Vəli İlyasov |
Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra Qarabağa göndərdiyi və Azərbaycanın həbs etdiyi terrorçuların geri qaytarılması üçün Qərbdəki ermənipərəst dairələr vasitəsi ilə Bakıya təzyiq etməyə çalışır. Avropa Şurası Parlament Assambleyasının son sessiyasında məsələnin gündəmə gətirilməsi cəhdi də bu prosesin davamıdır.
Qeyd edək ki, Ermənistan nümayəndə heyətinin terrorçuların azad olunması ilə bağlı Azərbaycana qarşı kampaniya təşkil etmək cəhdi boşa çıxdı. Məlumdur ki, bu kampaniyanı bir neçə fransız deputatdan başqa dəstəkləyən olmadı. Müsyö deputatların mövqeyi bizə artıq gün kimi aydındır. Qarabağda erməni işğalını dəstəkləyən, 44 günlük müharibədə işğalçıya bütün vasitələrlə kömək etməyə çalışan Fransa müharibədən sonra da Azərbaycana qarşı təxribatların arxasında vurnuxur. Ancaq ermənilərin “böyük bacıları” bu dəfə heç bir işə yaramadılar.
Şantaj kampaniyasında diqqət çəkən əsas məqam AŞPA-da Azərbaycana qarşı erməni “şaykası”nın hökmran olmasıdır. Bu, təsadüfi deyil. Çünki bu qurumda özündə erməni lobbisini də birləşdirən Soros şəbəkəsi mövcuddur və bu şəbəkənin indiyə qədər AŞPA-nı Azərbaycana qarşı hücum poliqonuna çevirmək cəhdlərinin şahidi olmuşuq.
Erməni diasporu bu qurumun fəaliyyətinə uzun müddətdir ki, nəzarət edir. Azərbaycana qarşı qəbul olunan qərarların arxasında məhz erməni lobbisinin təmsil olunduğu Soros şəbəkəsi dayanır. 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini ifşa etməsi baş verənləri düzgün anlamağa imkan verir. Hesabatda AŞPA-dakı anti-Azərbaycan əməliyyatlarının 2012-ci ildən gücləndiyini və bu prosesi tərkibində Corc Sorosun da olduğu məlum şəbəkənin həyata keçirdiyi faktlarla sübut olunub. Xatırladaq ki, bu şəbəkə 2013-cü ildə Azərbaycanda “siyasi məhbus” cəfəngiyyatına dair hesabat hazırladı və qurumda səsverməyə çıxarıldı. Hesabatın müəllifi, anti-Azərbaycan şəbəkəsinin aparıcı üzvü və qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən zaman hönkür-hönkür ağlayan Kristofer Ştrasser idi. Lakin hesabat səsvermə zamanı rədd edildi və məğlub olan anti-Azərbaycan şəbəkəsi rəsmi Bakıya qarşı qisas əməliyyatına başladı. Şantajçılar hər fürsətdə Azərbaycanı qaralayır, qondarma yalanları qurumun gündəliyinə daşıyır, Bakıya qarşı qətnamələr, qərarlar qəbul edilməsinə çalışırdılar. Bu çirkin işdə onlara aramıza soxulmuş antimilli ünsürlər də fəal kömək edirdilər.
Məlum olub ki, şəbəkə AŞPA-dakı deputatların ələ alınması üçün rüşvət və şantaja əl atır. Ukraynadan olan deputat Vladimir Arev 2017-ci ildə yazırdı ki, bəzi deputatlar AŞPA-nı şəxsi məqsədlərinə alət ediblər. O, AŞPA-dakı üç erməni deputatın adını çəkirdi: Samvel Fərmanyan, Naira Karapetyan və Naira Zöhrabyan. Onlar Arevə mətbuat azadlığı və beynəlxalq hüquqa riayət etmə haqqındakı məruzəsini dəyişdirməsi üçün rüşvət təklif ediblər. Erməni deputatlar rüşvəti ona görə təklif edirdilər ki, Arev məruzədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı hissəsini çıxarsın. Arevin sözlərinə görə, üç deputat 1400 avro və 40 illik erməni konyakı ilə onu ələ almağa çalışıb. Arev rüşvəti qəbul etməyib və bundan sonra ona qarşı böhtan dövriyyəyə buraxılıb. İş o yerə çatıb ki, AŞPA-nın 2017-ci il qış sessiyasında həyasız ermənilər utanıb-çəkinmədən ədalətli ukraynalı deputatı milliyyətcə azərbaycanlı olmaqda ittiham ediblər.
AŞPA-da Qarabağda tutulan erməni terrorçuları ilə bağlı Azərbaycana qarşı növbəti hücum cəhdinin də arxasında Soros fondu və qurumda bu fonda bağlı olan şəbəkə dayanır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında iyirmi il ərzində bu təşkilatın Azərbaycanı hədəf seçdiyini və onun beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdə olduğunu bəyan edib. O bildirib ki, təşkilat dünyada gedən proseslərin heç birinə təsir etmək gücündə deyil: "Onun nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi orada hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir".
Ölkəmiz əlbəttə ki, öz beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü ötən il 44 günlük müharibə nəticəsində təmin edərək erməni işğalına son qoydu. Ancaq müharibədən sonra da biz yenə erməni revanşizminin baş qaldırdığının şahidi oluruq. Aprelin 19-da öz işinə başlayan AŞPA-nın yaz sessiyasında da erməni deputatlar öz yanaşmalarını, ritorikalarını dəyişə bilmirlər. Avropada milli azlıqlar haqda müzakirə zamanı Ermənistan nümayəndə heyətinin üzvləri azərbaycanlılara qarşı nifrət dolu çıxışlar ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən erməni deputatların çıxışlarına kəskin reaksiyalar verilir və qarşı tərəf susdurulur. Beləliklə də Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı kampaniya təşkil etmək cəhdləri iflasa uğrayır. Erməniləri cəmi bir neçə fransız deputat dəstəkləyib. Bunun da səbəbləri hamıya bəllidir. İclasa rəhbərlik edən sədr hər kəsin söz azadlığının olduğunu vurğulasa da, onun erməni və ermənipərəst deputatların nifrət dolu çıxışlarına göz yumduğu açıq-aşkar hiss edilir. Bu da Azərbaycana qarşı AŞPA- nın növbəti qərəzi kimi qiymətləndirilməlidir.
Budəfəki sessiyada "erməni hərbi əsirləri, digər əsirlər və köçkünlər” adlı sərbəst debatlar keçirilib. Assambleyanın belə bir məsələ ilə bağlı sərbəst debat aparmaq qərarı nümayəndə heyətimizin üzvlərində də məyusluq doğurub. Üstəgəl, müzakirələr birtərəfli qaydada aparılıb. Ancaq Assambleya azad olunmuş ərazilərimizin minalardan təmizlənməsii ilə bağlı heç bir müzakirə təşkil etmir. Əksinə olaraq, erməni hərbi cinayətkarları barədə mövzuya toxunur.
Ermənilərin AŞPA-nı öz bildikləri kimi idarə etmələrinin nəticəsidir ki, qurum öz nüfuzunu itirib. Qurum artıq əhəmiyyətsiz müzakirələr aparması, yalnız kağız üzərində qalan qərarların çıxarılması ilə tanınır. AŞPA-nın sessiyalarında azsaylı deputatın iştirak etməsi də qurumun əhəmiyyətsizliyini bir daha təsdiqləyir. Deputatlar AŞPA-ya inanmadıqları üçün onun iclaslarında iştirak etmirlər. Düşünürlər ki, belə bir qurumun çıxaracağı qərarın nə təsiri, nə də mənası var. Xüsusilə erməni lobbisinin və maraq dairələrinin əlində alətə çevrilməsi AŞPA-nın nüfuzunu ciddi şəkildə zədələyib. Bir litr İrəvan konyakı və “tula payı” üçün Fransanın və fransızların başını yerə soxan müsyö deputatlar öz nəfslərinə yiyəlik edə bilmirlərsə, dünyada haqq-ədaləti necə qoruya bilərlər?