Vəli İlyasov |
Prezident İlham Əliyev hələ ötən il noyabrın 12-də müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımların atılacağını bildirmişdi: “Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.
Lakin bu istiqamətdə hələlik ilkin hazırlıq işləri aparıldığına görə aktiv fəaliyyət nəzərə çarpmır. Politoloqların qənaətinə görə, təzminat tələbinin qaldırılması İrəvanı “özünü yığışdırmağa” vadar edəcək, “öz müqəddəratını təyinetmə” kimi sərsəm iddiasını bir az da kəsərsiz hala gətirəcək, Ermənistanın işğalçı imicini təzədən gündəmdə saxlayacaq. Söhbət yüz milyardlardan gedir və kasıb Ermənistan bu məbləği on illərlə ödəyə bilər. Bu məcburi ödəmədə onun köməkçiləri də var. Rəsmi Bakı, həmçinin təklif etmişdi ki, işğal dövründə ərazimizdə qanunsuz fəaliyyət göstərən xarici şirkətlər könüllü şəkildə Azərbaycana təzminat ödəyərsə, onlara qarşı beynəlxalq arbitraj məhkəmələrində iddia qaldırılmaya bilər, onlar da bunun əvəzində öz işgüzar imiclərini qoruya bilərlər. Əks halda peşman olacaqlar. Prezident AzTV-yə son müsahibəsində bir daha həmin şirkətləri könüllü şəkildə təzminat ödəməyə çağırdı.
Bəs beynəlxalq məhkəmə bizim yanımızda olacaqmı? Əgər dünyada haqq-ədalət varsa olacaq. Çünki Ermənistan silahlı qüvvələrinin otuz illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərini dağıdıb viran qoymaları, sərvətlərini isə təcavüzkar ölkəyə daşımaları onların gözləri qarşısında olub. Hazırda xarici ölkələrdən Qarabağa gələn nümayəndə heyətləri-diplomatlar, səfirliklərin hərbi attaşeləri, jurnalistlər Füzulidə, Tərtərdə, Kəlbəcərdə, Ağdamda, Qubadlıda dağıntıların miqyasından dəhşətə gəlirlər. Onlardan biri Ağdamın xarabalıqlarına baxaraq buranı “Qafqazın Xirosiması” adlandırmışdı.
İşğal dövründə ərazilərimizdə qanunsuz fəaliyyət göstərmiş xarici şirkətlər olub, onlar varidatımızın talanmasında ermənilərlə şərik olublar və böyük gəlirlər əldə ediblər. Prezidentin bir daha onlara çağırış etməsi təsadüfi deyil. Həmin şirkətlər Qarabağda yerüstü və yeraltı sərvətlərimizi talan ediblər, mədənlərimizi qanunsuz istismara məruz qoyublar. Ona görə Prezident bir daha çağırış etdi ki, nə qədər gec deyil, gəlib etiraf etsinlər, dəymiş zərəri qarşılıqlı müzakirələr əsasında ödəsinlər. Bununla dövlət başçısı onların nəzərinə çatdırdı ki, heç də dayanmamışıq, iş gedir və zamanında təzminat ödəməsələr, beynəlxalq arbitraj məhkəmələrində iddia qaldırılacaq.
Avropa İttifaqı tərəfindən Ermənistana 2.6 milyard avro, Azərbaycana isə cəmi 150 milyon avro yardım nəzərdə tutulması ədalətsizlikdir. Prezident çıxışında bunu da vurğuladı. Çünki Azərbaycana daha çox zərər dəyib. Ancaq ədalətsiz Avropa İttifaqı bu addımı atırsa, ermənilərə daha çox yardım ayırırsa, gələcəkdə təzminat davası ilə bağlı onlardan ədalətli məhkəmə qərarı gözləmək də bir qədər sadəlövhlük olardı. Bununla belə, biz əl-qolumuzu bağlayıb oturmalı deyilik, mübarizəmizi sona qədər davam etdirməliyik. Necə ki, diplomatik sahədə gərgin mübarizə gedir və nailiyyətlər qazanırıq, eləcə də hüquqi müstəvidə savaşımızı aparmalı və uğura yetişməliyik.
Bu, həm də erməniləri absurd iddialarından geri çəkilməyə vadar edə bilər. Onların hələ də “status” xülyaları var və bu məsələyə də Prezident İlham Əliyev müsahibəsində nöqtə qoydu. Cənab İlham Əliyev bildirdi ki, keçmiş “Dağlıq Qarabağ muxtar vilayəti” ləğv edilib və orada yaşayan cəmi 25 min erməniyə görə status ola bilməz. Onda Qərbi Azərbaycandan qovulmuş 200 min soydaşımızın statusu iddiasını qaldırmalıyıq. 25 min erməni üçün status istəmək beynəlxalq hüquqa ziddir və ədalətsiz yanaşmadır.
Göründüyü kimi, hər yerdə haqq-ədalət bizim yanımızdadır və inşallah uğur da bizim olacaqdır.