KÖŞƏ

Mahir Rəsuloğlu

Tarixi toponimlərimiz də “azadlığına qovuşur”

12 yanvar 2022 01:58
1051

Ermənilərin qoyduqları eybəcər adlar gorbagor oldu!..

Azərbaycanın torpaqlarını işğal edərək 30 ilə yaxın əsarətdə saxlayan ermənilər Ermənistan ərazisində olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda da şəhər və kəndlərimizin adlarını dəyişdirmiş, tarixi türk toponimlərinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, eybəcər adlar vermişdilər. Təəssüf ki, işğal dövründə Qarabağ bölgəsinin adları dünyanın ən çox istifadə edilən beynəlxalq “Google maps” tətbiqində Azərbaycan dilində rəsmi adları ilə yanaşı, “erməniləşdirilmiş” saxta adlarla erməni dilində də göstərilib. Şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra tarixi torpaqlarımız kimi, yurd yerlərimizin tarixi adları da “azadlığına qovuşdu” və Qarabağda və Şərqi Zəngəzurda ermənilər tərəfindən saxtalaşdırılmış toponimlərin öz rəsmi adları ilə tanınması üçün bir neçə istiqamətdə fəaliyyət həyata keçirilməyə başlandı.

Belə ki, 2021-ci ilin may ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) tərəfindən BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edildi. Hesabatda 4 589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahı, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən olunmuş 125 coğrafi obyektin adı yer almışdı. Bu addımın xüsusi önəmi ondan ibarətdir ki,

BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə Konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə, hər hansı bir dövlətin səlahiyyətli qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.

Ötən ilin sonlarında isə “Google maps” tətbiqində düzəlişlərin aparılması üçün XİN tərəfindən rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında məsələ qaldırıldı. Nazirliyin məlumatında bildirilirdi ki, Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdim edilib.

Bəlli olduğu kimi, qeyd olunan tətbiq əsasən istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərdiyindən hər bir azərbaycanlının, xüsusilə həmin ərazilərin sakinləri olan keçmiş məcburi köçkünlərin, habelə qeyri-hökumət təşkilatlarının mövzu ilə bağlı fəal şəkildə fikirlərini “Google” şirkətinə yazmaları çox önəmlidir. Müraciətlərin sayı nə qədər çox olarsa, “Google maps” tətbiqində düzəlişlərin aparılması daha tez reallaşa bilər.

Qeyd edək ki, Azərbaycan tərəfinin rəsmi müraciəti Ermənistanda revanşizm xülyaları ilə yaşayan ermənilərin kefinə əməlli-başlı “soğan doğradı” və düşmən ölkə mətbuatı yerli ekspertlərin Qarabağ bölgəsindəki toponimlərin öz rəsmi adları ilə adlandırılmasına mane ola bilməyəcəkləri fikirlərini tirajladı. Ötən qısa müddət göstərdi ki, ermənilərin təlaşa düşməsi səbəbsiz deyilmiş və artıq “Google” şirkəti öz xəritələr tətbiqində dəyişikliklərə başlayıb. Bundan narahat olan Qarabağ bölgəsindəki ermənilərin qondarma “insan haqları üzrə müvəkkili”

Qeqam Stepanyan “Facebook” səhifəsində “Google” şirkətini xəritələrdə “erməni” toponimlərinin adının dəyişdirilməsini dayandırmağa çağırıb. Şirkətə məktubla da müraciət edən “ombudsman” yalvarıb ki, “Google” Bakının “əsassız tələblərinə məhəl qoymasın” və Qarabağın “erməni adlarını” rəqəmsal xəritələrdən çıxarmasın. Stepanyanın fikrincə, “Google”un “erməni adlarını” silmək üzrə hərəkətləri “Qarabağ əhalisinin” hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxara və “qanunsuz güc tətbiqinin nəticələrini qanuniləşdirə bilər”. O, şirkətin Azərbaycanın xəritələrə yenidən baxmaq cəhdlərindən əl çəkəcəyinə ümid etdiyini bildirib.

Erməni “hüquq müdafiəçisinin” hay-küy salması göstərir ki, “Google maps” tətbiqində düzəlişlərin aparılması prosesi artıq başlayıb və Qarabağda və Şərqi Zəngəzurda ermənilər tərəfindən saxtalaşdırılmış toponimləri uzun fasilədən sonra nəhayət ki, dünyanın hər yerində öz rəsmi adları ilə adlandırmalı olacaqlar...

Onu da qeyd edək ki, Azərbaycan tərəfindən təkcə suveren ərazilərimizdə deyil, vaxtilə ermənilərə bağışlanmış Ermənistan ərazisindəki tarixi torpaqlarımızda türk tiponimlərinin bərpası istiqamətində də lazımi fəaliyyət göstərilir. Bu baxımdan ilk milli elektron platformamız olan “GoMap.az”da Qərbi Azərbaycanın toponimlərinin bərpa olunması xüsusi əhəmiyyət daşıyır. Artıq bir neçə gündür ki, platformada Ermənistanın regionda dəyişmiş olduğu bütün mədəni və tarixi abidələrin adları Azərbaycan dilindəki tarixi adları ilə nümayiş olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi ilə "Sinam" şirkəti tərəfindən həyata keçirilmiş “Qərbi Azərbaycanın yaddaşı” layihəsinin təqdimatında bildirilib ki, bu toponimlərin bərpası tarixi ədaləti bərpa etməyə imkan verib. “Sinam” şirkətinin prezidenti Elçin Əliyev qeyd edib ki, layihə çərçivəsində 1000-dən çox toponimin adı bərpa olunub: “Ümid edirik ki, həmin ərazilərdən olan məcburi köçkünlər elektron platformaya daxil olaraq, doğulduqları yerləri qeyd edəcək, həmçinin həmin yerlərin şəkillərini əlavə edəcəklər”.

Döyüş meydanında Qələbəmizlə başa çatsa da, müzəffər yürüşümüz hələ davam edir. Haqqın nazilsə də üzülmədiyinin, ədalətin qalib gəldiyinin iştirakçısı və şahidi olduğumuz indiki vaxtda ermənilərə bir şeyi qəbul etmək qalır: Qarabağa arzuladıqları status kimi, rayonlarımıza, şəhər və kəndlərimizə, mədəni irs nümunələrimizə qoyduqları qondarma eybəcər adlar da cəhənnəmə getdi, gora getdi, gorbagor oldu!..