KÖŞƏ

Mənsumə Babayeva

Siyasi dönüklər

29 noyabr 2019 20:24
3173

Xalqı maddi çörəyə möhtac qoyan AXC-Müsavat” cütlüyü qəsbkarlıqla məşğul idi

Uzun illərdir hakimiyyət hərisliyi ilə yaşayan radikal düşərgə təmsilçiləri zaman-zaman ölkədə xaos, anarxiya yaratmaq, ölkəmizi vətəndaş qarşıdurmasına sürükləməklə öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Lakin Azərbaycan cəmiyyəti xaosçular, anarxistlərə öz yerlərini göstərirlər. Cəmiyyətin radikal düşərgəyə dəstək verməməsini şərtləndirən başlıca amillərdən biri bu qüvvələrin hakimiyyətdə olduğu bir ildə ölkəni uçuruma aparmalarıdır ki, xalq bir daha həmin ağrılı günləri yaşamaq istəmir. Azərbaycanın müstəqilliyinin ilk illərinin tarixə qara ləkə kimi yazılması adıçəkilən qüvvələrin fəaliyyəti ilə bağlıdır.

Bu günlərdə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş mərasimdə dövlətimizin başçısı İlham Əliyevin AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, onların idarəetmə prosesində yol verdiyi ciddi nöqsanlara diqqət çəkməsi də radikal siyasi düşərgə üçün növbəti sarsıdıcı zərbə oldu. Prezident İlham Əliyev çıxışında bir çox məqamlara toxunaraq bildirdi ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyinə qovuşub. Müstəqilliyimizin ilk illərində, yəni ulu öndər Heydər Əliyevin prezidentliyinə qədər olan dövrlərdə hakimiyyətdə olmuş üç rəhbərin üçü də hakimiyyəti qoyub qaçıb, bu tarixin bir reallığıdır. Çünki ulu öndər Heydər Əliyevə qədər olan dövrdəki rəhbərlərin heç biri Azərbaycan xalqını öz arxasınca apara və Azərbaycanın müstəqilliyinin qarantı ola bilməyib.

Azərbaycanın düşdüyü ağır vəziyyətdə hakimiyyət yükünü daşımalı olan yeganə şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. AXC-Müsavat cütlüyünün Azərbaycan müstəqilliyinın əsaslarına vurduğu zərbədən xilas etmək, ölkəmizin müstəqilliyini möhkəmləndirib, inkişaf etdirə bilmək üçün uzun illər lazım oldu. Qeyd olunduğu kimi, AXC-Müsavat cütlüyü cəmiyyətin lənətidir. Bunlar heç vaxt Azərbaycan xalqının iradəsini ifadə etməyib və bu gün də özlərini radikal müxalifət adlandıraraq heç də xalqın istəklərini reallaşdırmaq arzusunda deyillər. Onları düşündürən ancaq öz mənafeləri, şəxsi maraqları, xarici havadarlarının istəklərinin reallaşdırılması olub.

Prezident İlham Əliyev 1992-1993-cü illərdə ölkəmizin başına min bir bəla açan o xəyanətkarların həyata keçirdikləri siyasətdən bugünkü gənclərə bəhs edən dövlətimizin başçısı bildirdi ki, gənclər bilməlidirlər ki, bugünkü müasir Azərbaycan heç də asanlıqla qurulmayıb. Azərbaycan həmişə belə çiçəkənən, firəvan dövlət olmayıb.

Təkcə ona nəzər yetirsək görərik ki, xalqı maddi çətinliklər içində saxlayan, hətta çörəyə möhtac qoyan AXC-Müsavat” cütlüyü o vaxtlar qəsbkarlıq, quldurluqla məşğul olub. Hələ Xalq Cəbhəsi-Müsavat” cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Bunun qarşılığında isə hakimiyyətin nəzarətindəki əli silahlı quldurlar ölkədə, paytaxt Bakıda qeyri-qanuni hərəkətlərlə məşğul olurdular. Bütün bunları nəzərə alaraq, dövlətimizin, xalqımızın bu vəziyyətə düşməsində günahı olanları bugünkü müasir Azərbaycan gəncliyi görməli və onlara layiqli yerlərini göstərməlidirlər.

Təsadüfi deyil ki, hakimiyyətdə olduqları dövrdə xalqın malını talan edən bu şəxslər sonradan radikal müxalifət düşərgəsində olmaqla da eyni amala - maddi gəlir əldə etmək istəklərinə xidmət edirlər. Vaxtilə öz sədrinə xəyanət etmiş flüger Əli Kərimli də məhz bu səbəbdən Əbülfəz Elçibəyin vəfatına sevinmiş, ondan sonra partiyaya sahib olmaqla özünə gəlir mənbəyi yaratmışdır. Bu isə bir daha radikalların siyasi dönüklüyünü ortaya qoyur.

Bu gün Azərbaycan dünyada inkişaf etməkdə olan, dünyada söz sahibinə çevrilən bir ölkə olub. Hazırda Azərbaycan dünyanın enerji xəritəsində böyük rolu olan bir ölkəyə, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinə çevrilib. Azərbaycanın razılığı olmadan bölgədə heç bir iqtisadi və siyasi layihə həyata keçirilmir. Bu baxımdan Azərbaycanı müəyyən dairələr sevmir. Eyni zamanda, Azərbaycan heç bir ölkədən asılı olaraq siyasət yeritmir, tamamilə müstəqil siyasət yürüdür. Bu da Azərbaycanı sevməyən qüvvələrin xoşuna gəlmir. Onlar çalışırlar ki, hər hansı bir vasitə ilə Azərbaycanı özlərinin müstəmləkəsinə çevirsinlər. Bu mənada Azərbaycan gəncliyinin üzərinə böyük missiya düşür ki, hər zaman olduğu kimi, bundan sonra da ölkə Prezidentimizin ətrafında sıx birləşsinlər, dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında yumruğu bir nöqtəyə vursunlar.