KÖŞƏ

Sevinc Azadi

ABŞ-ın qaranlıq tarixi: hindu soyqırımı, atom hücumu, insan ovu…

27 aprel 2021 00:57
2374

Almaniyada reformasiyanın banisi, dini islahatçı kimi tanınan Martin Lüter demişdir: “Yalan həmişə ilan kimi qıvrılır. İlan isə sürünməyindən və yaxud sakitcə uzanmağından asılı olmayaraq, heç bir zaman düz olmur. Və yalnız öləndə ilan düzdür və hiylə, riyakarlıq etmir”.

Həqiqətən də, bəşər öz tarixi boyu həddən çox yalan və pislik görmüşdür. Bu gün isə artıq yalan girdabında boğulmaqdadır. Bu gün yalan bir-birinə sarılmış yüzlərlə ilan kimi həqiqətin ətrafında qıvrılmaqdadır. Ən böyük ilanlardan biri də “islam terrorizmi” barədə olan yalandır. Ancaq bu ilan çox mahir və sürüşkəndir. Bunun nəticəsində də artıq insanların böyük hissəsi müsəlmanları terrorçu, İslamı isə bütün dünyaya təhlükə hesab edirlər. İnsanlar bu fonda kimin həqiqətən də terrorçu olmasını unudur. Tarixə nəzər salaq. Görək, həqiqətdə dünya tarixində gerçək terroru kimlər törədib?

Hinduların soyqırımı

Uzaq 1492-ci il. Həmin il ispan səyyahı Xristofor Kolumb Amerika qitəsini kəşf etdi. Elə həmin zamandan da bu yeni qitənin Avropa dövlətləri tərəfindən kolonizasiyasına (müstəmləkəsinə) təkan verildi. Amerikanın avropalı müstəmləkəçilər tərəfindən məskunlaşması yerli əhalinin genosidi və məhv edilməsi ilə müşayiət olundu. Aborigenlərin soyqırımı bir neçə yüz il boyunca davam etdi. Bu soyqırım müxtəlif tarixi məqamlarda, Amerikanın ayrı-ayrı yerlərində fərqli formalarda getmişdir. Yerli əhalinin məhv edilməsi texnologiyasına qırğın, su mənbələrinin bilərəkdən zəhərləndirilməsi, qeyri-insani şəraitdə məcburi əmək, aborigenlərin yaşayış üçün yararsız olan yerlərə məcburi köçürülməsi (deportasiyası), onların ərzaq ehtiyatlarının məhv edilməsi, məqsədyönlü şəkildə yerli əhali arasında alkohollu içkilərin yayıldılması və s. işlər aid idi.

Müstəmləkəçilər hindulara ölüm cəzasını nəzərdə tutan qanunlar qəbul edir və bu “qanunları” kütləvi şəkildə tətbiq edirdilər. Tez-tez belə bir səhnəyə rast gəlmək olurdu ki, istilaçılar bir-biriləri ilə insanı bir qılınc zərbəsi ilə şaqqalamağın mümkün olub-olmamasının mübahisəsini edirlər. Məsələn, bir ispanın o dövrlərə aid bir məktubunda yazılmışdı: “...mən Kartaxenadan qayıdanda Roxe Martin adlı bir portuqaliyalıya rast gəldim. Onun evinin qabağında itlərinin yemlənməsi üçün hinduların doğranmış bədən hissələri asılmışdı...”.

Müstəmləkəçilər hinduların başlarının dərilərini (skalp) əldə etməkdə sanki bir-biriləri ilə yarışa çıxmışdılar. Yeni İngiltərənin (Amerikanın avropalılar tərəfindən istismar olunan cənub-şərq və şərq rayonları) qanunverici orqanları təhvil verilmiş hər bir skalp üçün, o cümlədən qadın və uşaq skalpları üçün 50 – 100 funt-sterlinq arasında pul məbləği təyin etmişdilər. 1774-cü ildə Amerikanın Virciniya bölgəsinin sərhədyanı yerlərində məskunlaşmış gəlmələr tanınmış hindu başçılarından olan Loqanın ailəsini qətlə yetirdilər. Loqanın öldürülmüş qızı Tunay həmin anda övlad gözləyirdi. Vəhşiləşmiş avropalılar həm onun, həm də hələ anadan olmamış körpənin skalpını kəsib çıxardılar. Amerikada baş vermiş müstəmləkəçilik və soyqırımı qurbanlarının dəqiq sayını müəyyən etmək qeyri-mümkündür.

