KÖŞƏ

Mahir Rəsuloğlu

İlan ulduz görməsə...

19 noyabr 2021 00:57
1477

Paşinyanın şok etirafları və onu buna vadar edən səbəblər haqqında

Dövlət sərhədimizin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən mövqelərimizə qarşı ermənilərin əvvəlkilərdən daha genişmiqyaslı və aqressiv təxribat-hücum cəhdinin qarşısının Silahlı Qüvvələrimiz tərəfindən layiqincə alınması və düşmənin növbəti biabırçı məğlubiyyəti bir daha göstərdi ki, Ermənistanın mövcudluğunu qoruya bilməsi üçün yeganə yolu danışıqlara qayıtmaq, sülh çağırışları ilə razılaşmaqdır. Paşinyanın bir neçə gün öncə vəzifəyə gətirdiyi yeni müdafiə naziri Suren Papikyan hələ kreslosunda yerini isitməmiş artıq rəhbərlik edəcəyi ordunun itkilərini açıqlamalı, daha doğrusu gizləməli oldu. Təyinatı düşmən ölkənin silahlı qüvvələrinin rəhbərliyində ciddi fikir ayrılığına, hətta qarşıdurmalara səbəb olan, bəzi generallar tərəfindən “mavi nazir” kimi qarşılanan Papikyanın elə ilk “özünütəsdiq” və “hücum” cəhdi ağır fiaskoya uğradı. Noyabrın 16-da baş verənlər, eyni zamanda, Azərbaycan və Ermənistan ordularının güc, döyüş ruhu, peşəkarlıq, təminat fərqinin müqayisə olunmayacaq dərəcəsini nümayiş etdirdi, revanşizmin ermənilərə nələr vəd etdiyinin daha bir anonsu oldu...

Son hadisələr yeni reallıqlar fonunda yeni etiraflara da zəmin yaratdı. Uğursuz hücum cəhdindən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin “hökumət saatı”nda deputatların suallarını cavablandırarkən erməni mətbuatının “gözlənilməz” adlandırdığı etiraflar səsləndirib. Azərbaycan Silahlı Qüvvələrinin guya Ermənistanın sərhədləri daxilində mövqelər ələ keçirməsi iddiaları ilə bağlı suala cavab verən Paşinyan bildirib ki, 2021-ci ilin 2 may hadisələrindən sonra müəyyən yerdəyişmələr baş verib və hər iki ölkənin ordusunun mövqeləri əsasən “dama taxtası” ardıcıllığı ilə düzülüb: “Müharibə nəticəsində Ermənistanın təxminən 40 kv.km ərazisi Azərbaycan tərəfindən “işğal edilib”. Eynilə, Azərbaycanın bəzi əraziləri birinci müharibə nəticəsində Ermənistanın nəzarəti altında olub və hazırda da var. Məhz buna görə də Ermənistan hakimiyyəti delimitasiya və demarkasiya prosesini vacib hesab edir.”

 

Nikol Paşinyan bununla da Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazilərini işğal etdiklərini və işğal olunmuş torpaqlarımızın bir qisminin hələ də geri qaytarılmadığını açıq şəkildə etiraf edib. Qeyd edək ki, bu, Qarabağ hadisələrinin başladığı 1988-ci ildən düşmən ölkənin rəhbəri tərəfindən edilən ilk belə etirafdır. Paşinyan son hadisələrdən sonra daha “səmimi görünür” və hiss olunur ki, məğlubiyyət ondan revanş tələb edən qüvvələr qarşısında, necə deyərlər, “əlini gücləndirib”. Ermənistanın baş naziri Görus-Qafan yolunun Azərbaycan hissəsinə düşən hissəsindəki kəndləri niyə növbəti dəfə “Eyvazlı” və “Çayzəmi” adlandırması ilə bağlı “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Mariya Karapetyanın sualını cavablandırarkən də etiraf edib və bildirib ki, həmin kəndlər Ermənistan ərazisi deyil: “Ermənistanla Azərbaycan arasında sərhəd hələlik müəyyən edilməsə də ölkə hakimiyyəti sovet xəritələrini rəhbər tutur, həmin xəritələrə görə isə yolun göstərilən hissələri Ermənistan SSR ərazisində deyil.”

Nikolun daha bir etirafı uzun illər davam etmiş münaqişəyə beynəlxalq ictimaiyyətin münasibəti ilə bağlı olub. Belə ki, erməni baş nazir ölkəsinin həmişə Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz hesab etdiyini və Azərbaycanın mövqeyinə qulaq asmadığını deyib. Nəticədə müəyyən andan etibarən Ermənistanın özünün də mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir. Paşinyan bildirib ki, onun bu sözləri özünütənqid kimi də qəbul edilə bilər və beynəlxalq gündəm üçün əhəmiyyət kəsb edən məsələləri təkcə öz meyarları ilə ölçmək mümkün deyil: “Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın daimi şikayətlərindən sadəcə olaraq yorulub. Və kobud desək, hər iki tərəfi nəhayət öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya bizim problem və qayğılarımızla yaşamalıdır. Ola bilsin ki, bizim bir az öz işimizlə məşğul olmağımızın vaxtı çatıb. Dünya ictimaiyyəti təxminən bunu bizə deyir.”

Hiss olunur ki, Azərbaycan əsgərinin ermənilərin başına endirdiyi növbəti “yumruğun” müalicəvi effekti özünü çox gözlətməyəcək və bütün bu etiraflardan sonra Nikol Paşinyan dünən hökumətin iclasında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifinin İrəvan üçün qəbuledilən olduğunu bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə üç təklif irəli sürüb: “Bunların üçü də bizim üçün qəbilediləndir. Mənim noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbulediləndir”. Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri həyata keçirməyə çalışmaq üçün detalları dəqiqləşdirməyi tapşırıb.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasının başlaması üçün təkliflərin birdən artıq olması onu göstərir ki, düşmən ölkə rəhbərliyinin razılaşmadığı məqamlar olub. Ancaq bir neçə gün öncəyə qədər prosesi hər vasitə ilə əngəlləməyə çalışan, şərtlər irəli sürən erməni baş nazir indi hər üç təklifin onlar üçün qəbuledilən olduğunu bildirir. Necə deyərlər, ilan ulduz görməsə, ölməz. Ulduz isə var, özü də təkcə göylərdə deyil, Qarabağda və Ermənistanla sərhəddəki zirvələrdə dalğalanan Azərbaycan bayrağının üzərində...