Vəli İlyasov |
Otuz üç ildir ki, Ermənistan Azərbaycana tamamilə haqsız və sərsəm torpaq iddiası irəli sürüb, Birinci və İkinci Qarabağ müharibələrində saysız-hesabsız cinayət əməlləri törədib. Ermənistanın hərbi təcavüzü nəticəsində davam edən otuz üç illik münaqişənin xarakteri və məqsədi xarici ölkələrdən də yaxşı görünür. Otuz üç ildir ki, Azərbaycanın Ermənistana verdiyi konstruktiv təklifləri hətta xarici ölkələrin təmsilçiləri də münasib hesab etdiklərini bildirirlər. Lakin daşnak təfəkkürlü ermənilər kor tutduğunu buraxmadığı kimi düzgün yola gəlmək istəmirlər. Baş verənləri düzgün təhlil edən dövlət rəsmiləri, politoloqlar, siyasi şərhçilər terrorçu Ermənistanın boş iddialarını pisləyərək onları ərazi iddialarından əl çəkməyə, qonşularla normal münasibət yaratmağa çağırırlar.
“2020-ci il 10 noyabr kapitulyasiyasından sonra Ermənistan Azərbaycanla normal münasibətlər qurmaq yolunda irəliləməyə hazır olduğunu sübut etməlidir. Məhz bundan sonra Ankara ilə İrəvan arasında gələcək münasibətlər məsələsi müzakirə oluna bilər. Bunsuz Türkiyə Ermənistanla dialoqa getməyəcək. Bu, “iki vur iki” kimi bəsit bir məsələdir.”
Bu sözləri Moskva Dövlət Universitetinin Beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, siyasi elmlər doktoru Aleksey Fenenko deyib. Alimin qənaətinə görə, Nikol Paşinyan hiss etməlidir ki, onun başqa yolu yoxdur. O, ümid edir ki, bu sülh prosesini sonsuzluğa qədər uzatmağa nail olacaq, necə ki, son 30 ildə İrəvan bunu edib. Əgər o, başa düşsə ki, onun belə imkanı yoxdur, danışıqlar masasına əyləşəcək. Paşinyanın və ümumilikdə İrəvanın ən çox qorxduğu da elə budur. Paşinyan hər zaman oynamağa çalışır. O, iki od arasında qalıb. Ona görə də o, bir tərəfdən xırda təxribatlar taktikasını aparmağa, digər tərəfdən isə hansısa sülh təşəbbüslərini irəli aparmağa çalışır. Sərhəddə atışma bunun bariz nümunəsidir. Bu onun iki stulda oturmaq istəyi ilə bağlıdır".
Paşinyan danışıqlar masasına oturmaqdan niyə qorxur? Bu suala bir cümlə ilə cavab vermək mümkün deyil. Çünki Ermənistan keçmiş münaqişə müddətində saysız-hesabsız hərbi və mülki cinayətlər törədib. Bu ölkə istər beynəlxalq qaydaları, istərsə də qonşuluq və insanlıq münasibətlərini elə miqyasda dağıdıb ki, bunların cavabını verməlidir. Azərbaycandan talayıb daşıdığı sərvətləri geri qaytarmalı və vurduğu ziyana görə təzminat ödəməlidir. Ancaq onun bunları qaytarmağa gücü çatmır. Öz əhalisini xarici ölkələrdən və erməni diasporundan aldığı ianələrlə dolandıran məğlub Paşinyan hökuməti qalib Azərbaycanın tələblərini yerinə yetirməlidir.
Ermənistan və bütün dünya erməniləri üçün ən dəhşətli məsələ odur ki, Paşinyan danışıqlar masasına oturanda Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu isə ermənilərin yüz illərlə bəslədikləri arzu və ümidlərinin məhv olması, “böyük Ermənistan” ideyasının üstündən qara xətt çəkilməsi deməkdir. Ona görə də Ermənistan rəhbərləri haray-həşir salaraq vaxtı uzatmağı planlaşdırırlar. Ancaq bununla belə hələ də məğlubiyyətlə barışmaq istəməyən revanşist ermənilər Paşinyanı yeni müharibəyə təhrik edirlər. Paşinyan başa düşür ki, üçüncü müharibə Ermənistanı tamamilə məhvə aparacaq, dövlət kimi mövcudiyyətini də itirəcək. Ona görə də nə Azərbaycana, nə də revanşistlərə cavab verə bilir. Yaxasını hər iki qüvvənin əlindən birtəhər qoparmaq üçün atəşkəsi pozub guya müharibənin hələ bitmədiyini nümayiş etdirməyə çalışır, digər tərəfdən, Azərbaycana guya hansısa məsələdə razılığa gəldiyi barədə yalançı mesajlar göndərir. Bu yolla o, öz hakimiyyətini mümkün qədər uzatmağa cəhd göstərir. Ancaq bu “divar” bir gün qurtaracaq və həm də Azərbaycan daha otuz üç il gözləyib Paşinyanın nazı ilə oynamayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirdi ki, biz Ermənistanın razı olub-olmadığını gözləmirik və onu məcbur edəcəyik ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının müddəalarını icra etsin. Artıq Şərqi Zəngəzur istiqamətində kommunikasiyaların açılması üçün işlər görülür, sərhədlərin delimitasiyası və demarkasiyası üçün hazırlıqlar sürətlə aparılır. Ermənistanla sərhədboyu ərazilərdə hərbi hissələr yaradılır və möhkəmləndirilir. Ermənistan isə öz sərsəm ideyasının əsiri olaraq bütün məsələlərdə axsayır və bununla belə sarsaq revanşist “siyasət”indən əl çəkmir. Bu ölkənin başçısından tutmuş geridə qalan axsağına qədər hamısı ağır vəziyyətdən qurtarmaq əvəzinə yeni, daha təhlükəli düşmənçiliyi qızışdırmaq yolunu tutublar.
İlanın zəhəri çoxalanda başı ağrıyır görünür, ermənilərin zəhəri yenə artıb və “dəmir yumruğ”a ehtiyacları var.