Vəli İlyasov |
Əli Kərimli və həmfikirləri ABŞ-ı və Fransanı regiona niyə çağırırlar?
Qarabağda otuz üç il davam edən münaqişənin bitdiyi halda Azərbaycanın dağıdıcı müxalifəti “qaşınmayan yerdən qan çıxarmaq” məqsədilə regionda sülhün, sabitliyin pozulmasına, xarici qüvvələrin bölgəyə gəlməsinə çalışır. Fransanın ali qanunverici orqanı Qarabağ ermənilərinin müstəqilliyini tanıdığı, otuz üç il müddətində həmişə Ermənistanın yanında olduğunu bildirdiyi halda bu dövlətə necə güvənib onun vasitəçiliyindən istifadə etmək olar? Yaxud "erməni soyqırımı"nı tanıyan, separatçı rejimə maliyyə yardımı edən, Azərbaycana aşkar ögey münasibət bəsləyən, ölkəmizdə insan hüquqlarının pozulduğunu iddia edən
ABŞ-a necə inanmaq olar? Halbuki hazırda hər iki ölkədə insan haqq və hüquqları tapdanır, vətəndaşlar polis dəyənəyinə məruz qalır, onların haqlı tələblərinə zopa ilə cavab verilir. Qısaca desək, bu ölkələrin kifayət qədər özəl problemləri var.
Yaddan çıxarmamalıyıq ki, Minsk qrupunun həmsədrləri həmişə ermənipərəst mövqe tutublar. Çünki onlar həm xristian dövlətləridir, həmin ölkələrdə islamofobiya mövcuddur, həm də həmin ölkələrdə siyasətçiləri ələ almaq və ya onların mövqeyinə təsir etmək gücündə olan güclü erməni diasporu var. Onlar müxtəlif bəxşişlərlə senatorları və konqresmenləri əleyhimizə qərarlar qəbul edilməsinə təhrik etməyi bacarırlar. Ona görə də ABŞ və Fransa münaqişəni sonsuzluğa qədər uzatmaq və Azərbaycanı işğalla barışdırmaq istəyirdilər. Keçmiş sovet respublikalarındakı digər separatçı rejimlərdən fərqli olaraq onlar Qarabağ ermənilərinə həmişə rəsmi qaydada maddi yardım ayırıblar. Belə olduğu halda onların proseslərə yenidən aktiv formada qoşulmasını hansı ağılla qəbul etmək olar. Ancaq şəxsi maraqlarını ölkəmizin maraqlarından üstün tutan bir qrup nankor var ki, həmin qrupun üzvləri belə düşünür və “məqsədyönlü” iş aparırlar. Belə təşəbbüs və tələblə çıxış edən həmin qrupun əsas təbliğatçıları oturub ABŞ və Fransada, onlara şərait yaradılıb, TV-lər açılıb. Onlar başqa cür necə danışa bilərlər ki? Fransanın qanunverici orqanı Qarabağ ermənilərinin müstəqilliyini tanıdığı halda bu dövlətə necə güvənib onun vasitəçiliyindən istifadə etmək olar? Yaxud "erməni soyqırımı"nı tanıyan, separatçı rejimə maliyyə yardımı edən ABŞ-a necə inanmaq olar? Ümumiyyətlə, ABŞ-la bağlı deyirlər ki, bu dövlətlə düşmən olmaq təhlükəli, dost olmaq isə ölümcül təhlükəlidir. Ukrayna və Gürcüstan, indi isə Əfqanıstan nümunəsi buna əyani sübutdur.
Əslində Paşinyanla birlikdə ABŞ və Fransanı yenidən proseslərə qoşmaq istəyən Əli Kərimli, Cəmil Həsənli və züytutanları göründükləri qədər kütbeyin deyillər və başa düşürlər ki, regionda nə baş verir, savaşa qədər hansı siyasi-diplomatik iş aparılmışdı, Rusiya niyə savaşa qatılmadı və imkan verdi ki, biz torpaqlarımızın əhəmiyyətli hissəsində suverenliyimizi bərpa edək. Onlar onu da başa düşürlər ki, hökumət heç vaxt bəzi məsələlər barədə xalqla açıq danışa bilməyəcək, çünki düşmənlərimiz də o zaman hər şeyi biləcək və bizə qarşı istifadə edəcəklər. İndi bu siyasətbazlar kənardan verilən təlimatlarla, “rus əsgərləri niyə Qarabağa gəldi?” deyə bağırır, Paşinyanın mövqeyindən çıxış edərək ABŞ və Fransanı bölgəyə köməyə çağırırlar. Amma nə qədər möhkəm haray-həşir salmalarından asılı olmayaraq sadə insanlar bu sualın cavabını bilir, hər şeyi başa düşür, əldə edilmiş Qələbənin möhtəşəmliyini dərk edirlər. İlham Əliyevin problemin həllinə dair konsepsiyası ortadadır və həyata keçirilməkdədir.
Co dayı ilə müsyo Makronun pullarını çırpışdırmaqda mahir olan dağıdıcı müxalifətin başbilənləri əslində özlərini onların muzdlu nökərlərinə çeviriblər.