Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Taleh Bağırov

Pandemiya dövründə problemli kreditlər azalıb

28 avqust 2020 16:46
2029

Dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası səbəbindən əksər ölkələrdə yaranan problemlər bir-birini əvəzləməkdə davam edir.  Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarına əsasən bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə vaxtı keçmiş kreditlərin ümumi payı artır. Məsələ ondadır ki, pandemiyanın təsiri üzündən yaranan sosial-iqtisadi çətinliklər səbəbindən hüquqi və fiziki şəxslər kreditlərini vaxtında və yaxud ümumən ödəyə bilmir ki, bu da problemli kreditlərin həcminin artmasına gətirib çıxarır.

Sevindirici haldır ki, aparılan təhlilərə əsasən Azərbaycanda həmin ölkələrdən fərqli olaraq, sözügedən kreditlərin çəkisində azalma müşahidə edilir. Konkret rəqəmlə desək, ilin əvvəlindən indiyə kimi ümumi kreditləşmədə vaxtı keçmiş kreditlərin payı 0,2 faiz azalıb. Əgər ilin əvvəlinə kreditləşmənin ümumi həcmi 15 milyard 298 milyon 200 min manat, vaxtı keçmiş kreditlər bunun 8,3 faizini təşkil edirdisə, iyul ayının sonuna kreditləşmənin ümumi həcmi 15 milyard 146 milyon 800 min manat, vaxtı keçmiş kreditlərin həcmi 8,1 faiz həcmində olub. Digər tərəfdən, ümumi kredit portfelinin 12 milyard 57,2 milyon manatı və ya 82,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği isə 1 milyard 65,5 milyon manat olub və ümumi kredit portfelinin 7,3 faizini təşkil edib.

Yaranan azalmanı təqdirəlayiq hal kimi qiymətləndirən ekspertlər bunu  bir sıra səbəblərlə əlaqələndirirlər. Ekspertlərin fikrincə, problemli kreditlərin strukturuna fikir verdikdə aydın olur ki, məbləği böyük olan və real sektora yönəldilən kreditlərin həcmi xüsusi paya malik olub. Digər tərəfdən, bu il biznes kreditlərinə konkret güzəştlərin verilməsini nəzərdə tutan iqtisadi paket qəbul olundu. Biznes kreditləri üzrə 12 olan orta faiz dərəcəsinin 10 faizi dövlət tərəfindən subsidiya olundu. Bu da 1 milyard manatlıq kredit portfelini əhatə etdi. Sözügedən istiqamətdə 100 milyon manat vəsait ayrıldı.

Təbii ki, bunlar dövlət tərəfindən görülən tədbirlərin yalnız müəyyən hissəsidir. Buna baxmayaraq nəticə etibarilə problemli kreditlərin azalmasına müsbət təsir göstərdi. Yəni, həmin kreditlər artmadı, əksinə, azalmağa meyilləndi. Şübhəsiz ki, dövlət hər zaman problemli kreditləri diqqətdə saxlayaraq vətəndaşlara dəstək olmağa çalışır. Pandemiya dövründə problemli kreditlərin artmaması təqdirəlayiq və müsbət haldır. Çünki problemli kreditlərin artmaması həm vətəndaşlar, həm də dövlət üçün postpandemiya dövründə vacib şərtlərdən biridir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?