Vəli İlyasov |
Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi indiki vaxtda Fransanın Ermənistana “qayğı” göstərməsi absurddur və qəbuledilməzdir.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın bir neçə gün əvvəl quldur dəstəsi ilə Fransaya səfər etməsi ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasına zidd olduğunu göstərdi. Bu və digər faktlar isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılması məsələsini aktuallaşdırır. Çünki münaqişənin həlli missiyasını öz üzərinə götürən ölkələrdən biri olan Fransanın Azərbaycan torpaqlarındakı separatçıları sərhəddən buraxması və onların rəsmi şəxs kimi qəbul edilməsinə şərait yaratması beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. Bako Saakyanın orada kimlərlə görüşməsi və nə barədə danışması önəmli olmasa da, həmsədr ölkədə separatçının qəbul olunması yolverilməzdir.
Bu ölkə münaqişənin əvvəlindən indiyədək ermənipərəst siyasət yürüdür. Fransa prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, heç olmasa üzdə tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.
Xatırladaq ki, Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. Bunun qarşısının alınması üçün Fransa təfəfindən heç bir tədbir görülmür. 10-dan artıq şəhər bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb. Özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyan da vaxtaşırı ianə toplamaq üçün Fransaya səfər edir.
Qeyd etmək lazımdır ki, bu ölkə Azərbaycan vətəndaşlarına qarşı ikili standartlara yol verir. Belə ki, bizim vətəndaşlarımız Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşirlər, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri isə Fransa ərazisinə maneəsiz buraxılırlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları isə Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla incidilirlər.
Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin “Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır” bəyanatı bəhanədir və məsuliyyətdən qaçmağa çalışmaqdır. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir. Ancaq aydın görünür ki, Fransa Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Digər tərəfdən, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına qadağa qoyulub.
Fransa təmsilçiləri Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Azərbaycan ilə əlaqələrinin inkişafına da maneə yaradır. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən halları qulaqardına vurur.
Bütün bunları görən Azərbaycan cəmiyyətində fikir formalaşıb ki, Fransa qərəzli və qeyri-obyektiv tərəf olduğu üçün Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə dair öhdəlik götürmüşdü. Lakin zaman göstərdi ki, bunlar yalançı vədlərdir.