Vəli İlyasov |
Əzəmətli Talış kəndi Tərtər meşələrinin qoynunda yerləşən, sərin bulaqları və saf havası olan axarlı-baxarlı kəndlərindən biridir. “Köhnə kişilər” deyirdilər ki, onların ata-babaları da yayda sərinləmək və dincəlmək üçün bura istirahətə gələrmişlər. Lakin məlun ermənilərin ayağı bu yerlərə dəyəndən sonra bura qan çanağına çevrilib. Möhtəşəm Alban kilsəsi kəndin qədim tarixə malik olduğunu göstərir. Alban kilsəsi azərbaycanlıların ziyarət etdikləri müqəddəs yerlərdən biri sayılırdı. “Çağırılmamış qonaqlar” həyasızlıqla həmin kilsəni də saxtakarlıqla “özəlləşdirməyə” çalışırdıar.
Talış Birinci Qarabağ müharibəsində də strateji məntəqələrdən biri idi. Murovdağın sinəsində qərar tutmuş Talışdan ətrafdakı Tərtər, Goranboy, Naftalan, Bərdə rayonlarına nəzarət etmək mümkün idi. Ermənistanın uzaqvuran artilleriyası bu rayonları toplardan və raketlərdən müntəzəm atəşə tuta bilirdi. Ona görə də Ermənistan rəhbərliyi bura xüsusi əhəmiyyət verir, raket, artilleriya qurğuları yerləşdirir, betonlaşdırılmış müdafiə sədləri və səngərlər inşa edirdilər. O vaxt özünümüdafiə batalyonlarımız uğurlu döyüş əməliyyatları sayəsində Talışı azad etsələr də, lakin mövcud iqtidarın başı hakimiyyət davasına qarışdığı üçün kənd erməni qoşunları tərəfindən yenidən zəbt edildi. 1994-cü il mayın əvvəllərində bu kənd uğrunda sonuncu amansız döyüş oldu. Ermənilərin əsas planları Tərtərin Borsunlu və Goranboyun Tapqaraqoyunlu kəndlərini tutmaq, bununla da Gəncə yoluna nəzarəti ələ keçirmək və Kür çayının sahillərinə çıxmaq idi. Azərbaycan könüllüləri və həmin kəndlərin silah tuta bilən sakinləri qanlı döyüşlərdə Livandan gəlmiş erməni polkovnikini və Fransadan gəlmiş bir neçə muzdlu döyüşçünü öldürüb meyidlərini götürmüşdülər. Bununla və digər faktlarla sübut edildi ki, Ermənistan tərəfdən çox sayda muzdlu qatillər vuruşur. Düşmənə güclü zərbə vurulsa da, ancaq o vaxt qələbəni əldə saxlamaq mümkün olmadı. Beləliklə, Talış 27 il işğal altında qaldı. Yalnız 2020-ci il oktyabrın əvvəllərində Talış ikinci dəfə işğaldan azad olundu.
Bir neçə gün əvvəl Tərtərə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Suqovuşan və Talış kəndlərində olub. "Talış kəndi düz bir il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində və Azərbaycan bayrağını Talış kəndində ucaltmışam". Azərbaycan Prezidenti bu fikirləri Talışda Azərbaycan bayrağını ucaldan zaman söyləyib. Dövlətimizin başçısı Talış uğrunda aparılan amansız döyüşlərdən, orada otuz il müddətində ermənilərin möhkəmləndirdikləri istehkamlardan, Azərbaycan Ordusunun rəşadətli döyüş əməliyyatlarından geniş bəhs edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev bildirib ki, bir il əvvəl burada şiddətli döyüşlər gedib, şəhidlərimiz, qazilərimiz olub. Kəndin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yer tutub. Çünki burada çox güclü istehkamlar tikilmişdi, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizim hücumumuzu buradan gözləyirdi. Bir çox əməliyyatlarda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı çox ensizdir, ona görə də təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusunun qabağında Ermənistan ordusu acizdir, dayana bilməz və Qələbə uzaqda deyil. İlk azad edilən məntəqələrdən biri də Talış oldu. Bu gün Azərbaycanın suverenliyi bu bölgədə tam təmin edilib, bir il ərzində böyük infrastruktur işləri görülüb. Əsas odur ki, burada Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Əlbəttə ki, biz Talış kəndini bərpa edəcəyik, buraya həyat qayıdacaqdır.
Bəli, Talış kəndi bir ildir ki, azad olunub və bununla da abadlığa, inkişafa gedən yola çıxıb. Ermənilərin murdar izləri bu kənddən də silinməkdədir. Qədim yurdumuzun əsl sahibləri çox keçməyəcək ki, buranı gözəl bir kəndə çevirəcəklər. Burada artıq xeyli yenidənqurma, bərpa və abadlıq işləri aparılıb və işlərin miqyası getdikcə sürətlə genişləndirilir.