Vəli İlyasov |
Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonuna səfərində sakinlərlə görüşdə Zəngəzur dəhlizinin açılmasının gecikdirilməsinə münasibət bildirib. Dövlətimizin başçısı qarşı tərəfin inad göstərdiyini, konstruktiv mövqe tutmadığını vurğulayıb. Əlbəttə, bu inadkarlığın səbəbi var.
Soçi görüşündən sonra Ermənistan o qədər həyasızlaşıb ki, üç yüz il “kölgəsində yatdığı” Rusiyaya qarşı açıq siyasət yürütməyə başlayıb. “Ağa”sını dəyişmək arzusuna düşən İrəvan Qərbə inteqrasiya siyasətini daha heç kəsdən, hətta Rusiyadan da gizlətmir. Belə görünür ki, baş nazir Nikol Paşinyan NATO-ya və Avropa Birliyinə inteqrasiya istiqamətində ciddi addımlar atmaq niyyətindədir. Bunu onun indiyədək yarıgizli, yarıaşkar planları da təsdiq edir. Bu səbəbdən də Rusiya ilə körpüləri bir-birinin ardınca yandırmaqda davam edir. Dünənə qədər İrəvan bu siyasəti gizli formada aparırdısa, indi heç nəyə məhəl qoymadan, hətta Rusiyanın bölgədəki təsirinə və onunla olan müqavilələrə baxmayaraq qərbyönümlü siyasətə start verib. Əslində bu yoldan sapmaya onu erməni diasporu təhrik edir. Xaricdə yaşayan ermənilər Ermənistanı müstəqil siyasət aparan bir dövlət kimi görmək istəyirlər. Həm də bu “işdə” onlar tək deyillər. Qərbin bir neçə böyük ölkəsində ermənilərə dəstək verənlər var.
Politoloqlar və siyasi şərhçilər Ermənistanın NATO-ya üzv olan ölkələrlə birgə hərbi təlimlərini şərh edərkən belə düşündüklərini bildiriblər. Onlar qeyd edirlər ki, Ermənistanda antirusiya əhval-ruhiyyəsinin artması da bununla bağlıdır. Yaxın həftələrdə İrəvanda Rusiyanın əleyhinə bir neçə mitinq keçirilib və orada Rusiya Federasiyasının, həmçinin prezident Vladimir Putinin ünvanına çox ciddi etirazlar, ittihamlar və təhqirlər səsləndirilib. Mitinqçilər hətta bir neçə dəfə Rusiyanın dövlət bayraqlarını ayaqları altına ataraq tapdalayıb sonra da yandırıblar. Bu mitinqlərin məqsədi Soçi görüşü planlaşdırılarkən görüşün əhəmiyyətini minimuma endirmək olub.
Belçikanın paytaxtı Brüsseldə görüşün təşkil edilməsi də Qərbin öz qucağını Ermənistana geniş surətdə açmasının əlamətidir. Üstəlik, Avropa İttifaqının Ermənistana 2,6 milyard avro maliyyə yardımı verməsi də erməniləri Qərbə doğru əməlli-başlı meyilləndirib. Düşünmək olar ki, bu, bir tərəfdən Azərbaycan üçün əlverişli ola bilərsə, digər tərəfdən sülhyaratma prosesini müəyyən qədər ləngidə bilər. Çünki bu gün Rusiyanı, onun rəhbərliyini boykot edən Nikol Paşinyan sabah Soçi görüşü və Soçi prosesini baykot edə bilər. Yaxud da o, bir müddət Soçi prosesinə də qatılaraq vaxt qazanmağa çalışacaq. Proqnozlara görə, Ermənistan, xüsusən də onun baş naziri Nikol Paşinyan ölkəsini Avropa İttifaqı və NATO-ya qəbul etdirmək hədəfini seçib. Ermənilər nahaq yerə Nikol Paşinyanı “Qərbin tulası” adlandırmırlar ki!
NATO-nun Ukrayna və Gürcüstanı tezliklə öz tərkibinə qata biləcəyi haqqında bəyanatları İrəvanı şirnikləndirib. Rusiya Cənubi Qafqazda Ermənistanin timsalında qarşısı alınmayan çox ciddi problemlərlə üzləşə bilər. Azərbaycan bütün bu nüanslara, Ermənistanın apardığı siyasətin nəticələrinə əvvəlcədən hazır olmalı və özünün alternativ siyasətini formalaşdırmağa çalışmalıdır. Rusiya Ermənistanın da iştirak etdiyi bu hərbi təlimlərə reaksiya versə də, buna guya loyal münasibətini göstərmək üçün mediada işıqlandırılmayacaq. Yaxud da bəlkə artıq reaksiya verilib və cavabı da alınıb. Belə görünür ki, Ermənistan daxilində antirusiya mitinqlərindən ilham alan Paşinyan Rusiyanı eşitməməyə başlayıb. NATO və Rusiya arasında getdikcə gərginləşən qarşıdurma ərəfəsində rus himayədarından çıxaraq, Avropadakı yeni ağalarının ağuşuna atılmaq Paşinyan üçün əlverişli görünür. Ancaq bu, siyasi səriştəsi olmayan Paşinyana elə gəlir. Zəngəzur dəhlizinin açılmasına əngəl yaradan da Qərbin Paşinyanın başına sığal çəkməsi ilə əlaqədardır. Ermənistan xülyalardan əl götürmək istəmir. O, hələ də başa düşmək istəmir ki, çox güvəndiyi “böyük bacısı” Fransa Qərbin bir hissəsidir. Fransa Ermənistanla əlbir olsa da Cənubi Qafqazda “ayağına yer eləyə” bilmədi. Özünə “umac ova bilməyən” Fransa görəsən, Ermənistana necə “əriştə” kəsəcək? Ermənistan üçün yaxasını cıran Makron heç nə edə bilmədi, yəni Rusiyanın təsir dairəsinə soxulmağı bacarmadı və çəkilib yerində oturdu.
Cərəyan edən hadisələr açıq göstərir ki, Ermənistan ətrafında baş verən hadisələrdən dərs götürmək istəmir və bulanıq suda balıq tutmaq sevdasına düşüb. Ermənistan kimi zəif bir dövlətin güclülərin döyüşdüyü meydana çıxması bu “rinq”də onun “nokaut”la məğlub olacağına şübhə yeri qoymur. Onun-bunun artığı və qahmar çıxmağı ilə dövlət qorumaq olmaz. Allah saxlamasın!