KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistanın yeni riyakarlığı: işğal hara, İnsan Hüquqları Şurası hara?

10 iyul 2019 10:21
3014

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan öz ölkəsinin təcavüzkar və işğalçı siyasətini “demokratiya” pərdəsi ilə ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. Xüsusilə, o, son vaxtlarda xarici ölkələrdəki çıxışlarında bu detal üzərində daha çox var-gəl edir. Hətta “məxməri inqilab”dan sonra nazir vəzifəsinə gətirilmiş Zöhrab Mnatsakanyan Ermənistanda baş verənləri - yoxsulluğu və işsizliyi, sosial şəraitin ağırlaşmasını, iqtisadiyyatın çökməsini, miqrasiyanın səviyyəsinin artmasını, korrupsiyanın tüğyan etməsini, insan haqlarına məhəl qoyulmamasını “demokratiyaya keçid edən Ermənistan üçün təbii hal” kimi dəyərləndirməyə cəhd göstərir.

Nə qədər qəribə olsa da belə bir vəziyyətdə olan Ermənistan cari ilin payızında BMT-nin İnsan Hüquqları Şurasına seçilmək niyyətindədir. Hətta xarici işlər naziri Zöhrab Mnatsakanyan bu günlərdə belə bir təşəbbüslə də çıxış edib. Axı, belə bir ölkə BMT-nin bu mötəbər qurumunda necə təmsil oluna bilər? Siyasətçilərin fikrincə, Ermənistanın demokratiyadan danışmasının heç bir məntiqi izahı yoxdur. Xarici işlər nazirinin bu cəhdi isə öz-özünü aldatmaqdan, yalanlar uydurub beynəlxalq aləmi çaşdırmaqdan başqa bir şey deyil. Bu mənada Mnatsakanyanın addımları perspektivsiz və mənasız bir cəhddir.

Ekspert Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistanın İnsan Hüquqları Şurasına üzv seçilməsi üçün bu beynəlxalq təşkilatın nəzdində formalaşmış erməni lobbisi xeyli vaxtdır ki,  fəallıq göstərir: “Onu da qeyd edək ki, bu şura (UNHPC) 15 mart 2006-cı ildə yaradılıb. Şura son 60 ildə fəaliyyət göstərən İnsan Haqları Komissiyasını (UNCHR) əvəz edib. UNCHR-in prosedur qaydaları UNHPC üçün də keçərlidir. Şura insan haqları ilə bağlı məsələləri müzakirə edir və insan haqlarının daha geniş sahələrdə təmin olunmasına çalışır”.

Müsahibimiz, həmçinin bildirdi ki, nədənsə  bu məsələdə Ermənistanda insan haqlarının, ifadə azadlığının vəziyyətinin nə yerdə olduğu diqqətə alınmır: “Halbuki Ermənistanda insan haqları ilə bağlı ciddi problemlər yaşanır. Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini  işğal edib. Bu işğalın nəticəsi olaraq, Azərbaycan dövlətinin ərazi bütövlüyü kobud şəkildə pozularaq Dağlıq Qarabağın və ətraf rayonların əhalisinin yaşamaq hüququ əlindən alınıb. Bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizlənməsini həyata keçirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini rədd edib. Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların sənədlərində Ermənistanın beynəlxalq hüququ pozan dövlət olması faktlarla dəfələrlə təsbit olunub. Üstəlik, müxtəlif vaxtlarda Ermənistanda insan haqlarının pozulması, seçki məsələsində, demokratiyanın inkişafı sahəsində problemlərin olması qeyd edilib. Azərbaycanın haqlı tələblərinə, təcavüzkarlıq faktını dünyanın qətiyyətlə pisləməsinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirir.

Məhz bu kimi səbəblərə görə bir dövlətin nümayəndəsinin belə bir mötəbər quruma üzv seçilməsi qəbuledilməzdir. Güman edirəm ki,  Azərbaycan Ermənistanla bağlı bütün neqativ məsələləri bir daha gündəmə gətirməklə bunun qarşısını ala bilər. Digər tərəfdən, qeyd etdiyimiz faktlar Ermənistan kimi bir dövlətin beynəlxalq insan haqları təşkilatlarında hər hansı bir mövqe tutmasına əsla imkan vermir.

 Bu yerdə bir məsələyə də toxunmaq istərdim. Bu günlərdə, daha doğrusu, iyulun 7-də Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin iclasında bizim diplomatların səyləri nəticəsində Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın ərazi bütövlüyü və bu dövlətlərin sərhədlərinin toxunulmazlığı növbəti dəfə dəstəklənib. Şübhəsiz, bu, Azərbaycanın da uğurudur”.

Müsahibimiz daha sonra qeyd etdi ki, əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğunda maraqlıdırsa, o zaman işğalçı ölkə silahlı qüvvələrini ərazilərimizdən çıxarmalı və didərgin salınmış məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına mane olmamalıdır: “Yalnız bundan sonra Ermənistanın xarici işlər naziri demokratiyadan və insan haqlarından danışa, yaxud da bununla bağlı hansısa qurumda təmsil oluna bilər”.