KÖŞƏ

Vəli İlyasov

Erməni “Şümür” su istəyənlərə nə deyib? - Şuşada ilk tamaşa

11 yanvar 2022 00:57
1703

1800-cü illərdə  Şuşada məhərrəmlik təziyəsinin keçirilməsi xüsusi hazırlıqla qeyd edilərdi. Bu mərasimə demək olar ki, Şuşada çox ciddi hazırlaşardılar. Dini mərasim qırx gün davam edərdi. Məhərrəmliyin onuncu günü, yəni qətl sınan gün İmam Hüseynin əshabələrinin Kərbəla çölündə susuzluğa məruz qoyulmaları və şəhadətə yetirilmələri səhnələri göstərilərdi.  O səhnələri həm də Azərbaycanın ilk teatr tamaşaları da adlandırmaq olar. Şəhər sakini, gözəl səsi olan, sonralar Azərbaycanda  məşhur xanəndə kimi tanınan Xarrat Qulu ssenarini özü yazar və bir qayda olaraq tamaşadakı rolları ərki çatan  adamlar arasında bölərdi. Təbii ki, o zaman aktyor olmadığı üçün rolları sadə adamlar oynayırdılar. Bu barədə görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski yazırdı: "Şümür rolunu oynamağa heç kəs razı olmazdı. Çünki Şuşada kim İmam Hüseynin düşmənləri olan Yezid, Haris və Şümür rolunu oynasa, şəhər əhli həmin adamları bu adla çağırarmış. Təsadüfi deyildir ki, Şuşada Qurdlar məhəlləsində yaşayan Cavad kişiyə Yezid Cavad, Köçərli məhəlləsində yaşayan Sarı Bəşirə Haris Bəşir deyə ayama qoşardılar". Təbii ki, heç kəs bu adları qəbul etmək istəmirdi.

Hamının Şümürə nifrət etdiyini və onun rolunu kimsənin oynamayacağını görən  Xarrat Qulu əlacsız qalaraq bazarda kartof satan bir erməni kişisinə on manat qızıl pul verəcəyini vəd edir. Pula şirnikən erməni  Şümürün rolunu oynamağa razılıq verir. Xarrat Qulu onunla xeyli məşq edib səhnə mizanları və deyəcəyi sözləri əzbərlətdirir və tapşırır ki, tamaşada səndən kim su istəsə verməyəcəksən, əgər çaşıb versən pul yox, qulağının dibini görəcəksən. Erməni öz "rejissoru"nun tapşırığını qətiyyətlə yerinə yetirəcəyinə söz verir. Tamaşa zamanı uşaqlar, qadınlar, “yaralılar”  ondan su istəyəndə “Şümür” amansızlıq göstərərək yalvarışları, xahişləri rədd edir. Tamaşaçılar yerbəyerdən onu yamanlayır, lənətləyirlər. Tamaşaçıların hiddətini görən erməni “susuzluqdan yananlara” sonda belə deyib: "Mən sizə su verə bilmərəm, əgər versəm Xarrat Qulu pulumu kəsər". Tamaşaçılar gülüşüb və bununla da şəbih səhnəsi pozulub.

Kərbəlayı Xarrat Qulu Qarabağda və Qafqazın bir çox şəhərlərində uzun illər xanəndəlik etmiş, 1883-cü ildə altmış yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Xarrat Qulunun ölümündən sonra Kor Xəlifə adlı bir musiqişünas onun yolunu davam etdirərək Şuşada teatr tamaşaları təşkil edib.