Vəli İlyasov |
Son günlər Almaniyada Azərbaycan əleyhinə qarayaxma kampaniyasının aparılması barədə xəbərlər gəlməkdədir.
ATƏT-in Minsk qrupunun üzvü, həm də özünü demokratiyanın beşiyi kimi təqdim edən Almaniya Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmayaraq uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıb, haqq-ədaləti müdafiə etməyib. Bununla bərabər, işğalçı dövlətə qarşı Almaniya tərəfindən hər hansı konkret təzyiq və qınaq olmayıb. Qısaca desək, otuz il ərzində Almaniya Qarabağ həqiqətlərini qulaqardına vurub və bununla da Ermənistan işğalçı hərəkətlərinə mane olmağa təşəbbüs belə göstərməyib. Halbuki özünü müasir və demokratik adlandıran Almaniya ərazisinin 20 faizi işğal olunan və bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın pozulmuş hüquqlarının bərpasına kömək etməli, onun yanında olmalı idi. Təəssüf ki, belə olmadı. Almaniya tamam fərqli mövqe tutdu. Vətən müharibəsində Azərbaycanın qələbəsi ilə barışa bilməyən və ondan sonrakı dörd ay ərzində də mübhəm sükutunu pozmayan Almaniya mətbuatında son dövrlərdə Azərbaycana qarşı hücumlar baş alıb gedir.
Almaniya mətbuatında Azərbaycana qarşı hücumlar artıq qarayaxma kampaniyası mərhələsinə daxil olub, absurd və əsassız iddialar üzərində qurularaq silsilə xarakter alıb. Belə ki, Almaniya Federativ Respublikasının “İctimai Televiziyası”nda yayımlanan tok-şounun efirində aparıcı Markus Lanz Azərbaycanı Qarabağda aparılan əməliyyatlara görə qınayıb. Belə çıxır ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməməli idi. Ancaq səbəb bu deyil.
Əvvəla, məlum məsələdir ki, Almaniyanın özünün Cənubi Qafqazda maraqları var. Əsas məqsəd isə Cənubi Qafqazı öz təsiri altına salmaqdır. Bu, Almaniyanın siyasi hədəflərinin bilinən istiqamətləridir. Bizə yaxşı məlum olan digər bir tərəf də odur ki, erməni diasporu dünyanın müxtəlif ölkələrində olan media qurumlarını zəhərləyib ki, onlardan biri də məhz Almaniya mediasıdır. Həmçinin Almaniya tərəfindən Azərbaycana qarşı aparılan fəal kampaniya Almaniya mətbuatı ilə məhdudlaşmır. Belə ki, Gürcüstanda fəaliyyət göstərən Almaniya institutları da bu kampaniyaya qoşulublar. Bu azmış kimi, Almaniya Azərbaycanın NATO və Avropa İttifaqı ilə əlaqələrinə, Azərbaycanın NATO təlimlərində iştirakına mane olmağa çalışır.
Azərbaycan regionun siyasi, iqtisadi, hərbi cəhətdən güclü ölkəsidir və Avropanın enerji təminatında mühüm rol oynayır. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, bizim tərəfdaş olduğumuz layihələr qarşılıqlı maraq üzərində qurulub. Yəni, bu layihələrdə itirən, uduzan tərəf olmayacaq, hər kəs fayda, gəlir, qazanc əldə edəcək. Bu baxımdan da yaxşı olar ki, Almaniya belə bir etibarlı tərəfdaşla konstruktiv mövqe istiqamətindən siyasət yürütsün. Eyni zamanda, yaxşı olardı ki, Almaniya COVID-19-la mübarizədə demək olar ki, uduzması reallığını qəbul edib, bu durumdan çıxış yolları axtarsın, öz daxili məsələlərinə diqqət ayırsın. Onların ölkələrində tətbiq etdikləri irqçilik, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlük, zorakılıq, islamofobiya, türkofobiya, neofaşizm, etnik qətllər, korrupsiya və polis zorakılığı siyasətlərini dayandırmaları da ümumbəşəri problemlərin həllinə dəstək olardı.
Almaniyadakı ermənipərəstlər Azərbaycanla “güc dilində” danışmaqdansa, dedi-qodu yaymaqla ürək bulandırmaqdansa yaxşı olardı ki, dostluq və tərəfdaşlıqdan danışaydılar. Bu, daha yaxşı fayda verərdi, nəinki “xox” gəlməklə nəyəsə nail olmağa ümid etmək. Onlar gərək qonşuluqdakı Fransada “gözüçıxmış qardaşlar”dan ibrət götürəydilər. Onlar da ermənilərin fitvası ilə atılıb-düşdülər və sonda yerlərində oturmağa məcbur oldular. Ancaq buraxılan səhvləri düzəltmək hələ gec deyil. Başa düşmək və həzm etmək lazımdır ki, daha Azərbaycanla güc dilində danışmaq, ona “hindexox” deməklə məqsədə çatmaq mümkün deyil. Vaxtilə Karl Marksın dünyanın ən şərəfsiz milləti adlandırdığı, Adolf Hitlerin ciddi qəbul etmədiyi, rəzil və satqın hesab etdiyi erməniləri əzizləmək isə almanları yalnız nüfuzdan salar.