KÖŞƏ

Sevinc Mürvətqızı

Sarkisyanın mənəvi ölümü...

17 mart 2017 15:34
315

“Əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan”

Bu gün inkişaf yolunu özünə prioritet seçən müstəqil Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi ona olan marağı daha da artırmaqdadır. Əlbəttə ki, bu, ölkəmizdə aparılan uğurlu siyasi və iqtisadi islahatların məntiqi nəticəsidir. Eyni zamanda dövlətimizin xarici siyasətinin kifayət qədər balanslı, çevik, tarazlaşdırılmış, çoxvektorlu olması da buna öz töhfəsini verir. Sevindirici haldır ki, dünyanın nəbzini tutmağı bacaran, regionda nüfuz mərkəzinə çevrilən Azərbaycan dünyanın ən güclüləri ilə eyni sırada dayanır, beynəlxalq arenada  öz sözünü deməyə müvəffəq olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya səfərinin timsalında bütün bunların bir daha şahidi olduq.

Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunan səfər yaddaqalan tarixi hadisə olmaqla yanaşı hər iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafında yeni mərhələ açdı desək, yanılmarıq. Prezident İlham Əliyev səfər çərçivəsində Fransanın aparıcı şirkətlərinin təmsilçiləri ilə bir sıra mühüm görüşlər keçirdi və iqtisadi sahədə əməkdaşlıqda çox böyük qarşılıqlı maraqların olduğunu ifadə etdi. Xüsusilə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq səfərin Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından da mühüm əhəmiyyət kəsb etdiyini görərik. Keçirilən görüşlərin bir çoxunda Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti, Serj Sarkisyanın yalanlara söykənən fikirləri növbəti dəfə fransız cəmiyyətinə çatdırıldı.

Parisdə belə mühüm görüşlərdən biri də Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüş oldu. Belə ki, görüş zamanı bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxışına toxunan Prezident İlham Əliyev Serj Sarkisyanın fikirlərinin Azərbaycanda gülüşlə qarşılandığını diqqətə çatdırdı: “Serj Sarkisyan investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan”.

Bəli, hər dəfə Prezident İlham Əliyev dəlillərə, sübutlara əsaslanan faktlar göstərərək işğalçı ölkənin rəhbərinin yalanlarını ifşa edir, onu gülünc vəziyyətə salır. Maraqlıdır,  görəsən innovasiyadan danışan Sarkisyan niyə sərsəmləməzdən əvvəl ölkəsinin imkanlarına baxmır? Özünü Azərbaycanla müqayisədə güclümü göstərməyə çalışır, ya Azərbaycan dövlətinin gücündən qorxuya düşərək konkret kütləyə hesablanan çıxışlarla yadda qalmağa çalışır?!

Prezident İlham Əliyev həmçinin erməni rəhbərliyinin yarıtmaz siyasətinin mahiyyətini də diqqətə çatdıraraq Ermənistanda hökm sürən iqtisadi vəziyyəti də nəzərə çatdırıb: “Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar”.

Görünən odur ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Dağlıq Qarabağın müstəqilliyi xülyası ilə yaşayan Ermənistanda vəziyyət günü-gündən çətinləşir, iqtisadiyyatı tənəzzülə uğrayır. Bunu biz deyil, statistik rəqəmlər göstərir. Hazırda Ermənistan iqtisadi cəhətdən geriləməkdə davam edərək MDB dövlətləri arasında son pillələrdə qərarlaşıb. Lakin hələ də reallıqla barışmaq istəməyən Ermənistan rəhbərliyi ölkəsini məhv olmağa sürükləməkdə davam edir, yalnız öz postunu qoruyub saxlamağa çalışır. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan boyun qaçıran Sarkisyan rejimi status-kvonu saxlamaqla destruktiv mövqe nümayiş etdirir, işğalçılıq siyasətini açıq şəkildə bəyan edir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən xarici şirkətlərlə bağlı mühüm məsələyə də toxunub: “Bəzi şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir”.

Bir sözlə, artıq dünya birliyi, güc mərkəzləri, xarici şirkətlər anlamalıdırlar ki, nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməyib, Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlayır onlarla əməkdaşlıq heç kimə başucalığı gətirməyəcək. Hansısa şirkətin separatçı bölgədə fəaliyyəti heç də arzuolunan deyil. Ermənistan da anlamalıdır ki, işğala son qoymayana qədər nə Fransa, nə Rusiya onları düşdükləri durumdan xilas edə bilər.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...