KÖŞƏ

Elçin Zaman

Feodal düşüncəsi ilə yaşamaq özünüməhv sindromudur

23 aprel 2019 10:33
2406

Azərbaycanda müxalifətin dağıdıcılıq missiyası xalq tərəfindən birmənalı olaraq pislənilir. Məhz buna görədir ki, son 25-30 ildə AXCP-nin və Müsavatın sosial bazası sürətlə əriyib və bu gün həmin təşkilatların partiya rəhbərlərindən və bir neçə funksionerindən başqa elə ciddi qüvvəsi də yoxdur.

Əslində, bu partiyaların kağız üzərindəki mövcudluğu əli kərimlilərə və isa qəmbərlərə ona görə lazımdır ki, xarici qrantları asanlıqla alıb asanlıqla da xərcləyə bilsinlər. Bütün hallarda dağıdıcı müxalifətin siyasi davranışları hələ də feodal düşüncəsi təsiri bağışlayır. Dövlət, millət və Vətən məfhumlarını şəxsi mənafelərinə qurban verən bu düşərgə mənsubları nəinki bəşəriliklərini, hətta milliliklərini də itiriblər.

Bu arada bir məsələni də qeyd etmək lazımdır. Parisdə Notr-Dam kilsəsinin yanmasından sonra Fransa vətəndaşları (hakimiyyət və müxalifət də daxil olmaqla) birləşərək qısa müddətdə sözügedən kilsənin bərpası üçün milyard avrodan çox vəsait topladılar. Ancaq bu ayın əvvəlində Bakıda böyük bir ticarət mərkəzi olan “Diqlas”ın yanmasından sonra dağıdıcı müxalifət nəinki o insanlara yardım çağırışı etdi, əksinə sahibkarları dövlətə qarşı qaldırmağa cəhd göstərdi.

Təbii ki, sahibkarlar dağıdıcıların ləyaqətsiz çağırışlarına nəinki fikir verdilər, hətta onları siyasi təxribatla məşğul olmaqda qınadılar. Burada yenə də humanist addım dövlət başçısı tərəfindən atıldı. Prezident İlham Əliyev yanğından zərərçəkənlərə maddi yardım kimi 3 milyon manat ayırdı. Cənab Prezident bununla  bir daha  göstərdi ki, sahibkarlar sahibsiz deyil və dövlət hər zaman onların yanındadır.

Bu bir həqiqətdir ki, dağıdıcı müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli və onun inhisarında olan qondarma  “Milli Şura” xarici maliyyyə vəsaitləri hesabına dövlətimizə və onun milli mənafelərinə qarşı zərərli addımlarını bu gün də davam etdirirlər. Məhz bu dağıdıcı siyasi təşkilatların fəaliyyəti və xarakteri imkan vermir ki, onlar ciddi sosial baza toplamaqla seçkilərdə müsbət nəticələrə nail olsunlar.

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çıxıb. Yəni bu partiyalar demokratiyadan dəm vursalar da əslində, burada azlığın çoxluq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 19 ildir ki, AXCP sədridir. Bu 19 ildə  onun ideologiyasında, siyasi texnologiyalarında, cəmiyyətə sivil baxışlarında   heç proqressiv dəyişiklik yoxdur. Eyni zamanda, bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bir neçə seçkidə məğlub olan partiya sədri dərhal istefa verərək ya siyasətdən, ya da ki partiya rəhbərliyindən uzaqlaşır.

Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla  çıxış etmək gücündə də deyillər. Sanki onların  vəzifələri sadəcə,  hakimiyyətə böhtan atmaq, cəmiyyətdə gedən prosesləri tənqid və təhdid etməkdir. Təbii ki, belə siyasətbazların fəaliyyətinin bir gün dalana dirənməsi gözlənilən idi. İndi dağıdıcı düşərgə elə bir iflas mərhələsinə çatıb ki, onları, necə deyərlər,  heç fələk də qurtara bilməz. Hətta xaricdən aldıqları çirkli pullar da bu antimilliləri xilas etmək gücündə deyil.

Qeyd edək ki, ötən ildən məhkəmə prosesi başlayan Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun hər ay Rusiyadan Əli Kərimliyə külli miqdarda pul göndərməsi faktı öz təsdiqini tapıb. Faktla bağlı həbs olunanlar və şahidlər ifadələrində bildiriblər ki, Əli Kərimli bu pulları ölkədə mitinqlər keçirmək, siyasi sabitliyi pozmaq üçün alırmış.

Bütün hallarda Azərbaycan dövləti  və onun mövcud hakimiyyəti güclüdür və Əli Kərimlinin, onun anti-Azərbaycan dairəsinin çirkli maliyyəsi ancaq stəkanda fırtına effekti yarada bilər. Ona görə ki, ölkədə xalq-iqtidar birliyi  mövcuddur və bu amil dağıdıcılara ən ağır zərbədir.