KÖŞƏ

Vəli İlyasov

Zəngəzur həsrəti bitəcək…

02 sentyabr 2021 01:35
1521

Yüz illər boyu Zəngəzur adlandırılan bu yerlər qədim azərbaycanlıların sevimli məskəni olub. Hələ qədim və erkən orta əsrlərdə türk etnoslarının əbədi məskən saldıqları və Azərbaycan ərazisində bərqərar olmuş çoxlu sayda türk dövlətləri Sünik-Zəngəzuru da əhatə etmişdi. Həmin dövlətlər mövcud olanda ermənilərin bu ərazilərdə izi belə yox idi. Onlar köçəri həyat sürürdülər və dünyanın bir neçə ölkəsindən buraya yüz illər sonra köçürülmüşlər. Daha dəqiq desək, çar pavellərin, aleksandrların, I və II nikolayların, sonda isə Leninin və Stalinin qoltuqlarında gəlmişlər.

Zəngəzur mahalı azadlıq mücahidləri olan sərkərdələr Cavidanın və Babəkin dövründə Xürrəmilər hərəkatının, ərəblərə qarşı aparılan müharibələrin əsas mərkəzi, otuz ildən artıq davam edən qanlı döyüşlərin son məkanı olub. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədləri bu yerlərdə idi. Ərəblər məhz Arazı keçərək Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edib Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişdilər.
Azərbaycan tarixindən o da bəllidir ki, 1065-ci ildə səlcuq-türk imperiyasının hökmdarı Alp Arslanın başçılığı ilə 150 il davam edən səlcuq hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi. 1236-cı ildə isə Zəngəzur monqol-tatarların işğalına məruz qaldı. Bu dövrlərə aid olan yazılı məxəzlərdə də Zəngəzurdakı türk-oğuz mənşəli yer, yurd adlarının adı çəkilir.

Bütün bu araşdırmalar sübut edir ki, Zəngəzur mahalı Azərbaycan torpağının ən qədim yurd yeri və əcdadlarımızın yaşayış məskənlərindən biri olub. Ölkə Prezidentinin bəyan etdiyi kimi, "...Zəngəzur mahalı bizim tarixi ərazimizdir..."

Lakin tarixin sərt dönəmlərində bu torpaqlarımız da parçalanmağa və bölünməyə məruz qalıb.  Çar Rusiyasının təhdidi ilə həmin tarixi Azərbaycan ərazilərində 1867-ci ildə Zəngəzur qəzası yaradılıb. Qəza Yelizavetpol (indiki Gəncə şəhəri) quberniyasının tərkibinə daxil olub. Zəngəzur qəzasına indiki Qafan, Gorus, Mehri, Qarakilsə (Sisyan), Laçın, Qubadlı və Zəngilan rayonları daxil idi. Gorus qəsəbəsi isə mərkəzi hissə adlanıb. Ermənilərin azərbaycanlılara qarşı 1905-1907 və 1914-1920-ci illərdə törətdikləri soyqırımları nəticəsində Zəngəzur mahalında təxminən yarım milyon yerli əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 azərbaycanlı kəndi yer üzündən silinib. 4472 qadın və uşaq erməni silahlı dəstələri tərəfindən vəhşiliklə qətlə yetirilib. Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyəti tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar. Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da Qarabağ general-qubernatorluğuna daxil idi. Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə Zəngəzura qoşun  göndərilməsini qərara aldı. Xankəndidən Zəngəzura doğru hərəkət etməyə başlayan milli ordu bölmələri strateji əhəmiyyətli ərazidən erməni silahlı qüvvələrini qovub çıxarsalar da, onu əldə saxlamaq mümkün olmadı...

1920-ci il aprelin 28-də Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndə Zəngəzur bölgəsinin böyük hissəsi erməni silahlı qüvvələrinin nəzarəti altında idi. Eləcə də, Qarabağın dağlıq hissəsində erməni daşnaklarının hücumları davam edirdi. Azərbaycanda yaradılan Müvəqqəti İnqilab Komitəsi 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağdan qoşunlarının çıxarılmasını tələb edirdi.

1920-ci il avqustun 10-da Rusiya Kommunist Partiyasının Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin heç bir razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar qəbul etdi. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyətinin qurulmasının elan olunmasından bir gün sonra noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərar ilə Zəngəzurun Ermənistana verilməsi məsələsi həll olundu. Qərarda Zəngəzur bölgəsini iki yerə - Qərbi və Şərqi Zəngəzur qəzalarına bölmək təklif edilirdi. Nəticədə qədim Azərbaycan torpağının bir parçası olan Zəngəzur qəzasının 6742 kvadratkilometrlik ərazisindən 3105 kvadratkilometri Azərbaycan SSR-in tərkibində qaldı. 3637 kvadratkilometrlik hissəsi isə Ermənistana "bağışlandı".

Tanınmış yazıçımız Əyyub Abbasov ikicildlik “Zəngəzur” romanında əsl həqiqətləri əks etdirdiyinə görə qorxunc “KQB”-yə çağırılaraq təzyiq göstərilməsi və bunlara dözməyən yazıçının infarkt keçirərək vəfat etməsi yadımızdan çıxmamalıdır. Əlbəttə, bu cür “səssiz” qətllərin təşkilatçıları Sovet dövlətinin rəhbərliyində mühüm postlar tutan ermənilər idi. Bu yolla onlar dogma torpaqlarımızı bizə unutdurmaq niyyəti güdürdülər. Lakin 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsi gedişində ermənilər yüz illər ərzində etdiklərinin bədəlini verməli oldular.

Bu müharibədə Azərbaycan Ordusu 30 ilə yaxın erməni daşnaklarının işğalında olan torpaqlarımızı yağı düşməndən təmizləyərək tarixi ədaləti bərpa etdi. Bu gün torpaq, yurd, el-oba həsrətlisi olan həmvətənlərimiz öz ata-baba yurdlarına, əcdadlarının uyuduğu tarixi torpaqlarına qayıdırlar. Yurd həsrətli soydaşlarımız erməni vəhşilərinin viranə qoyduqları yurd yerlərimizi yenidən qurmağa, abadlaşdırmağa, gözəlliklər yaratmağa, talan edilmiş və yandırılmış torpaqlarımızı, Qarabağımızı, Şərqi Zəngəzurumuzu dirçəltməyə qayıdırlar. Bu qayıdış əbədi olacaqdır.