KÖŞƏ

Vəli İlyasov

Klassik erməni xisləti: Özümə yer eləyim...

11 sentyabr 2021 01:56
1542

Ermənilərin özlərinin də bildikləri kimi, Ermənistan adlı dövlət Azərbaycanın qərb torpaqlarında qurulub. Rusiya qoşunları 1827-ci ildə İrəvanı aldıqdan və sonuncu xanlar olan Həsən və Hüseyn xan qardaşlarını öldürdükdən sonra erməniləri bu əraziyə gətirmişlər. Bu, danılmaz faktdır və yaxın tarixdir. Bu hadisələrdə iştirak etmiş bir çox yüksək vəzifəli şəxslərin xatirələri, memuarları indi də muzeylərdə və arxivlərdə qalmaqdadır. Buna görə də ermənilər heç vaxt arxivlərin açılmasına razı olmurlar. Yaxşı bilirlər ki, arxivlər açılan kimi onların xarici ölkələrdən Azərbaycana kütləvi köçləri, sonra burada illərlə törətdikləri və  ört-basdır etdikləri bütün cinayətləri tamamilə açılacaqdır. Onların sonradan çap etdikləri saxta xəritələrdəki “böyük Ermənistan” isə ümumiyyətlə mövcud olmamış, xam xəyalların coğrafiyasıdır.

Rusiyanın İrandakı o vaxtkı səfiri, XIX əsrin tanınmış rus yazıçısı Aleksandr Qriboyedov yazırdı ki, İran ermənilərinin köçürülməsinin təşkili erməni əsilli general L. Lazarevin və qraf M. Arqutinski-Dolqorukinin üzərinə qoyulmuşdu. Köçürülmə prosesi 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının “erməni vilayəti”nə çevrilməsi istiqamətində baş verirdi. Məqsəd bu iki xanlığın ərazisində yalnız ermənilərdən ibarət “erməni vilayəti” təşkil etmək idi.

Aleksandr Qriboyedov Rusiyanın xarici işlər naziri Karl Nesselroda məktubunda  erməni arxiyepiskopu Nersesin -sonralar bütün ermənilərin katalikosu olmuş Nerses Aştarakesin “Araz çayının o tayından gələn 8000 erməni ailəsinin bizim əyalətlərimizə köçürülməsi haqqında” məlumatını qeyd edib. O dövrün rus etnoqrafı Yevgeni Veydenbaum  konkretləşdirirdi ki, təqribən 40000 erməni “Aderbaycandan bizim hüdudlarımızı keçiblər və “erməni vilayəti”ndə yerləşiblər”.

1828-ci ildə Naxçıvan əyalətinin iqtisadi-statistik təsviri üçün Qafqaza ezam olunan Rusiya Naliyyə Nazirliyinin məmuru Vasili Qriqoryev qeyd edirdi ki, “Naxçıvan şəhəri və mahalında 5500 evdə əhali yaşayır, hər evə 5 nəfər götürsək, 27.500 nəfər alınar”.  Sonra V. Qriqoryev Naxçıvan mahalının əhalisini “mənşəcə” 2 dərəcəyə bölürdü:  müsəlmanlar və ermənilər. Və rəqəmləri  konkretləşdirirdi: “birincilər 2791 ev, köhnə ermənilər 434, İrandan köçürülənlər 2285”. Hər azərbaycanlı evinə 5 nəfər ermənini müvəqqəti yerləşdirmək, sonra ev tikməkdə, mal-qara almaqda onlara imtiyazlar vermək və lazım gələn hər cür kömək etmək nəzərdə tutulurdu. Bu minvalla əsasən xanların, bəylərin, varlı adamların tövlələrində, anbarlarında və yardımçı binalarında məskunlaşdırılan ermənilər onların mal-qoyunlarını otarır, əkin sahələrində işləyir, at-eşşəklərinə mehtərlik edirdilər. Onlar bu işləri yaxşı bacarırdılar.

