KÖŞƏ

Vəli İlyasov

“Türkün küçüyü”

21 avqust 2021 00:16
1646

Azərbaycan Prezidenti İlham Əliyev bütün bəyanat və çıxışlarında xüsusi qeyd edir ki, Bakı daha çox üstünlüyü üçtərəfli formata verir. Çünki bu formatda daha konkret məsələlər həll olunur. Eyni zamanda, bu format icra orqanlarının rəhbərləri ilə işləyir. Konkret məsələlərə gəldikdə, bura sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi, kommunikasiyaların açılması və sair məsələlər daxildir. Lakin xeyli vaxtdır ki, üçtərəfli formatdan müxtəlif bəhanələrlə qaçmağa çalışan Ermənistan rəhbərliyi bütün bəhanələrin bitdiyini görərək nəhayət, işçi qrupun fəaliyyətini davam etdirməsinə razılıq verib. Çünki başqa yol yoxdur. Baş nazir Nikol Paşinyan narazı qüvvələrdən çəkinsə də çıxılmaz vəziyyətə düşüb və razılaşmalara əməl etmək üçün özünə sədaqətli adamları yüksək vəzifələrə təyin edir ki, qarşısına hər hansı ciddi maneə çıxmasın. Bu məqsədlə də  keçmiş spiker Ararat Mirzoyan Ermənistanın xarici işlər naziri təyin olundu. Maraqlıdır ki, Mirzoyan Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı kimi tanınır. Hətta revanşist qüvvələr həm Paşinyanı, həm də Mirzoyanı “türkün küçükləri” adlandırırlar.

Paşinyanın bu qərarını da “praqmatik addım” adlandırmaq olar. Digər tərəfdən, indiki şəraitdə bütün məsələləri dialoq yoluyla həll etmək daha sərfəli görünür, nəinki güc vasitəsilə. Onu da nəzərə almaq lazımdır ki, 44 günlük müharibədən sonra Ermənistanın hərbi və iqtisadi gücü qalmayıb. Darmadağın edilmiş ordu yeni müharibə aparmaq iqtidarında deyil.

Yada salaq ki, keçmiş xarici işlər naziri Ara Ayvazyan nə reallığı dərk edirdi, nə də peşəkar keyfiyyətlər baxımdan normal mütəxəssis sayıla bilərdi. Əlbəttə, indiki şəraitdə regionu daha yaxından tanıyan, reallığı olduğu kimi dərk etməyə çalışan insanlar Ermənistanın siyasi rəhbərliyi üçün daha əlverişlidir, nəinki yalnız problemlər yaratmaqla məşğul olan şəxslər.

Rəsmi Ankaranın da buna münasibəti müsbət ola bilər. Ümumiyyətlə, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki,  xoşməramlı niyyət kim tərəfindən gəlir-gəlsin, Ankara bu müsbət təşəbbüsləri dəstəkləyəcək. Türkiyə üçün bu məsələdə əsas amil budur ki, məğlub Ermənistan öz mövqeyini Azərbaycanla uyğunlaşdıra bilsin. Azərbaycanın mövqeyi isə də belədir ki, biz Ermənistanla münasibətlərin kompleks şəkildə nizamlamağın tərəfdarıyıq, dialoq aparmağa üstünlük veririk və bu dialoq konstruktiv əsaslarla qurulmalıdır. Yəni, bundan əvvəl bütün tərəfləri razı salan gündəm müəyyənləşdirilməlidir.  Təbii ki, konstruktivlik olsa, o zaman münasibətləri mərhələli şəkildə normallaşdırmaq mümkün olar.  Bu onu göstərir ki, hər halda artıq Nikol Paşinyan mövcud reallığı olduğu kimi dərk etməyə çalışır. Məlumdur ki, Ermənistanın keçmiş siyasi rəhbərləri daha çox radikal erməni təbliğatına uyğun, reallıqdan kənar addımlar atırdılar, vəziyyəti mürəkkəbləşdirməyə çalışırdılar. Paşinyan isə görür ki, bu dəst-xətt  daha “səmərə” vermir. Xatırladaq ki, Paşinyan da bir müddət köhnə dəst-xətti davam etdirmək istədi. Bu xəttin əsas hədəfi o idi ki, Ermənistan digər oyunçuları bölgəyə dəvət etməklə onların köməyi ilə burada cavab tədbirləri görsün.

