Vəli İlyasov |
Erməni qəsbkarları otuz il ərzində amansız soyqırımları törətməklə, Azərbaycanın şəhər və kəndlərini dağıdıb qarət etməklə bərabər ölkəmizin flora və faunasına da ciddi ziyan vurublar. Onlar təbiətimizlə vəhşi kimi davranıblar.
Bir faktı da qeyd edək ki, Zəngilan rayonu ərazisində uzunömürlü Şərq çinarının azsaylı təbii areallarından biri və ən böyüyü olan Bəsitçay çinar meşəliyi 1974-cü ildə dövlət mühafizəsinə götürülüb və həmin ərazidə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Təəssüf ki,işğal dövründə qoruğun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarı ağacları kəsilərək məhv edilib. Digər xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası ekoloji cəhətdən bərbad vəziyyətə salınıb, işğal dövründə gölün suyundan təsərrüfat və digər məqsədlər üçün intensiv istifadə olunması suyun səviyyəsinin aşağı düşməsi və oradakı bioloji ehtiyatların kəskin azalması ilə nəticələnib. İlkin tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, göldə mühafizə altında saxlanlmalı olan nadir qızılxallı balıq populyasiyası demək olar ki, məhv edilib.
1982-ci ildə regionda yaşı 120 ildən 2000 ilədək olan 152 ədəd qədim ağaca, 6 xüsusi qiymətli meşə sahəsinə və 6 geoloji-palientoloji obyektə təbiət abidəsi statusu verilərək dövlət mühafizəsinə götürülmüşdür. Bu təbiət abidələri də uzun illər ciddi təsirlərə məruz qalmış, qədim ağaclardan 131-i kəsilmiş və izlərinin itirilməsi məqsədilə kök hissələri belə yandırılmışdır. Bununla yanaşı, xüsusi qiymətli Araz palıdı meşə sahəsinin 288 hektarı tamamilə məhv edilib. Qeyd edək ki, bu qiymətli ağaclardan mebel hazırlayan ermənilər həmin mebelləri Avropanın bir çox şəhərlərində çox baha qiymətə sataraq milyonlar qazanmışlar.
Vurulayaq ki, işğaldan əvvəl Azərbaycan ərazilərində 2 000-dən çox ali bitki növünə rast gəlinirdi ki, bu da ölkə florasının 42 faizini təşkil edirdi. Bu növlərdən 72-si nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlər kimi “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na və dünyanın “qırmızı siyahı”larına salınıb. Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir. Bunlardan 10-a qədəri yalnız Şərqi Zəngəzur və Qarabağ bölgələrində bitən endemiklər olmaqla, dünyanın heç bir yerində bitmir.
İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, heyvanat aləminə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. İşğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağda mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni oradakı ağacların 25 faizi qırılaraq Ermənistana daşınıb. Təbiətin vəhşicəsinə istismarı nəticəsində burada da ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb.
Ermənistan ordusunun canlı qüvvəsinin və zirehli hərbi texnikasının böyük hissəsi qorunmaq məqsədi ilə dağlarımızda və meşələrimizdə gizlədilirdi. Bunun üçün də qazıntı işləri aparılması, ağacların, kolların qırılması lazım gəlirdi. Tırtıllı texnikaların torpağı necə yararsız hala saldığını hamı bilir. Beləliklə də təbiətə qəsd olunurdu. Ancaq düşmən bununla kifayətlənmirdi. Müharibə dövründə ağ fosfor tərkibli mərmilərdən Şuşa ətrafında istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. İndi orada yüz kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların və quşların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır.
Tərtərin Suqovuşan kəndi azad ediləndən sonra öz evlərinə qayıdan sakinlər söyləyirlər ki, əvvəllər bu dəryacada müxtəlif balıq növləri sürü halında yaşayıdı. Ağ balıq, qızıl-ala balıq süfrələrimizin ən ləziz yeməkləri sayılardı. İndi burada sanki balıq olmayıb. Məlumat almışıq ki, ermənilər buradan gedəcəklərini hiss edəndə suya zəhər qatıblar. Ona görə də dəryaçadakı bütün canlılar, o cümlədən də balıqlar məhv olublar. Bu nankorluğu və insana yaraşmayan hərəkəti ermənilər 1970-ci illərdə də etmişdilər. O vaxt Sərsəng Su Anbarı istifadəyə veriləndən sonra Ağdərədə yuva salmış ermənilərin bunu gözləri götürmədikləri üçün xəyanətlə oradakı balıqları məhv etmək üçün suyu zəhərləmişdilər. Onlar kanalizasiya xətlərini Tərtər çayına açaraq suyu murdarlamaqdan belə çəkinmir, bütün məişət tullantılarını çaya atırdılar.
Yadımdadır ki, atəşkəs illərində müxtəlif növ quşlar və heyvanlar, gəmiricilər ermənilərin zəbt etdikləri ərazilərdən perik düşüb bu tərəfə gəlirdilər. Bu, onu göstərirdi ki, ermənilər təbiətimizə böyük miqyasda dağıdıcı zərbələr vururlar. Təbii ki, ağır texnikaların manevrləri, ağırtonnajlı səhra və tank toplarının atəşləri, mina partlayışları, kassetli mərmilər, dağıdıcı raket zərbələri, müxtəlif partlayışlar təbiətin ahəngini pozub onu öz məhvərindən çıxarırdı. Təbiətin bu cür “yaralarını” isə sağaltmaq üçün onilliklər tələb olunur. Ancaq bu “yaraların” bəziləri heç vaxt sağalmır. Çünki bəzən güclü partlayışlardan yaranan yeraltı tektonik sürüşmələr nəticəsində bulaqlar batır, sular səmtini dəyişir, heyvanlar və həşəratlar o yerlərdən uzaqlaşır, yerüstü bitki örtüyü və ağaclar quruyur. Bunları isə yenidən bərpa etmək mümkün deyil. Bütün bunlara baxmayaraq Azərbaycan mümkün variantlardan istifadə edəcək, viran qoyulmuş torpaqlarımız cana gələcək, təbiətimiz əvvəlki gözəlliyinə qovuşacaqdır.