KÖŞƏ

Zahid Rza

Faşizmin Paşinyansayaq qəhrəmanlaşdırılması

12 may 2020 16:37
3459

Və yaxud cinsinə tüpürdüyüm cinsinə çəkər...

Bu günlərdə  işğalçı Ermənistanın “demokrat” cildinə girmiş, nasist xislətli baş naziri Nikol Paşinyanın babasının İkinci Dünya müharibəsi zamanı  alman faşistlərinə xidmət etdiyi üzə çıxıb. Baş nazir sosial şəbəkələrdə paylaşdığı foto ilə ifşa olunub. Necə deyərlər, çoxbilmiş quş dimdiyindən tora düşdüyü kimi, Ermənistanın diletant rəhbəri də özü-özünü yanar tonqala atıb. Babasının fotosunu paylaşan N.Paşinyan belə yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib.”

Bundan sonra Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqqında “obd-memorial.ru” saytında axtarış edən “iravunk.com” saytı N.Paşinyanın babası ilə bağlı məlumatları əldə edib. Bəlli olub ki, baş nazirin babası Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib. “Obd-memorial.ru”nun məlumatlarına əsasən, məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib. Sayt, həmçinin onunla bağlı  alman qeydiyyat sənədini də dərc edib. Beləliklə də avantürist N.Paşinyanın faşistlərlə əməkdaşlıq edən babasını qəhrəmanlaşdırmaq cəhdləri alınmayıb və əks-effekt verib.

Əslində faşizmin qəhrəmanlaşdırılması təcavüzkar Ermənistanda dövlət siyasətinə çevrilib. Bu gün Hitler Almaniyasının SS generalı Njde Qareginin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi, heykəl qoyulması, adlarına küçələrin, meydanların verilməsi Ermənistan rejiminin faşist xislətinin əyani təsdiqidir.

Ermənistanın əksinə olaraq, bu gün bütün  dünyada strateji sabitliyə töhfə verən Azərbaycan dövləti, şəxsən  Prezident İlham Əliyev postsovet məkanında nasizmin qəhrəmanlaşdırılması ilə mübarizədə böyük rol oynayır. Təsadüfi deyil ki, bu yaxınlarda Rusiya Federasiyasında “Böyük Vətən müharibəsində ümumi Qələbəmiz” mövzusunda keçirilən onlayn konfransın iştirakçıları bildiriblər  ki, Azərbaycan Böyük Vətən müharibəsində Qələbəyə çox böyük töhfə verməklə yanaşı, bu gün də İkinci Dünya müharibəsinin tarixinin yenidən yazılması cəhdləri, eləcə də nasizmin qəhrəmanlaşdırılması cəhdləri ilə bağlı məsələlərdə tamamilə dəqiq və birmənalı mövqe tutur.

Prezident İlham Əliyevin Rusiyada və beynəlxalq səviyyədə rəsmi dövlət qurumları, diplomatlar, siyasi, hərbi ekspertlər, tədqiqatçılar və digər mütəxəssislərdən ibarət geniş auditoriyaya malik olan Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının may buraxılışında    dərc olunan müsahibəsində ölkəmizin başçısı bildirib ki, bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik: “Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Qeyd etmək istərdim ki, bu məsələdə həm Rusiyanın, həm də Azərbaycanın mövqeləri tamamilə eynidir. Biz Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırıq. Bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər”.

 Gerçəkdən də bu gün MDB məkanında, xüsusilə də işğalçı Ermənistanda İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması, faşizmin qəhrəmanlaşdırılması hallarına rast gəlinir. Məsələn, Ermənistanın əvvəlki hakimiyyəti İrəvanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş, “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur” deyən 1942-ci ildə Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edən Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyub. Təsadüfi deyil ki, keçmiş SSRİ respublikalarından olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu  nasist hərəkətlərinə qarşı dəfələrlə qəti etirazını bildirib.

Bundan başqa, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublika Partiyası üçüncü Reyx ilə əməkdaşlıq etməsi barədə məlumat olan millətçi təmayüllü Qaregin Njde kimi heç də birmənalı olmayan siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.” Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” Ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” nəşrinin 6-cı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyat fəaliyyəti” sərlövhəli məqalədə deyilir: “Dromedar” abverqrup-114 haqqında agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı tapıb və həbs ediblər. O, Böyük Vətən müharibəsi dövründə Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə çatdırılmasında iştirak edib. SMERŞ əməkdaşları 17 təxribatçını tutub, qalanlar barəsində axtarış elan ediblər”. SMERŞ tərəfindən həbs edilən Njde 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Faşistlərin əlaltısı olan Njde Avropanın yəhudi əhalisinə qarşı Holokostda da iştirak edib.”

Prezident İlham Əliyev 2019-cu il oktyabr ayında Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın yeni hakimiyyətini İrəvanda nasist ideologiyasının tərəfdarı Qaregin Njdenin abidəsinin sökülməməsinə görə sərt şəkildə qınamışdı. Xüsusilə qeyd edilməlidir ki. Zirvə görüşündə  Böyük Qələbənin yubileyinə hazırlıq məsələləri müzakirə olunarkən ölkəmizin başçısının Rusiya Federasiyasının ərazisində, məsələn Krasnodar vilayətinin Armavir şəhərində də cinayətkar, faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi vurulması ilə bağlı fikirləri kütləvi informasiya vasitələrində öz əksini tapmış, geniş müzakirələrə səbəb olmuş, bundan sonra həmin lövhə sökülmüşdü. Belə ki, əvvəlcə Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov Njdeyə quraşdırılan xatirə lövhəsinin üstünə qara boya çəkmiş, yerli sakinlər xatirə lövhəsinin yığışdırılması ilə bağlı məsələ qaldırmışdılar.

İşğalçı Ermənistanın rəhbərlərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində, xüsusilə də Xocalıda törətdikləri cinayətlərə, eləcə də Üçüncü Reyxlə əməkdaşlıq etmiş kollaborasionistlərin qəhrəmanlaşdırılması ilə bağlı hərəkətlərinə diqqət edəndə Carlz Darvinin genetika, irsiyyət və dəyişkənlik hadisələri ilə əlaqədər “Növlərin mənşəyi” əsərini və “müvəqqəti pangenezis fərziyyəsi”ni xatırlamamaq olmur. Həmçinin istər-istəməz qardaş Türkiyə türklərinin bir ata sözü də  burada yada düşür : “Qətranı qaynatsan olurmu şəkər, cinsinə tüpürdüyüm cinsinə çəkər.”

Zahid Rza, “İki sahil”