KÖŞƏ

Sevinc Mürvətqızı

İsa Qəmbər ənənəvi ampluasında

03 fevral 2017 22:55
2437

İsa Qəmbər ənənəvi ampluasında: Sıxılmış limon, şişməyən şar

Mütəmadi olaraq Qərb dairələrindən sifariş alaraq milli dövlətçilik maraqlarımızın əleyhinə çıxış edən, özünü müxalifətin “anası” adlandıran Müsavatın sabiq başqanı İsa Qəmbər barədə ictimai rəydə kifayət qədər məlumatlar mövcuddur. Lazım olanda gah “milli demokrat”, gah “qərbpərəst”, gah da digər şaxələrə bölünərək şəxsi mənfəətini güdən İ.Qəmbərin adı çəkiləndə hər kəsin gözü önündə riyakarlıq portreti canlanır. Bu dəfə də görünür, xarici qüvvələrdən kalan pul alaraq 2018-ci ili “Müsavat ili” elan edib. Ona sual vermək istərdim ki, ay İsa Qəmbər, Müsavat varmı ki, onun ilini də elan edirsən? Üç, beş başıpapaqlı adamın var idisə, onlar da sənin quraşdırdığın saxta seçkinin qurbanı oldular və sənin sərsəm oyunlarından usanıb partiyadan istefa verdilər. Bu gün ətrafında qalan bir qisim isə bu və ya digər şəkildə sənin Azərbaycan dövlətini satıb onun müqabilində əldə etdiyin gəlirlərindən faydalanaraq, Müsavatçıyam deyib qərargahda başlarını girləyirlər.

Sirr deyil ki, siyasi səhnədə aşkar şəkildə həyasızlıq nümayiş etdirərək qalmağa cəhdlər göstərən İ.Qəmbər özünə “milli strateji mərkəz” adı altında qurum yaradaraq hələ də müxalifəti parçalamaq missiyasını davam etdirir. Xəmiri satqınçılıq, xəyanətkarlıq, riyakarlıqdan yoğrulan bir insandan bundan artıq nə gözləmək olar?! Əlbəttə ki, yalnız satqınlıq. Elə də uzağa getməyərək, yaxın tarixə nəzər salsaq görərik ki, “İctimai Palata” yaradılanda İsa Qəmbər digər partiyaların- ADP və Ümid partiyalarının orada təmsil olunmasına imkan verməmişdi. Ərəb inqilabları başlayanda da eyforiyaya qapılaraq icazəsiz aksiyaların keçirilməsi təşəbbüsü də məhz bu siyasi dələduzdan gəlmişdi. 2013-cü il prezident seçkilərindən sonra isə İsa Qəmbər “Milli Şura”nı dağıdaraq, müxalifət daxilində yeni qarşıdurma yaratdı. Bu prosesdə də hər zaman mehriban düşmən olanlar, yəni AXCP ilə Müsavat qarşıdurmasının yeni səhifəsi açılmış oldu. Qarşılıqlı ittihamlar o qədər ağır oldu ki, indi tərəflərin hər hansı formada bir arada olması müşkül məsələ kimi görünür. Bunu o vaxtlar AXCP Ali Məclisinin mərhum sədri Həsən Kərimov da təsdiqləmişdi.

Göründüyü kimi, İsa Qəmbərin “parçala, hökmranlıq et!” siyasəti müxalif cəbhədə nəticəsini versə də, onun ikinci arzusu, müxalifətin “anası” olmaq istəyi hələ də ürəyində qalıb. Onu da qeyd etmək yerinə düşər ki, İsa Qəmbərin partiya daxilində avtoritar addımlar atdığı haqqında da çox deyilib, çox yazılıb. Belə ki, Müsavatın sabiq başqanı partiya fəallarının narazılığına baxmayaraq, ümumi maraqlara ziddi qərarlar verir. Onu yalnız Qərb dairələrindən aldığı və bundan sonrakı dövrdə alacağı pullar maraqlandırır. Bu, danılmaz faktdır. Ancaq Qəmbərov İsanın vaxtı olsa çönüb bir arxaya baxsın ki, milli maraqlarını şəxsi mənafeyi bahasına satanların aqibətləri heç də yaxşı başa çatmır.

Bu yerdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun fikirlərini xatırlatmaq doğru olardı. S.Novruzov söyləyib ki, İsa Qəmbər sıxılmış bir limondur: “İstəyir üzə çıxsın, heç nə alınmır. Xaricdəki havadarları İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir”. Göründüyü kimi, bu iki cümlədə onun “siyasi portreti” bütün çılpaqlığı ilə ortaya qoyulub. Gerisi qalır İsa Qəmbərin özünə. Bəlkə nə vaxtsa vicdanı oyanar, etdiyi əməllərdən utanar.