KÖŞƏ

Nurəddin Muğanlı

Barıt qoxusu gələn Vətən torpağı

12 oktyabr 2020 18:00
3991

Erməni yalanı, riyakarlığı olan yerdə atəşkəs mümkündürmü?

2020-ci ilin  oktyabr ayının birinci  ongünlüyü arxada qaldı. Moskvada Rusiyanın iştirakı ilə əldə edilən humanitar atəşkəsdən bir gün belə keçməmiş erməni  faşistləri  müharibə bölgəsindən uzaq Gəncə, Mingəçevir, Beyləqan, Tərtər, Daşkəsən, Goranboy, Bərdə və sair rayonlarımızın dinc sakinlərini, infrastruktur obyektlərini ağır artilleriyadan, qadağan olunmuş uzaqmənzilli raketlərlə atəşə tutaraq yeni hərbi cinayət törədirlər. Erməni silahlı bölmələrinin  atəşkəs barədə razılaşmanı kobud şəkildə pozaraq  törətdiyi qətliam beynəlxalq konvensiyaların tələblərinə tamamıilə zidd olsa da,  BMT kimi  mötəbər  təşkilat  başda olmaqla  dünya  birliyi  hələ ki susur.  Dünənə kimi Azərbaycanın dövlət başcısına sülh və atəşi dayandırmaq  barədə  ardıcıl zəng edən  dövlət rəhbərləri  humanitar  rejim zamanı  Gəncə  şəhərinin mərkəzində  ermənilərin törətdiyi vandalizmə  göz  yumurlar. Bütün dünyada, eləcə  də MDB  məkanına daxil  olan dövlətlərin rəhbərləri  Ermənistanın  Azərbaycan  xalqına qarşı  son 30 ildə hansı mövqe tutduğunu  yaxşı bilirlər. Lakin nə onlar, nə də  beynəlxalq  ictimaiyyət Ermənistana təzyiq göstərirlər. Bu,  çoxlu  sual doğurur.  Görəsən 30 ildən çox  davam edən  münaqişə boyu  baş verən müharibədə və ya sülh danışıqlarında  qazanan və ya itirən hansı tərəflərdir?

Axı müharibə yalnız  döyüş meydanında getmir

Qədim Yunanstanın məşhur natiqi Demosfen müharibələri ədalətli və ədalətsiz olmaqla iki yerə ayırırdı. Demosfenə görə, “ədalətli müharibələr doğma vətəni yad tapdağından qorumağa xidmət edir, ədalətsiz müharibələr isə qarət etmək, gəlir əldə etmək məqsədilə aparılır.”

2016-cı ilin Aprel döyüşlərində, bu ilin  iyulunda Tovuz istiqamətində və   sentyabrın 27-də  düşmən təxribatının qarşısını  əks-həmlə ilə alan Azərbaycan Ordusu döyüş meydanında birmənalı şəkildə  üstünlük əldə edib. Çünki  Azərbaycanın Silahlı Qüvvələrinin  işğal olunmuş torpaqlarımız  uğrunda  ədalətli müharibə apardığı göz qabağındadır.  Lakin  Ermənistan  həmişə  məğlubiyyətin acısını dadanda Azərbaycana qarşı apardığı ədalətsiz müharibənin forma və metodlarını ağlagəlməz dərəcədə dəyişir. Dünya hələ elə bir müharibə tanımır ki, işğalçı ordu  qarşı tərəfin böyükdən-kiçiyədək son nəfərinə kimi hamısını məhv etmək niyyətini nümayiş etdirsin. Yaşayış yerlərini,  mədəni-tarixi abidələrini, qəbiristanlıqlarını, hətta təbiətini xarabazara çevirsin. 1992-ci ilin  fevralında Xocalıda, 2020-ci ilin  oktyabrında Gəncə şəhərində dinc əhaliyə qarşı törətdiyi  hərbi  cinayət faktları erməni faşizminin alman faşizmindən  daha qorxunc  olduğunu göstərir. Dünya Xocalı harayını eşitmədiyi kimi, Gəncə qətliamına ciddi reaksiya  vermir. Gəncə şəhərinin mərkəzinə atılan raket  Ermənistanın hərbi-siyası rəhbərliyinin düşünülmüş surətdə törətdiyi cinayət və soyqırımdır.

Cənubi Qafqazda sülh xəyalı gerçək ola bilərmi?

Daşnak törəmələrinin qanlı əməlləri qəddarlıq dərəcəsinə görə  bənzərsiz  olsa da, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması barədə status-kvonun uzun müddət davam etdirilməsinin birbaşa  xeyrini görən  ölkələr  də  var.  Elə götürək ATƏT-in  Minsk qrupunun  həmsədrliyində təmsil  olunan  üç ölkəni. Bunlardan biri - hərbi-müdafiə sahəsində Ermənistanla əməkdaşlıq edən Rusiyadır.  Görəsən  belə  bir ölkə Cənubi Qafqazda  sülhün  bərqərar olmasını  gerçəkdənmi istəyir?  Axı 115  il əvvəl  də  Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı-müsəlman əhaliyə qarşı müharibəyə qaldırdı. Üstəlik  bu gün biz  Rusiyada  mövcud kütləvi informasiya  vasitələrinin –xüsusilə  telekanalların  Azərbaycana qarşı əks - təbliğatının şahidi oluruq.   Eləcə də  Minsk  qrupunun həmsədrliyində təmsil olunan ABŞ-da və Fransada bu  ölkələrin  dövlət qurumlarına əhəmiyyətli təsirə malik olan erməni lobbisi mövcuddur. Minsk qrupunun strukturu və formatının dəyişdirilməsi həlli çoxdan çatmış, fəqət bilərəkdən  yubadılan ciddi məsələdir. Dövlət başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, “Biz, şəxsən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı.”  Bax, belə  olan təqdirdə  niyə  də  Azərbaycana  dost  olan  Türkiyənin  Cənubi Qafqazda  maraqları,  mövqeyi və sülhə verə biləcəyi töhfələr nəzərə alınmasın?!  Axı Qarabağ təkcə Azərbaycanın deyil,  eyni zamanda Türkiyənin də qanayan yarasıdır...

