KÖŞƏ

Mahir Rəsuloğlu

Sükut!

24 sentyabr 2021 22:14
1879

Şəhidlərimizin müqəddəs ruhuna ithaf edilir...

Salam, bir il öncə bu vaxt damarında coşaraq, qaynayaraq səni haqq yoluna yürütən təmiz qanı, saf qanı can VƏTƏNİN məğrur qayalarının xınasına çevrilən, torpağının yarasına məlhəm olan ŞƏHİDİM!

Salam, qisas sevincindən gözəl gözləri gülən, Allaha əl açmış heç nədən xəbərsiz anasına, ANAMIZA ali zirvəyə ucalmaq arzusu həyata keçsin deyə dua elətdirən, ölümün üzərinə mahnı oxuya-oxuya gedən ŞƏHİDİM!

Salam, Xocalı cəlladlarını əlləriylə boğan, körpələrimizi süngüyə keçirən vəhşiləri didib-parçalayan, 30 ildir Vətən deyə-deyə ağlamaqdan yara bağlamış ürəyimizi sevindirən, əyilmiş qəddimizi dikəldən, qırılmış, əzilmiş, itmiş qürurumuzu özümüzə qaytaran ŞƏHİDİM!

Salam, bağrına yeni dünyaya gəlmiş körpəsi əvəzinə silahını basan, döyüşdə qala bilmək üçün yarasını gizlədən, Vətənin sağlığı üçün sağlığını verməyi şərəf bilən ŞƏHİDİM!

Salam, əyilməkdənsə sınmağı, öldürərək ölməyi üstün tutan, addımlarının dəydiyi yerdə yenidən Vətən doğulan, qışımızı bahar edən ŞƏHİDİM!

Salam, qıyıq gözlü, çökük yanaqlı, şirin səsli Xudayarım, “Vətən nədən yaxşıdır?” sorma deyirdin. Soruşmuram, bilirəm. Hamımız bilirik, bütün dünya bilir artıq, VƏTƏN SƏNSƏN, SİZLƏRSİNİZ! Ona görə yaxşıdır, qardaş, ona görə müqəddəsdir, ona görə özünə çəkir insanı! Uğrunda sənin kimi sevərək can verməyi bacaranlar var deyə sadəcə torpaq deyil, Vətəndir, gözəl Vətən!

Salam, hər gəlişimdə “Niyə qisasımız alınmadı, niyə qanımız yerdə qalıb?” deyə, Şəhidlər xiyabanındakı məzar daşından incik, narazı baxan Arazım, qardaşım, rahatlıq tapmısanmı cənnətdəki 21 illik məqamında? Yanına gələnlər danışdılarmı sənə qisasının, qisasımızın necə alındığını, sinənizi murdar gülləsi Vətən torpağına dəyməsin deyə sipər etdiyiniz erməniləri necə iti qovan kimi qovduqlarını? Dedilərmi Şuşada yenə şikəstə oxunduğunu?

Salam, məzarı yağı tapdağında, ruhu göylərdə əsir ŞƏHİDİM, azadlığının bir ili mübarək! Övladların ardınca gəldi, yolunla gəldi, Sənin üçün gəldi. Gəldi ki, dağlarının başındakı duman çəkilsin, səması aydınlansın, suları durulsun Vətənin. Gəldi ki, məzarını da, ruhunu da azad etsin!

Salam, Şəhidliyi analıqdan uca bilən, Mərdanının, Zəhrasının müharibəsiz dünyada yaşaması üçün haqq savaşına qatılan Arəstə bacım, üç minə yaxın igidin igid bacısı, milyonların Şəhid bacısı. Gözün arxada qalmasın, ruhun narahat olmasın övladların sarıdan, əmanətin əmanətimizdir!  

Salam, ŞƏHİDLƏRİM, cənnət yolçuluğunuzun bir ili ərəfəsində müqəddəs ruhunuzun qarşısında sükuta dalmağıma, sayğı duruşunda dayanmağıma icazə verin!