Vəli İlyasov |
102 il sonra xüsusi təyinatlılarımız eyni ssenaridən istifadə etdilər
Şuşanın azad edilməsi fonunda 102 il əvvələ diqqətlə nəzər salanda məqsədli surətdə gizlədilmiş bir çox qaranıq mətləbləri aydın görmək olar. Gizlinlərin bəzilərini isə məxfiliyini itirmiş və ona görə də arxivlərdən bayıra çıxarılmış mənbələr əsasında öyrənə bilərik. Faktlar göstərir ki, Nuru Paşanın komandanlığı ilə 103 il bundan əvvəl Bakının azad edilməsi uğrundakı döyüşlə 2020-ci ilin noyabrında Şuşanın işğaldan azad olunması uğrundakı savaş arasında oxşarlıq var. O mənada ki, Bakı şəhərinin azad edilməsi və Şuşa istiqamətindəki əməliyyatla bağlı hərbi strategiya demək olar ki, eyni idi. Şuşanın azad edilməsində Azərbaycan xüsusi təyinatlıları həmin taktikadan istifadə ediblər.
Xatırladaq ki, 103 il əvvəl Bakıya hücum əmri Qurd qapısı istiqamətindən Nuru Paşa tərəfindən verilib. Həm ağlagəlməz, həm də çox çətin, sərt dağlıq, təpəlik ərazilərdən keçərək Bakıya daxil olan Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın hərbi hissələri də vardı. Türkiyədən isə 15-ci diviziyanın əsgər və zabitləri gətirilmişdi. Bakı ətrafında gedən döyüşlərin baş verdiyi ərazilərdə xeyli sayda səngərlər qazılımışdı. Bu, indi Bakı dairəvi yolunun ətrafındakı yüksəkliklərdə hələ də qalmaqdadır. Həmin səngərlər Bakını idarə edən bolşeviklər, o zamankı oyuncaq Sentrokaspi diktaturası və ingilis hərbçiləri tərəfindən möhkəmləndirilmişdi. Buna baxmayaraq, Azərbaycan əsgərləri ilə qardaş Türkiyə Ordusunun əsgərləri birlikdə hücuma keçərək birləşmiş düşmənlərin müqavimətini qırdılar, Yenilməz döyüşçülərimiz Bakı şəhərini erməni-daşnak və bolşevik qüvvələrindən azad etdilər. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Bakının işğalda saxlanılması təkcə sovet Rusiyasının deyil, eləcə də ABŞ-ın, ingilislərin, fransızların da marağında idi. Onlar bu şəhəri vermək istəmirdilər.
Ona görə ki, burada nobellər, rotşildlər, rokfellerlər vardı və onlar Bakı nefti ilə milyonlar qazanırdılar. Sonralar İngiltərənin baş naziri olmuş Uinston Çörçillin dediyi kimi, neft məsələsində Bakının tayı-bərabəri yox idi. Çörçillin məşhur bir kəlamı var: Neft kraliçadırsa, Bakı onun tacıdır. O da məlumdur ki, Birinci Dünya müharibəsi illərində İngiltərənin müharibədə istifadə etdiyi neft məhsullarının, yanacağın 72 faizi məhz Bakıdan aparılırdı. Bu, kiçik rəqəm deyil. Ona görə də bu şəhərin birləşmiş Türk Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi qətiyyən həmin bədxah qüvvələrin ürəyincə deyildi. Məhz bu səbəbdən də həmin imperialist dövlətlərin başçıları iki ilə qədər yaşayan Azərbaycan Xalq Cümhuriyyətini beynəlxalq münasibətlərin subyekti kimi, de-yure olaraq tanımadılar. Eyni zamanda, başqa ölkələri də tanımağa qoymadılar. Trotski deyirdi ki, bu işdə okeanın o tayında olan bankirlərin rolu böyük oldu. Onlar Amerika Birləşmiş Ştatları hökumətinə, Fransa hökumətinə, sovet Rusiyasını quranlara təsir göstərdilər. Onlar Azərbaycanın qurduğu müstəqil dövləti tanımadılar. İki ildən sonra dişini qıcamış sovet Rusiyası XI quldur ordusunu yeridərək Azərbaycanı işğal etdi.
Mövzuya qayıdaraq məmnunluqla qeyd etməliyik ki, Prezident İlham Əliyev tamamilə haqlı olaraq Nobel prospektinin adını dəyişərək “8 Noyabr” prospekti adını verdi. Bu da təsadüfi deyil, çünki həmin nobellər, rotşild və rokfellerlər, onların tabeliyində olan şirkətlər, dövlətlər erməniləri öz əllərində alət kimi istifadə etmişdilər. Onlar da erməni cəlladları ilə birləşmiş qaydada Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törədilməsində dolayısı ilə iştirak ediblər.
15 sentyabr 1918-ci il– Bakının işğaldan azad edildiyi gün tariximizə qızıl hərflərlə yazilacaqdır. Çünki biz həmin tarixdə əyilməz xalq olduğumuzu sübuta yetirdik. Eləcə də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi, yəni 102 il sonra bir daha sübut etdik ki, yenilməz bir xalqıq. Ona görə də 44 günlük müharibədəki qələbəmizə varislik ənənəsi demək daha düzgün olardı. O həyəcanlı günlərimizdə qardaş Türkiyənin Azərbaycanın yanında olması, mənəvi dəstək göstərməsi də varislik ənənəsinin davamı idi. O cümlədən dost Pakistanın da bu qardaşlıq missiyasına qoşulmasının, bizə möhkəm dəstək verməsinin şahidi olduq. Bir neçə gün əvvəl Türkiyə Ordusunun əsgər və zabitləri ilə birgə Laçında təlimlər keçirildi. Bu da təsadüfi deyil, çünki Laçın Azərbaycanın Qərb qapısıdır. Ermənilər Ermənistandan Qarabağa, Qarabağ erməniləri isə Ermənistana buradan keçirlər. Laçın dəhlizi ermənilər üçün ən əlverişli təmas dəhlizidir. Onlar həmişə buranı ciddi-cəhdlə öz əllərinə keçirməyə çalışıblar. Lakin qismət olmayıb.
Xatırladaq ki, Bakının azad edilməsindən cəmi bir neçə ay əvvəl ermənilərin fəxr etdikləri və çox güvəndikləri qulağıkəsik Andronik də Laçını və Şuşanı ələ keçirməyə çalışıb. Lakin Laçın hakimi Sultan bəy Sultanov general Anronik Ozanyanın diviziyasını Laçın yaxınlığındakı Zabux dərəsində elə darmadağın etmişdi ki, bütöv diviziyadan cəmi bir neçə nəfər salamat çıxıb qaça bilmişdi. Deyilənlərə görə, Andronik yeddi nəfərlə Eçmiədzinə qaçmış, oradan da xarici ölkələrə keçmişdi. II Qarabağ müharibəsində də oxşar hadisələr baş vermişdi. Ermənistan ordusunun generalları döyüş meydanından əsgərlərindən əvvəl qaçdılar. Deməli, qaçmaq varisliyi də ermənilərin payına düşüb.