Paşinyanı əsla döyüş meydanında qalan erməni əsgərlərinin cəsədləri maraqlandırmır

İnsan özü də dünya içində  kiçik bir dünyadır. O – övladdır, ərdir, qardaşdır,  oğuldur.  Hümanitar  atəşkəs  dövrü başı “dabanını yaladıqları”  himayədarları tərəfindən sığallanan Ermənistan hakimiyyətini  döyüş  meydanında qalan  nə erməni əsgərlərinin cəsədləri,  nə də  onların valideynləri maraqlandırır. Bu acınacaqlı faktın  özü də  erməni faşizminin hətta  öz xalqının taleyinə  laqeydliyinin aşkar göstəricisidir. Dəfələrlə Kremlə, Parisə zənglər edən  erməni baş   nazir  istədiyinə “nail” olandan sonra qondarma  “Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda tərəf kimi təmsil olunmasına yönələn cəhdlərini  davam etdirməsi  həm siyasətçi adına, həm  erməni xalqının adına, həm də  insan adına  böyük ləkədir. Hələ ötən il Ermənistan müdafiə nazirinin müavini David Tonoyan  Azərbaycanla sülh qarşılığında "yeni ərazilər üçün yeni müharibələr" şüarı, Paşinyanın “Qarabağ Ermənistandır"  populist bəyanatı və yeddi şərti, qondarma “DQR” rəbərliyinin Şuşada  “andiçmə mərasimi” keçirməsi, nəhayət,  Azərbaycana qarşı hərbi təxribatlar münaqişənin yenidən alovlanmasına səbəb oldu. Milli Ordumuzun qarşısında  aciz qalan  erməni  faşistləri məkrli siyasət apararaq üçüncü tərəfi  müharibəyə cəlb etməyə səy edir ki, həmin tərəf onun maraqlarını müdafiə  etsin. Əgər  doğrudan da ermənilərə sülh lazım idisə,  onda niyə  Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin döyüş bölgəsinə gələn  maşınlarını atəşə tuturdular?  Xatırladaq ki,  ötən əsrin əvvəllərində də  ermənilər məğlubiyyət ərəfəsində  belə hiylələrə əl atıblar.  M. S. Ordubadi “Qanlı illər” əsərində yazır ki, daşnak erməniləri başladıqları müharibədə məğlub olduqlarını görüb avqustun 19-da erməni arximandriti və qubernator Baranovski məscidin həyətinə gəldilər. Arximandrit  müsəlmanlara yalvarmağa başladı: “Amandı müsəlmanlar, Şuşada ermənilər müqəssir olsalar da, daha erməni qalmadı. İndi bir ovuc əlsiz - ayaqsız erməni qalıbdır, onlara rəhm ediniz!” deyib, ağlaya-ağlaya sülh təklif etdi. Müsəlmanlar sülh sözünü eşidən kimi güllə atmağı dayandırıb sakit oldular. Ermənilər isə evə qayıdan qubernatoru atəşə tutdular.”

Bu gün  Gəncədə  və  başqa şəhərlərimizdə dinc əhalini atəşə tutan  erməni terrorçuları  əcdadlarının yolunu davam etdirirlər. Çox təəssüf ki,  bir neçə  ölkə istisna olmaqla,  dünya  mətbuatı  Azərbaycanda baş verən  hadisələri ermənipərəst mövqedən işıqlandırır...  Elə dünən  Parisdə  ermənilərin  Gəncə şəhərində qətlə yetirilən  uşaqların,  günahsız insanların  faciəsini bayram etməsi də onların faşist xislətinin  bariz nümunəsi idi. Onu da qeyd edək ki, humanitar atəşkəsdən  sonra Ermənistanın  növbəti hərbi təxribatları və  Gəncə  şəhərində dinc sakinlərə qarşı qətliamı  həm də bölgədə Rusiya diplomatiyasının nüfuzuna  sarsıdıcı  zərbədir.

 Azərbaycan  xalqı  ordumuzun düşmən üzərində qələbəsinə inanır 

Bu gün  Qarabağın azadlığı hər bir sıravi Azərbaycan vətəndaşının  qeyrət borcudur. Şir ürəkli oğullarımız  Vətən savaşı apardığı dövrdə  biz - arxa cəbhədə  olan insanlar  həm də  düşmənlə informasiya savaşında  ölkəmizin haqq  işini  dünyaya  çatdırmaq uğrunda çalışmalıyıq . Biz öz həmrəyliyimizlə  ruhu qələbəyə köklənən  igid əsgər və  zabitlərimizə   dəstək  olmalıyıq.  Qələbə bizim olacaq!  

Bu gün barıt qoxusu gələn Vətən torpaqlarımz sabah gül-çiçəyin  ətrinə bələnəcək!