Hirosima və Naqasaki

Faşist Almaniyası 1945-ci ilin 9 mayında kapitulyasiya (təslim) etdi. Amma, İkinci Dünya Müharibəsi bununla bitmədi. Kapitulyasiyadan sonrakı dövrün ən dəhşətli faciəsi isə Yaponiya şəhərlərinin atom bombardmanı oldu. Müvafiq olaraq 1945-ci ilin 6-da və 9-da Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombaları atıldı. Bu – bəşər tarixində nüvə silahından döyüş vəziyyətində istifadənin yeganə iki nümunəsi – ABŞ Silahlı Qüvvələri tərəfindən həyata keçirildi. Gücü 20 min ton trotil dinamitinin ekvivalenti olan atom aviabombası Hirosima şəhəri üzərində 600 metr hündürlükdə partlayaraq bir anın içərisində şəhərin 60%-ni özülünə qədər darmadağın etdi. Müxtəlif məlumatlara görə, həlak olanların sayı 150 mindən çox olmuşdur. Heç vaxt, heç bir insan düşüncəsi bu cür zərər miqyasını və bu cür qəddarlığı təsəvvür edə bilməzdi. Partlayışın episentri yaxınlığında olanlardan heç nə qalmamışdı – partlayış, sözün həqiqi mənasında, bu insanları buxarlandırmışdı. Bu, tarixdə hələ bu zamana qədər görünməmiş dəhşətli bir mənzərə idi. Hər yerdə kömürə çevrilmiş meyitlər qalaqlanmışdı, bir çoxları isə elə partlayışın onları haqladığı vəziyyətdə qalmışdılar. Sağ qalanların da böyük əksəriyyəti bütün bədənlərini bürümüş yanıq yaralarının ağrısından inildəyirdiər.

İkinci atom bombası atılmış Naqasaki şəhərində də təqribən eyni səhnələr müşahidə olunurdu. Burada isə 70 mindən yuxarı insan tələf olmuş, şəhərdəki tikililərin 36%-i tamamilə yerlə-yeksan olmuşdu. Həmin gün Naqasakidə baş verənləri xilas olanlar yalnız bir sözlə xatırlayırlar – cəhənnəm.

Amerika “demokratiyası”, yaxud “insan ovu”

Bu gün ABŞ-da polis zorakılığı və ədliyyə sistemindəki rasizm adi hala çevrilib. Rəsmi səviyyədə tətbiq olunan rasizm bütün sahələrdə açıq hiss olunur. Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır.

ABŞ polisi qaradərililərə heç bir səbəb olmadan atəş aça, onları yaralaya və öldürə bilir. Buna görə polislər adətən cəza almırlar, yaxud ciddi etiraz olarsa, minimum cəza ilə canlarını qurtarırlar. 2014-cü ilin 9 avqustunda Ferqüssonda 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz olaraq minlərlə qaradərili aksiyalara başladı. Bu aksiyalar bir neçə ay davam etdi və dekabrın 2-də polis müdaxiləsi ilə yatırıldı. Etirazlara görə, qətli törədən polis minium cəza aldı.

2015-ci ilin 25 aprelində 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı və qətli törədən polis cəmi 5 il cəza aldı. May ayında Corc Floydun öldürülməsi də rasizmin davamı oldu. “İtirilmiş dürüstlük: hüquq-mühafizə orqanlarının həbs edilmiş əməkdaşlarının tədqiqatı” kitabının müəllifi Filipp Stinson bildirir: “2005-ci ildən indiyə qədər atışma nəticəsində qətl və ya qəsdsiz qətl üçün 110 polis əməkdaşı həbs edilib və bu 15 ildə onlardan yalnız 42-nə qarşı ittiham irəli sürülüb”.

Bu faktlar ABŞ-ın “polis dövləti” olduğunun isbatıdır və bu ölkədə istənilən dinc insanın həyatı, yaşamaq hüququ, söz azadlığı daim təhdid altındadır. Belə bir ölkənin başqalarına demokratiya, insan haqları, hüquqi dövlət haqqında mühazirələr deməsi, yol göstərməsi, saxta ittihamlarla çıxış etməsi nə dərəcədə doğrudur, yaxud mümkündürmü?