KÖŞƏ

Sevinc Azadi

Rəqəmsal texnologiyalar: Müasir çağırışlar və imkanlar

18 yanvar 2022 01:59
3502

Cənubi Qafqazda rəqəmsallaşma üzrə lider mövqe Azərbaycana məxsusdur

Bu gün rəqəmsallaşma nöqteyi-nəzərindən dünyanın mənzərəsi çox intensiv şəkildə dəyişməkdədir. İdarəetmənin müasir texnologiyalar üzərindən həyata keçirilməsi, rəqəmsal iqtisadiyyat quruculuğu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə geniş vüsət alaraq yeni qlobal trendə çevrilmişdir. Biz sözlə, yer üzündə ənənəvi həyat dəyişir. Biz beynəlxalq miqyasda mobil cihazların istehsalının və istehlakının sürətlə artdığını, internetin bütün dünyanı bir ovuc içinə sığışdıraraq kiçik kəndə çevirdiyini, sosial şəbəkələrin hər kəsin həyatına daxil olduğunun, daha mükəmməl bulud texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndiyinin şahidi oluruq. Rəqəmsallaşmanın əhatə dairəsinin genişlənməsinin məntiqi nəticəsi kimi, qlobal iqtisadiyyat sürətlə böyüyür. Hesablamalara görə, qabaqcıl rəqəmsal texnologiyaların tətbiqi 2025-ci ilə qədər dünyada ÜDM istehsalında 3-6 trilyon ABŞ dolları həcmində artıma səbəb olacaq. Əgər 2018-ci ildə qlobal məlumat sferasının həcmi 33 zettabayt təşkil edirdisə, 2025-ci ilə qədər bu rəqəmin 175 zettabayta çatacağı gözlənilir ki, bu da 5 qat artım deməkdir.

Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə uyğun quran dövlətdir. Ölkəmiz Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq idarəetmədə, iqtisadiyyatda və sosial sferalarda qabaqcıl texnologiyaların tətbiqi yolu ilə inkişafın ardıcıllığını və dinamizmini bundan sonra da təmin etməyi hədəfləyib. Respublikamızda dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunub. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fəaliyyəti təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev 3 iyun 2019-cu il tarixində “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Respublikamızda “hökumət buludu”nun yaradılması bir sıra müasir çağırışlarla bağlıdır. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun yaradılmasını şərtləndirən amillər sırasında yer alır.

Respublikamızın rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı hədəfləri də kifayət qədər böyükdür. O cümlədən ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş 10 min kvadratkilometrədək ərazinin bərpasında rəqəmsal texnologiyaların tətbiqinə geniş meydan verilir. Həmçinin dayanıqlı rəqəmsal infrastrukturun qurulması istiqamətində işlər uğurla davam etdirilir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri ölkəmizi qlobal internet şəbəkəsinə qoşan “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Proqram üç əsas blokdan - “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Asiya və Avropa arasında Azərbaycan vasitəsilə qlobal fiber-optik infrastrukturun yaradılması, “Google”, “Amazon”, “Alibaba”, “Tencent”“, “Apple”, “Netflix”, “Facebook”, “Microsoft”, “Baidu” və digər dünya provayderləri üçün qlobal Data Mərkəzin yaradılması, Azərbaycanda və bütövlükdə regionda rəqəmsal ekosistemin formalaşdırılması kimi üç əsas blokdan ibarətdir.

Qeyd edək ki, uğurla reallaşdırlan “Rəqəmsal İpək Yolu” layihəsi təkcə Azərbaycana deyil, həm də qitələri birləşdirən yeni telekommunikasiya dəhlizinin keçəcəyi ərazilər vasitəsi ilə Avropa və Asiya ölkələrinə də inkişaf üçün imkanlar yaradır. Ümumilikdə, proqramın həyata keçirilməsi Azərbaycanın təkcə Cənubi Qafqaz üçün deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün daha geniş mənada rəqəmsal xidmətlər mərkəzi olmasına imkan verəcək. Yeni internet mübadiləsi nöqtəsi olaraq, London, Frankfurt, Sofia, İstanbul, Moskva, Amsterdam və Dubay kimi daha inkişaf etmiş mərkəzlərlə yanaşı, Bakı 1,8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq.