Vəli İlyasov |
“Dəmir yumruq” əməliyyatı qondarma Ermənistan respublikasını təməlinə qədər sarsıdıb. 10 noyabrdan sonra iddiaçı toplum səksəkə içərisində yaşamaqdadır.
Azərbaycanın son davranışları məğlub ölkədə ciddi siyasi-psixoloji gərginlik yaradıb. Hətta Ermənistan cəmiyyətində panik durumun yaşandığı qətiyyən nəzərdən yayınmır. Hər gün Ermənistan KİV-lərində həyəcan dolu xəbərlərin verilməsi bundan qaynaqlanır. Bu, rəsmi Bakının Ermənistanın ictimai-siyasi həyatına olduqca ciddi təsirinin mövcudluğunu təsdiqləyir. Son vaxtlar Azərbaycan Ordusunun Zəngəzur ərazisinə daxil olması, vaxtilə ermənilərin işğal etdikləri kəndlərin və biçənəklərin geri alınması bu vahiməni xeyli artırır.
Azərbaycan Prezidenti İlham Əliyevin atdığı bütün addımlar, verdiyi mesajlar dərhal Ermənistanın ictimai-siyasi gündəmini dəyişir. Müzakirələr məhz bu istiqamətə yönəlir. Bu baxımdan, rəsmi İrəvanın yaxın gələcəkdə bütün daxili və xarici siyasət faktorlarını məhz Azırbaycanın mövqeyinə uzlaşdırmaq məcburiyyətində qalacağı qətiyyən istisna deyil.
Son günlərə qədər Ermənistanda əsas müzakirə mövzusu Azərbaycan Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Parkı ilə bağlıdır. Bu, düşmən ölkənin ictimai-siyasi dairələrinin Bakıda açılmış tarixi Parkdan sarsıntı keçirdiyi açıq-aşkar nəzərə çarpır. Onların şikayət üçün ünvan tapmaq ümidləri və ənənəvi qara-qışqırıqları isə heç bir nəticə vermir.
Ancaq rəsmi Bakı Ermənistan cəmiyyətinə hər hansı mövzunu uzun müddət müzakirə etmək imkanı vermir və İrəvanda gündəmin tez-tez dəyişməsini lazım bilir. Bu cür “əsəb yoxlaması” düşmən ölkədə artıq siyasi-psixoloji diskomfortu daha da genişləndirməyə başlayıb. Bundan sonra Prezidentimizin Zəngəzurun Azərbaycanın qədim torpağı olduğunu və ora qayıdacağımızı bildirməsi işğalçı ölkəni silkələyib.
Ermənistan mətbuatı Azərbaycan Prezidentinin açıqlamalarını açıq təhdid kimi dəyərləndirib. Bəzi erməni politoloqlar isə rəsmi Bakının Ermənistana ordunu bərpa etmək imkanı verməyəcəyi fikrinə gəliblər. Ona görə də Cənubi Qafqazda bəzi məsələlərin həlli zamanı Ermənistan hakimiyyətinin rəsmi Bakının mövqeyini nəzərə almaq məcburiyyətində qala biləcəyini vurğulayırlar.
Təbii ki, burada Ermənistanı çıxılmaz vəziyyətə salan əsas faktor qüvvələr nisbətinin Azərbaycanın xeyrinə olmasıdır. Hazırda elə vəziyyət yaranıb ki, rəsmi Bakı hətta Ermənistanın daxili ictimai-siyasi proseslərinə belə müdaxilə etmək mexanizmlərinə sahibdir. İrəvanın isə Azərbaycana qarşı müqavimət imkanları çox zəifdir. Necə deyərlər, hərif çabalayır. Ağlı başında olan ermənilər bunu anlayırlar.
Ancaq rəsmi Bakının Ermənistana qarşı xüsusi düşmənçilik münasibəti də müşahidə edilmir. Əksinə, Azərbaycan tərəfi bütün regionun gələcək inkişaf şansları naminə bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasında maraqlıdır. Erməniləri dəhşətə gətirən Zəngəzur məsələsi isə 6 ölkənin, o cümlədən Ermənistanın rifahına xidmət edəcəkdir. Özlərini hamıdan ağıllı hesab edən bic ermənilər bunu başa düşməlidirlər.