KÖŞƏ

Sevinc Mürvətqızı

Ermənistanın dövlət vəsaiti Paşinyanın ailə büdcəsi kimi...

25 dekabr 2019 13:45
2953

İŞĞALÇI ÖLKƏDƏ POPULİZM VƏ DEMAQOGİYA
PƏRDƏSİ ALTINDA KORRUPSİYANIN YENİ FORMASI  

İşğalçı Ermənistanın  ağır sosial durumu fonunda  ölkənin baş naziri Nikol Paşinyanın vaxtaşırı özünə və ailəsinə lüks həyatı, dəbdəbəni  rəva görməsi erməni cəmiyyətində böyük narazılıq və hiddət yaradır. Bununla bağlı zaman-zaman işğalçı ölkənin mətbuatında siyasi şərhçilər, analitiklər kəskin tənqidi çıxışlar edərək və sərt açıqlamalar verərək hökumət rəhbərini əvvəlki korrupsioner sələflərinin yolu ilə getməkdə ittiham edirlər.

Erməni politoloq Andranik Tevanyanın bugünlərdə işğalçı dövlətin  mediasında yer alan kəskin ironik açıqlaması əslində həm də bütün erməni cəmiyyətinin fikrini ifadə edir: “Nikol Paşinyan bütün şəxsi ehtiyaclarını dövlət büdcəsi hesabına ödəyir: dövlət büdcəsinə ailə büdcəsi kimi yanaşır. Bir insan “Ermənistan mənim evimdir, xalq  mənim ailəmdir” şüarını rəhbər tutursa, demək olar ki, bu elə “ dövlət mənəm” deməkdir, beləliklə nəticədə evin büdcəsi onun şəxsi büdcəsinə çevrilir. O dövlət büdcəsini deyəsən öz şəxsi ailə büdcəsi hesab edir. Axı Paşinyanın yanaşmasına görə xalq ailə deməkdir və beləliklə, o bu anlayışa söykənərək özünün də bütövlükdə xalq olduğunu düşünür. Nəticədə biz mütləq demaqogiya ilə qarşı-qarşıya qalırıq. Paşinyan qeyd edir ki, bu yaxınlarda lüks təmir edilmiş dəbdəbəli hökumət evi onun öz evi deyil, baş nazirin və xalqın mülkü olduğu üçün restavrasiya edilib. O, deyəsən özünü ömürlük baş nazir təsəvvür edir. Tarixdən məlumdur ki, böyük cinayətlər həmişə xalqın adından istifadə edilərək törədilir”- deyə  şərhçi vurğulayıb.

A.Tevanyan Ermənistanın baş nazirini dövlətin vəsaitini həyasızcasına talamaqda ittiham edib: “Baş nazir korrupsiyanın yolverilməz olduğunu bildirir və fikrimcə, Nikol Paşinyan bu mənada “səmimi”dir. Ona heç korrupsiya ilə məşğul olmaq lazım da deyil, o dövlət büdcəsini açıq şəkildə talamaqdadır. Ortalıqda korrupsiya faktı olmadığı görünsə də, “Ermənistan mənim evimdir” deyərək o, öz “işini görür”. Axı onun məntiqi ilə evin büdcəsi onun şəxsi büdcəsinə çevrilir. Paşinyanın siyasəti - özünün və ailəsinin ehtiyacını dövlət büdcəsi hesabına təmin etməkdir. Madam ki, baş nazir dövlət büdcəsini ailə büdcəsi hesab edir, deməli oğurlamır, elə deyilmi? Axı ailə büdcəsində oğurluq olmur... Ancaq böyük planda baxdıqda biz Paşinyanın da elə özündən əvvəlki korrupsioner sələflərinin yolu ilə addımladığını görürük. Ancaq onlardan fərqli olaraq daha riyakarcasına”.

Analitik Paşinyanı verdiyi vədləri yerinə yetirməməkdə və populizmdə ittiham edərək xalqı aldatdığını bildirib: “Paşinyan meydanlara çıxanda populist texnologiyasından istifadə edərək əhalinin müxtəlif təbəqələrindən divident almaq üçün lüks həyatı, rüşvətxor oliqarxları tənqid edirdi. Buna görə də hakimiyyətə gəlməyə müvəffəq oldu. Çünki rəsmi rəqəmlərə görə, əhalisinin üçdə birindən çoxu son dərəcə yoxsul olan bir ölkədə belə populizm texnologiyaları asanlıqla tətbiq olunur və işə yarayır.  Əgər Nikol Paşinyanın əvəzinə başqa bir məmur eyni şeyi etsəydi, ictimaiyyət buna o qədər də əhəmiyyət verməzdi, çünki “anti-oliqarxik” ifadələrini səsləndirən Paşinyan idi və cəmiyyət indi ona əvvəllər söylədiyi bütün sözləri dönə-dönə xatırlatmağa məcbur olur. Ancaq nə fayda? Paşinyanın və ailəsinin başı lüks həyata elə qarışıb ki, səfil vəziyyətdə yaşayan Ermənistanı da, onun problemlərini də unudub”.

Xatırladaq ki, bir müddət öncə də Paşinyanın həyat yoldaşı Anna Akopyan paytaxtdan 150 kilometrlik məsafədə yerləşən bir tədbirə helikopterlə getdiyi üçün işğalçı ölkənin mətbuatında kəskin tənqid hədəfinə çevrilmiş, sözügedən ailə dövlət büdcəsini talamaqda və israfçılıqda ittiham edilmişdi.

Görünən budur ki, işğalçı Ermənistanı bundan sonra da xoş günlər gözləmir. Nə qədər ki, oradakı  korrupsioner  rejimdə  işğalçılıq siyasətini davam etdirən, sərsəm və populist bəyanatlar verən cinayətkar “siyasi” fiqurlar  bir-birini əvəz edəcək, Ermənistan problemlərin girdabında çapalamağa davam edəcək...

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?