KÖŞƏ

Qvami Məhəbbətoğlu

Nikol Paşinyan hakimiyyətinin sonu yaxınlaşır

13 iyun 2019 10:47
2739

və yaxud hay-hayla gələn vay-vayla gedər

Baş nazır Nikol Paşinyanın yarıtmaz idarəçilik sistemi Ermənistanı xaosa sürükləməkdədir. Artıq işğalçı ölkədə ona qarşı etiraz aksiyaları keçirən vətəndaşların sayı artmaqdadır. Daha doğrusu, bir müddət əvvəl Nikol Paşinyanın tərəfdarları olmuş insanlar indi onun əleyhinə şüarlar səsləndirirlər. Narazı kütlə Nikol Paşinyan və onun komandasının istefaya getməsini tələb edir. Bütün bunlar isə o deməkdir ki, yalan vədlərlə hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın xalq arasındakı dayaqları getdikcə zəifləyir. Bu günlərdə İrəvanın bir neçə kilometrliyində yerləşən Abovyan şəhərində keçirilən mer seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mənim addımım” partiyasının namizədi Qriqor Qulyanın oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının dəstəklədiyi Vaaqn Gevorkyana məğlub olması da buna əyani sübutdur. Bu fakt bir daha göstərir ki, artıq Paşinyana etibar və inam əvvəlki kimi deyil. Halbuki  ötən ilin may ayında Ermənistanın baş naziri seçilən Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mənim addımım” partiyası iştirak etdiyi parlament və İrəvan meri uğrunda seçkilərdə qələbələr qazanmışdı.

Bir sözlə, vəd edilən inkişaf yoluna çıxa bilməyən erməni xalqı Nikol Paşinyandan əlini üzüb. Artıq xalq anlayır ki, Nikol Paşinyan yalnız qisas məqsədilə hakimiyyəti ələ keçirib.

Nikol Paşinyan isə müxtəlif manevrlər etməklə kütlə arasında yenə də öz əvvəlki mövqeyini qorumağa, özünü sığortalamağa çalışır. Odur ki, küçə demokratiyası ilə hakimiyyəti ələ almış Nikol Paşinyan ittihamlardan yayınmaq üçün diqqəti o qədər də əhəmiyyətli olmayan məsələlərə yönəltməyə cəhd edir. Məsələn, bu günlərdə onun sifarişi ilə Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan və kənd təsərrüfatı naziri Serqo Karapetyan dövlətə zərər vurmaqda ittiham olunublar. Qaqik Xaçatryan özünün, eləcə də  nazir həmkarının yerinə büdcəyə 2 milyon dollardan artıq vəsaiti geri qaytarmaqla bu məsələyə son qoyub.

Digər tərəfdən, daşnaklar və onları dəstəkləyən müxtəlif qruplar da hökumət əleyhinə itaətsizlik aksiyalarına başlayıblar. Baş nazirin  “islahatlarını” həzm edə bilməyənlər isə  istefaya üstünlük verirlər. Məsələn, bu yaxınlarda Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan,  ədliyyə naziri Artaek Zeynalyan vəzifələrindən istefa veriblər. Nikol Paşinyanla münasibətlərinin gərgin olduğu Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan da, necə deyərlər, yol üstədir. Belə ki, onun da istefası gözlənilir. Digər tərəfdən, işğal altındakı separatçı rejimin “qurumlarından” birinə rəhbərlik edən və baş nazirlə bağlı sərt açıqlamaları ilə diqqət mərkəzində olan Vitali Balasanyan da Nikol Paşinyanın göstərişi ilə tutduğu vəzifəsindən azad edilib. Onun da Robert Koçaryanı dəstəklədiyi söylənilir.

Politoloqların fikrincə, bütün bunlar mövcud hakimiyyətlə keçmiş hərbi xunta arasındakı çəkişmələrin getdikcə dərinləşməkdə olduğunu göstərir. Xüsusən də konstitusiya quruluşunu devirməkdə, külli miqdarda rüşvət almaqda ittiham olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan azadlığa çıxdıqdan sonra  Nikol Paşinyana qarşı aktiv fəaliyyətlər vəziyyəti daha da gərginləşdirib. Hətta  hazırda Robert Koçaryanın nüfuzunun günbəgün artdığı da iddia edilir. Deyilənlərə görə, son günlər Nikol Paşinyana qarşı mübarizə aparan “Adekvad” təşkilatını da  maliyyələşdirən elə Robert Koçaryandır. Qeyd edək ki, bir müddət əvvəl bu təşkilat Koçaryanın həbsinə, eləcə də Nikol Paşinyanın tərəfdarlarının məhkəmə binalarını tutmasına etiraz olaraq aksiya təşkil etməklə gündəmə gəlmişdi. Erməni mediası yazır ki, eks-prezident Robert Koçaryana yaxınlığı ilə seçilən bu hərəkatın lideri Artur Danielyan Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə də dəvət olunub. Odur ki, Nikol Paşinyan Robert Koçaryanı yenidən həbs etdirməklə ölkədə vəziyyəti yenidən öz xeyrinə dəyişmək niyyətindədir. Bütün bunlar isə Ermənistanı daha narahat günlərin gözlədiyini, rusiyalı tanınmış analitik Vitali Arkovun təbirincə desək, Nikol Paşinyan iqtidarının uzun sürməyəcəyini deməyə əsas verir.