik qoşunlarının şəxsi heyətinin 70 faizdən çoxu ermənilərdən ibarət idi. Onlardan başqa “Daşnaksütyun”un 4 min nəfərlik təpədən-dırnağadək silahlandırılmış hərbi hissələri Bakı Sovetinin qoşunlarına qatılmışdı. Stepan Şaumyan Lenindən Bakıda güc tətbiq etmək barədə razılıq da almışdı. Yaxşı silahlandırılmış birləşmiş erməni hərbi dəstələri siqnal verilən kimi şəhərin məhəllələrinə hücum edərək günahsız əhalini qırmağa hazır vəziyyətə gətirilmişdilər.
Bakının o zamankı sakinlərinin dediklərinə görə, guya şəhərdə patrul xidməti aparan bir dəstə silahlı erməni “Beşmərtəbə” adlanan ərazidəki küçələrdən birindən keçərkən kişilərin öz evlərinin həyətində oturub söhbət etdiklərini görürlər. Erməni quldurlarından biri onların üstünə qışqırır ki, küçədə oturmasınlar, durub evlərinə girsinlər. Lakin kişilərdən biri: “Sən kimsən ki, bizi öz evimizin qabağından qovursan”deyir. Bəhanə axtaran erməni qulduru silahı çəkərək kişini güllələyib öldürür. Həmin güllənin səsinə “Kubinka”da və başqa məhəllələrdə də atəş səsləri qarışır və qanlı qırğın başlayır.
Dörd gün davam edən qırğın zamanı şəhərdə qaniçən ermənilər hətta uşaqlara, qadınlara, qocalara, xəstələrə belə aman vermirdilər. İnsanlıq simasını tamamilə itirmiş cəlladlar özlərini insan qəssabı kimi apararaq hər cür dəhşətli işgəncə növündən istifadə edirdilər. Onlar tükürpədici cinayətlərin izini itirmək və ya sayını azaltmaq məqsədilə öldürdükləri adamların meyidlərini xəndəklərdə basdırır, quyulara qoldurur, dənizə atırdılar. Ona görə də ilk dövrdə soyqırımına məruz qalanların sayının dəqiqləşdirilməsi mümkün olmadı. Bakıdakı erməni kilsəsinin keşişi Gevorq o zaman həyasızlıqla bildirirdi ki, Bakıda cəmi 1000 nəfər öldürülüb ki, bunun 300 nəfəri ermənidir. Belə çıxırdı ki, iki tərəf arasında döyüşlər olub və ermənilər bir qədər çox qırıblar. Ancaq bu, qətiyyən belə olmamışdı, ermənilər silahsız azərbaycanlıları birtərəfli qaydada qırmış və əsl soyqırımına məruz qoymuşdular.
Ermənilərin nəşr etdirdikləri “Aşxadavor” qəzetinin 2 noyabr 1919-cu il tarixli nömrəsində yazılmışdı ki, Azərbaycandakı qırğınlarda 131 970 nəfər yerli sakin öldürülüb. Əsl həqiqəti də bu fakt düzgün əks etdirirdi, çünki o qədər geniş qətliamın miqyası qəzetdə yazılan qədər olardı.
Ancaq silahlı Bakı qoçuları öz dəstələri ilə camaatın müdafiəsi zamanı ermənilərə layiqli müqavimət göstərərək onlara ağır zərbələr vurmuşdular. Əgər onlar müdafiə təşkil etməsəydilər Bakıda qırğının miqyası daha böyük olardı. Hacı Zeynalabdin Tağıyev və bir çox Bakı neftxudaları isə vuruşanları silah və ərzaqla təmin edir, onları döyüşə ruhlandırırdılar. Ancaq milyonçu Mantaşev vandal ermənilərə dəstək verirdi.
Hazırlanmış qırğın planı Azərbaycanın bölgələrində də işə salınmışdı. Qubada, Şamaxıda, Lənkəranda, Qarabağda, Gəncədə, Göyçədə, Zəngəzurda və digər bölgələrdə erməni silahlı dəstələri polkovnik Hamazasp Şrvantsyanın, general Dronun, bədnam general Andronikin başçılığı altında misli görünməmiş qətliamlar törədirdilər. Azğınlaşmış ermənilər Şamaxıda hətta qaçıb məsciddə canlarını qurtarmağa çalışan insanları Allahın evi ilə qarışıq yandırmaqdan belə çəkinməmişdilər. Quba istiqamətində insanları rəhmsizliklə qırıb-çatan, kəndləri yandırıb külə döndərən briqada komandiri Hamazasp demişdi ki, o heç də qayda-qanun yaratmağa deyil, ermənilərin qisasını almağa gəlib. O, özünü erməni xalqının qəhrəmanı kimi qələmə verirdi. Qeyd edək ki, sonradan Sovet hökumətinin başçılarından biri olmuş Anastas Mikoyan Hamazaspın komandir olduğu briqadanın komissarı kimi qırğınlarda fəal iştirak etmişdi.
Yaxın illərə qədər yaşayan Şabran rayonunun sakini Cahan Qurbanəli qızı Misirxanova söyləyirdi ki, həmin qırğınlar zamanı ata-anası və qohumları cəlladların zülmündən xilas olmaq üçün rayonun uzaq dağ kəndi olan Nohurlara pənah aparıblar. Orada dağın zirvəsində uyuyan ulu babaları Şeyx Əzizəddin pirinin yaxınlığında bir neçə ay məskunlaşıblar. Şabrandan qaça bilməyənlər Hamazaspın cəza dəstəsinin əlinə keçmişdilər. Cəlladlar qadınları və uşaqları xüsusi amansızlıqla güllələmiş və ya qılıncdan keçirib doğramışdılar. Cahan ana söyləyirdi ki, ermənilər bir neçə ailəni son nəfərinə qədər öldürərək nəsillərini kəsmişdilər. Bir ailənin isə 17 üzvünün hamısını nizələməklə, xəncərlə doğramaqla və güllələməklə qətlə yetirmişdilər.
Sonra Qubaya hücum edən cəza dəstəsi yüzlərlə qubalını böyük bir dərəyə toplayaraq onları diri-diri basdırmışlar. Bu vəhşiliyin üstü yalnız bir neçə il bundan əvvəl açılıb. İndi həmin yerdə yaradılmış soyqırımı qurbanlarının tarixi memorial muzeyi həmin qətliamı əyani surətdə bütün dünyaya nümayiş etdirir.
Erməni dəstələri təkcə azərbaycanlıları deyil, burada yüz illərlə yaşayan ləzgiləri, tatları, yəhudiləri də amansızlıqla qırırdılar. Ona görə ki, onlar müdafiədə azərbaycanlılarla birgə idilər. Bir sözlə, ermənilər faşizmi faşistlərin özlərindən xeyli əvvəl həyata keçirmişdilər.
Lakin hər şey onların planlaşdırdıqları kimi qurtarmadı. 1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikası yaradıldı. Respublikanın rəhbərləri Türkiyə Cümhuriyyətindən kömək istədi və Nuru Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu erməni-bolçevik-daşnak hərbi birləşmələrini darmadağın edərək pərən-pərən saldı.