Ona görə də V. Qriqoryev Qafqazın ali hərbi komandanı, feldmarşal İvan Paskeviçin adına yazdığı məktubda qeyd edirdi: “ermənilərin İrandan köçürülməsi və bizim əyalətlərdə yerləşdirilməsindən bəhs edən A. Qriboyedov onların “əsas etibarilə” “müsəlman mülkədarların torpaqları”nda yerləşdiyini qeydə alıb. Mən Naxçıvan vilayətində ermənilərin yerləşdirilməsindən yaranan sahmansızlığı və sıxışdırılmaları daha çox tapdım, nəinki İrəvanda”.

V. Qriqoryev erməni köçkünlərinin “bir çox hissələrinin” “heç olmasa bir neçə boş ev” tapdıqlarını və çoxlu əkin yerləri olan ən yaxşı kəndlərdə özbaşına məskunlaşdıqlarını və yalnız bundan sonra yerli idarə rəhbərlərinin yanına qaçaraq seçdikləri yerdə təsdiq etdirilmək üçün xahiş etdiklərini” açıqlayır. Ayaqlarına yer eləyən ermənilər yerli sakinlərə təzyiq göstərərək ərazilərini genişləndirməyə, əkin sahələrini artırmağa çalışırdılar və bu yolda heç nədən çəkinmirdilər. “Öz təsərrüfat həyatlarında gəlmələr tərəfindən sıxışdırılan yerli sakinlər çox şeylərini itiriblər”, “yerli rəhbərlik gəlmələrə daha çox diqqət yetirdiyindən, azərbaycanlılar öz torpaq və əkin sahələrinin əhəmiyyətli hissəsini onlara güzəştə getməyə məcbur olurlar”. Beləliklə, Naxçıvan əyalətində ilkin olaraq İrandan gəlmə 2551 erməni ailəsi yerləşdirilib.”

Bir faktı da qeyd edək ki, naxçıvanlılar ermənilərin əsl niyyətlərinin başa düşərək orada daimi qalmalarını qəbul etmirdilər və onları sıxışdırırdılar. Ona görə də gəlmə ermənilər İrəvan ətrafındakı gözdən uzaq, nəzarətin zəif olduğu kəndlərə köçürdülər.

Mərhum “Şöhrət” ordenli professor, Milli Məclisin üzvü olmuş Həsən Mirzəyev söhbətlərində deyirdi ki, Dərələyəzin bəzi kəndlərinin əhalisinin yarısı azərbaycanlılardan, yarısı sonradan gəlib özlərinə ev tikmiş ermənilərdən ibarət idi. Sovet hakimiyyəti illərində həmin rayonlarda və kəndlərdə əsas vəzifələrə ermənilər təyin edilirdilər. Onlar fürsətdən istifadə edərək təhsilli, nüfuzlu azərbaycanlıları şərləyir, guya Sovet hökumətinə qarşı antisovet təbliğat aparmaqda ittiham edərək həbs etdirib güllələdir, yaxşı halda isə Uzaq Şərqə və ya Sibirə “gedər-gəlməz” sürgünlərə göndərirdilər. Həmin siyasəti ermənilər 1988-ci ilədək davam etdirərək Qərbi Azərbaycandan bütün azərbaycanlıları deportasiyaya məruz qoyaraq Ermənistanı monoetnik dövlətə çevirdilər.

Ermənilərin yüz ildən artıq apardıqları işğalçı hərəkətlərinə 2020-ci ilin noyabrında son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu otuz il işğal altında saxlanan Qarabağ torpaqlarını 44 günlük ildırımsürətli müharibə yolu ilə azad etdi. Düşmənin silahlı qüvvələri darmadağın edildi, canlı qüvvə sarıdan ciddi itkilər verdi, kənd təsərrüfatı və sənayesi tamamilə zəiflədi, əhali arasında məğlubiyyətdən doğan düşkünlük yarandı.  İki rayon və xeyli kəndimiz döyüşsüz azad olundu. Beləliklə, zülm üzərində qondarılmış Ermənistan bütün sahələrdə iflasa uğradı. Qalib Azərbaycan isə öz ərazi bütövlüyünü təmin edərək işıqlı gələcəyə doğru inamla addımlayır.