KÖŞƏ

Vəli İlyasov

Şuşamız elə bir cənnətə çevriləcək ki...

21 may 2021 01:56
1818

Uca dağın quşqonmaz zirvəsində bərqərar olan Şuşa...Azərbaycanın dilbər guşəsi... O indi azaddır, başı üzərindəki qara buludlar çəkilib, zirvələri ağ dumanın nuruna boyanıb  və öz həmişəki statusuna uyğun günlər yaşayır. Məşhur Turşsu, İsa bulağı, “Ərim gəldi” qayası, papaqsalan sıldırımlar, yamyaşıl Topxana meşəsi bizi səsləyir.  Lakin təəssüf ki, dünyanın ən gözəl məkanlarından geri qalmayan bu şəhər işğal altında qaldığı iyirmi səkkiz il yarımda erməni vandalları tərəfindən xarabazara çevrilmiş və inkişafdan geri qalmışdır.

Biz Şuşamızı nəinki bərpa etməli, onu dünyanın baxımlı və sevimli bir məkanına çevirməliyik. Şuşanın əsrarəngiz təbiəti buna yaxşı stimul yaradır. Şəhərin azad olunduğu gün Prezident İlham Əliyevin böyük fəxrlə söylədiyi “Əziz Şuşa, sən azadsan, biz səni dirçəldəcəyik” sözləri zehnimizdə indiyədək əks-səda verir. Şübhəsiz, çox keçməyəcək ki, bu sözlərin arxasından bizə gözəl bir şəhər boylanacaqdır.  Artıq Şuşada infrastruktur yaradılması üçün işlərin başlanmasına start verilib. Minatəmizləmə əməliyyatları başa çatmadığına görə işlər hələ tam miqyasla aparılmır. Ancaq Prezidentimiz şəhərdə bərpa olunmuş müasir otelin yenidən işə salınması mərasimində iştirak edib.

Görülən işlərlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə hansı turizm fəaliyyətlərinin qurulması, hansı əməliyyatlar aparılması, hansı yeniliklərin gətirilməsi və bunlardan necə istifadə edilməsinə dair peşəkarlarla birlikdə tədqiqatlar aparılır.

 Xatırladaq ki, mayın 12-də Prezident İlham Əliyev və ailəsi Şuşada yenidən bərpa olunan “Xarıbülbül” otelini ziyarət etdilər. Otel 49 komfortlu otaqdan ibarətdir, əlavə olaraq yaşayış korpusu və kottecləri də var. Müasir üslubda və lazım olan bütün avadanlıqlarla təchiz olunmuş binadır. Belə bir otelin tez bir zamanda bərpa edilməsi və açılması onun göstəricisidir ki, Şuşa şəhərinin və ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə turizm potensialının yaradılmasına və gerçəkləşdirilməsinə həm dövlət,  həm də müvafiq qurumlar tərəfindən xüsusi diqqət yetirilir. Orada Prezidentlə otelin qəbul və xidmət şöbəsində çalışan əməkdaşları arasında yaddaqalan maraqlı bir söhbət oldu. Dövlət başçısı oteldə yaradılan şəraitlə tanış olan zaman qeydiyyat şöbəsində çalışan xanım Şuşadan olduğunu bildirildi. Ölkə başçısı Şuşadakı oteldə şuşalının çalışmasını müsbət qiymətləndirdi. Prezident bildirdi ki, işçilərin əslən Şuşadan olmasına dair tapşırıq verib. Oteldə əslən şuşalıların çalışması vacib məsələdir. Bu, onu göstərir ki, belə turizm obyektlərinin inşa edilməsi o regionun, xüsusilə Şuşa şəhərinin iqtisadi inkişafına da təkan verir, yeni iş yerləri açılır və şəhər sakinləri işlə təmin olunurlar.

Bilirik ki, Qarabağ bölgəsinin zəngin turizm potensialı və turizm ehtiyatları var. Həm Şuşa şəhəri, həm də bizim digər işğaldan azad olunmuş ərazilərimiz yerli və xarici turistləri qəbul etməyə hazır olacaq. Vəziyyət onu göstərir ki, bu yerlər həm təbii, həm də antropogen turizm ehtiyatları ilə zəngin olan ərazilərdir. Əlbəttə, yüz illərdən soraq verən tarixi eksponatları və təbiətin möcüzəvari gözəlliklərini seyr etmək dünyanın hər bir sakininə xoşdur. Onları buraya cəlb etmək üçün isə dediyimiz kimi, lazımi işlər görüləcək.

  Artıq işğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq hava limanının inşası həyata keçirilir, yollar çəkilir, elektrik, qaz və su ilə təchizatı sahəsində işlər aparılır.  Burada təkcə otellər deyil, eyni zamanda, digər turizm obyektləri də yaradılacaqdır.  Bu, bir tərəfdən turizm üçün maraqlıdır, digər tərəfdən isə ideoloji yük də daşıyır. Vəhşi düşmən otuz il ərzində çalışıb ki, bu yerlərdən  azərbaycanlıların izlərini silsin, arxeoloji və tarixi memarlıq abidələrini saxtalaşdırıb öz adlarını çıxsın. Qarabağ bölgəsi təbiətlə yanaşı, bizim müxtəlif tarixi dövrlərimizə aid olan memarlıq inciləri ilə zəngindir. Bunların bərpa olunması nəzərdə tutulub. Turistlər üçün müxtəlif dayanacaq və piknik yerləri, otellər, əyləncə yerləri, aktiv turizm fəaliyyətləri ilə məşğul olmaq üçün imkanlar yaradılmalıdır.  Dağ və meşə gəzintiləri, səyahətlər cəlbedici olacaqdır. İlk növbədə ümumi infrastruktur işlərini qısa vaxtda başa çatdırmaq lazımdır. Bundan sonra təbii ki, turizm maşurutları və imkanlarının  yaradılmasına başlanacaq.

Təbii ki, burada yurizm infrstrukturu yaradılarkən təkcə daxili turistlər deyil, beynəlxalq turizmi və xarici məkanları seçən əcnəbi turistlər də nəzərdə tutulur. Biz gələn xarici turistlərə nə qədər gözəl, düzgün, maraqlı, səmərəli, bacarıqlı turistik imkanlar təqdim etsək, tarixi memarlıq və mədəniyyət abidələrini bərpa etsək və onların düzgün tarixini açıqlasaq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına bir o qədər nail ola bilərik.  Turizm ölkə mədəniyyəti və tarixinin, musiqisinin, ədəbiyyatının, mentalitetinin və zəngin mətbəxinin, mədəni irsinin və adət-ənənələrinin tanıdılması üçün çox zəruri bir vasitədir. Bu vasitə ilə dünyanın hər bir yerindən turist cəlb edib Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dünyaya çatdıra biləcəyik.