KÖŞƏ

Mahir Rəsuloğlu

Azad, həm də təhlükəsiz!

06 mart 2022 02:37
1457

Ərazilərin minalardan təmizlənməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq fəaliyyətinin yeni mərhələyə keçməsinə şərait yaradacaq

Şanlı Qələbəmizlə yekunlaşan və erməni faşizminə son qoyan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində başladılan genişmiqyaslı bərpa-quruculuq işlərinin daha sürətlə həyata keçirilməsinə ərazilərimizin düşmən tərəfindən minalarla kütləvi şəkildə çirkləndirilməsi faktoru ciddi maneə yaradır. Baxmayaraq ki, düşmən ölkə tərəfindən əvvəlcə 2021-ci il iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr, daha sonra isə 2021-ci il noyabrın 26-da keçirilmiş üçtərəfli Soçi görüşünün nəticəsi olaraq dekabrın 4-də nəhayət digər ərazilərin xəritələri Azərbaycana təhvil verilib. Ancaq bu xəritələrin dəqiqliyinin təxminən 25 faizdən çox olmaması Ermənistanın hələ də beynəlxalq hüququn tələblərinə və humanizm prinsiplərinə əməl etmək istəmədiyini, sülh çağırışlarına yanaşmada səmimi olmadığını açıq şəkildə göstərir. Halbuki hərbi ekspertlərin yekdil rəyi daha dəqiq xəritələrin olduğu qənaətini yaradır. Fakt isə ondan ibarətdir ki, təhvil verilmiş xəritələrin dəqiq olmaması ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsini ləngitməklə yanaşı, insan faktoru baxımından da ciddi təhlükə kimi qalmaqdadır. Təbii olaraq 30 ilə yaxındır ev-eşiyindən didərgin düşmüş keçmiş məcburi köçkünlər doğma yerləri görməyə can atır, nəticədə bəzi hallarda onların qanunsuz olaraq müxtəlif yollarla həmin ərazilərə səfərlər etməsi minaların partlaması nəticəsində faciələrlə nəticələnir. Bundan başqa, minaların mövcudluğu həmin ərazilərdə hərbi qulluqçularımızın, dövlət qurumlarının bərpa-quruculuq işləri həyata keçirən çoxsaylı əməkdaşlarının da normal fəaliyyətinə problemlər yaradır.

Martın 5-də ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ərazilərimizin ermənilər tərəfindən minalarla və partlamamış döyüş sursatları ilə çirkləndirilməsinin yaratdığı problemlərə toxunaraq bildirdi ki, hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil: “Əfsuslar olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir.”

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə və Qələbədən ötən müddətdə ərazilərimizin minalardan təmizlənməsi prosesi fasiləsiz davam etdirilir və bu işdə Azərbaycan hökumətinə qardaş Türkiyə başda olmaqla, İsrail, Rusiya, Pakistan, ABŞ, Fransa və s. dövlətləri tərəfindən birbaşa və ya bilavasitə kömək göstərilir. Nəticədə qısa vaxt ərzində kifayət qədər ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsinə nail olunub. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son məlumatına əsasən, Silahlı Qüvvələrimizin mühəndis qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir, həmçinin tikinti və əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur. Bu fəaliyyətin nəticəsi olaraq təkcə son bir ayda - fevralın 1-dən martın 3-dək olan müddət ərzində 870 hektardan artıq ərazi tam təmizlənib, 227 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib.
Ümumilikdə isə Vətən müharibəsindən bu günədək işğaldan azad olunan ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 14365 hektardan artıq ərazidə tam təmizləmə işləri aparılıb. Nəticədə 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9231 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib və bu istiqamətdə zəruri tədbirlər davam etdirilir. Göründüyü kimi, Silahlı Qüvvələrimizin mütəxəssisləri tərəfindən bu vaxta qədər aşkarlanan mina və partlamamış hərbi sursatların sayı 17482 ədəddir. Ərazilərimizin minalarla bu qədər çirkləndirilməsi özlüyündə erməni vəhşiliyinin əyani sübutu, humanitar prinsiplərin kobudcasına pozulmasıdır.

Güclü, dayanıqlı iqtisadi potensiala malik Azərbaycan dövləti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dirçəldilməsi üçün lazım olan bütün tədbirləri reallaşdırmaq iqtidarındadır və minalanmış ərazilər probleminin aradan qalxması ilə işlər daha geniş vüsət alacaq, bu, bərpa-quruculuq fəaliyyətinin yeni mərhələyə keçməsinə şərait yaradacaq. Torpaqlarımızın erməni işğalından azad edildiyi kimi onların insanlığa sığmayan, faşist əməllərinin nəticələrindən də tam xilas olunacağı günə çox qalmayıb.