KÖŞƏ

Taleh Bağırov

AXCP-nin “sirli” maxinasiyaları

06 fevral 2019 10:36
3727

Özünü Azərbaycanın ana müxalifəti adlandıran AXCP-də siyasi mübarizə adı altında şəxsi mənafeyinə çalışan, müxtəlif oyunlarla xarici havadarlarından maliyyə yığan Əli Kərimlinin bu əməllərini sübut edən daha bir maxinasiyası üzə çıxıb. Düzdür, AXCP sədri Əli Kərimlinin gizli mənbələrdən, bir sıra hallarda isə anti-Azərbaycan, ermənipərəst dairələrdən maliyyə dəstəyi aldığı heç kəsə sirr deyil və bununla bağlı faktlar əsasında mətbuatda dəfələrlə məqalələr dərc olunub. Rəsmi olaraq heç bir yerdə işləməyən AXCP sədrinin uzun illərdir dəbdəbəli həyat tərzi sürməsi, bahalı ev və avtomobilləri, Türkel adlı övladının Londonda təhsil alması, eyni zamanda onun, xaricdəki bahalı məkanlarda təşkil etdiyi kef məclisləri maxinasiya hesabına əldə olunan dəbdəbəli həyat tərzinin ən bariz nümunələridir. 25 ildir heç bir siyasi uğura yaxınlaşa belə bilməyən partiya sədrinin bu qədər pula sahiblənməsi ona başqa yollarla maliyyə axınının olmasına kifayət qədər əsas yaradır.

Əli Kərimliyə kənardan maliyyə yardımı ilə bağlı budəfəki sübutlar daha ciddidir. Partiya sədrinə qarşı olan ittihamlar Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə səsləndirilib. Belə ki, Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun cinayət işi üzrə keçirilən məhkəmə prosesində xaricdən AXCP-yə axıdılan pullar barədə çoxlu faktlar ortaya qoyulub. 

Məhkəmədə şahid qismində dindirilən Heydər Əhmədov ifadəsində göstərib ki, 2016-cı ilin dekabr ayından ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olub. 2017-ci ilin may ayında Rusiyada yaşayan Aslan adlı yeznəsi ona 37 min ABŞ dollarına yaxın pul göndərərək Vidadi Rüstəmli adlı şəxsə çatdırmasını xahiş edib. Bu məbləğin verilməsindən sonra AXCP üzvü olan Vidadi Rüstəmli onunla “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla Rusiyadan göndərilən müəyyən məbləğdə pulu mütəmadi olaraq alıb.

Digər şahid Ceyhun Hüseynov da Rusiya vətəndaşı olan Salman adlı şəxsin göstərişinə əsasən Vidadi Rüstəmliyə pul verdiyini etiraf edib.  Bir ildən artıq müddət ərzində ayda bir dəfə olmaqla o, V.Rüstəmliyə 4-5 min ABŞ dolları məbləğində pul verib. Bu xidmətin qarşılığında isə özü ayda 500 ABŞ dolları qazanıb. Bu aylıqlardan əlavə olaraq V.Rüstəmliyə ara-sıra daha çox məbləğlərdə də pul göndərilib. Öz ifadəsində təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pul aldığını etiraf edib.

Göründüyü kimi, bunlar məhkəmədə verilən ifadələrin cüzi bir hissəsi olmaqla AXCP-yə xaricdən gələn maliyyənin ən bariz nümunəsidir.