İndiki reallıq və hadisələrin gedişi göstərir ki, bu mümkün deyil. Heç bir dövlət, hətta ən yaxın müttəfiq Rusiya belə Ermənistanın əvəzinə meydana girməz və onun bu planı yoxdur.  Ermənistan öz problemlərini özü həll etməlidir. Ermənistan rəhbərliyi də anlayır ki, indiki situasiyada “hücum taktikası” heç bir nəticə vermir və verməyəcək. Çünki əvvəlki hücum planlarının hamısı iflasa uğradı. Buna görə də, Paşinyan bu reallığı qəbul edərək, sərhəddə sərhədçiləri yerləşdirmək qərarına gəlib.

Sərhədçinin funksiyası sərhədi qorumaqdır. Eyni zamanda, onlar sərhədlərin demarkasiyasında rol oynayırlar. Silahlı qüvvələrin funksiyaları isə sərhədlərin mühafizəsi qaydalarına uyğun gəlmir. Paşinyan artıq başa düşür ki, sərhəd infrastrukturunu gücləndirmək lazımdır. Paşinyanın başqa variantı qalmır, çünki Azərbaycan tərəfi də bunu edir.

Vurğulamaq lazımdır ki, bu, həm də Moskvanın istəyidir.  Çünki mövcud məsələləri həll etmək üçün ən yaxşı format bu ola bilər. Paşinyan əvvəllər çox cəhd göstərirdi ki, Minsk qrupunu canlandırsın. Bunun üçün müxtəlif təşəbbüs və təkliflər irəli sürdü. Amma görünən budur ki, Minsk qrupu öz hayındadır. Bu formatdan yalnız Fransa müəyyən qədər canfəşanlıq edir. Fransanın da regionda heç bir resursu yoxdur, buna görə də təkbaşına heç nə edə bilməz. ABŞ-ın başı Yaxın Şərq və Əfqanıstana qarışıb, Minsk qrupu onun üçün o qədər də önəmli deyil. Ermənistan rəhbərinin bu cəhdləri isə Rusiyanın qıcığına səbəb olurdu. Çünki Rusiya bu üçtərəfli formatda moderator rolunu oynayır. Minsk qrupunda isə üç iştirakçıdan biridir. Buna görə də, Rusiya üçtərəfli formatın işləməsində maraqlıdır, həm işləsin, həm də gözlənilən nəticələri versin. Rusiya bununla digər oyunçulara da göstərir ki, onun moderatorluğu ilə bu bölgədə proseslər gedir, konkret və müsbət nəticələr var, qoy onlar gözlərini Cənubi Qafqaz regionundan çəksinlər.

Bir müddət əvvəl Ermənistanın bu formatdan imtina etməsi əslində Rusiyaya bir mesaj idi. Yəqin Rusiya Paşinyanı inandırıb ki, seçkiqabağı və seçkidən sonrakı oyunlar başa çatıb, artıq bu oyunları aparmaq əbəsdir. Paşinyan seçkidən əvvəl və bundan sonrakı dövrdə tez-tez Minsk qrupu ilə bağlı açıqlamalar verirdi. İndi Rusiya onu başa saldı ki, artıq vaxt yoxdur, konkret məsələlərin həlli ilə məşğul olmaq lazımdır. Nəticədə Ermənistanı bu formata qoşulmağa məcbur edib.

Prezident İlham Əliyev həm “CNN Türk”-ə müsahibəsində, həm də Kəlbəcər və Laçın rayonlarına səfərlərində önəmli açıqlamalar verdi. Bu açıqlamalar göstərdi ki, Azərbaycanın bu bölgə ilə bağlı konkret planları var. Bura təkcə Qarabağ yox, Zəngəzur və ətraf bölgələr də daxildir. Üçtərəfli format bu planın həyata keçirilməsində mühüm rol oynaya bilər.

“Saqqal gətirməyə gedən, ancaq bığını da üstəlik qoyub gələn” Ermənistanın indi ondan tələb olunanları yerinə yetirməkdən başqa çarəsi qalmayıb. Necə deyərlər, öz cəzandır, çək, Paşik.