Vəli İlyasov |
Bir neçə gün əvvəl keçirilən Brüssel görüşü Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində təməl yaradıb. Orada indiyədək cığallıq edən Ermənistana şans verilib ki, pozucu hərəkətlərinə son qoysun və sülh nizamlamasını pozmağa və ya onu əbəs yerə uzatmağa cəhd göstərməsin.
Gərgin beynəlxalq vəziyyət də tələb edir ki, Brüssel danışıqlarında nəzərdə tutulan maddələrə əməl edilməlidir, ən əsası da sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiya yaradılmalıdır. Komissiyanın yaradılması isə məhz Avropa İttifaqı tərəfindən Ermənistandan tələb edilməli və icrası olunmalıdır. Avropa İttifaqı Şurası üzərinə götürdüyü bu missiyanı yerinə yetirib və son söz Ermənistana qalıb. Lakin İrəvanda at izi it izinə qarışdığından hələlik müsbət nəticə hasil olmur. Nasist svastikasını başı üzərində gəzdirən revanşistlər, daşnaklar və digər qatı millətçi-şovinist tör-töküntülər Paşinyan hakimiyyətinə əl-qol açmağa imkan vermirlər. Onlar hər vəchlə aranı qarışdırmağa, əldə edilən razılaşmaları pozmağa çalışırlar.
Revanşistlərin təzyiqi ilə erməni tərəfinin son bəyanatları və təşkil olunan mitinqlər onların sözlərinin üstündə durmaq istəmədiklərini nümayiş etdirir. Halbuki müharibədən əziyyət çəkmiş sadə ermənilər hərbi əməliyyatların bir daha başlamasını istəmirlər. Bundan başqa, Rusiyanın ATƏT -in Minsk Qrupundan çıxarılması təklifləri və ümumiyyətlə, bu qrupun ləğv edilməsi Ermənistandakı revanşistlər və rəsmi Moskva tərəfindən böyük qısqanclıqla qarşılanır, artıq bununla bağlı açıqlamalar da verilməkdədir. Məhz buna görə də beynəlxalq aləmdə hökm sürən qarışıqlıqlardan istifadə edərək ermənilər gərginliyi artırmağa çalışır və sülh müqaviləsinin imzalanmasını bilərəkdən gecikdirirlər. Onların əsas məqsədləri bu minvalla Azərbaycandan bəzi güzəştləri qoparmaqdır. Bu, həm də “Qarabağ klanı”nın planının tərkib hissəsidir, çünki qarşıda onları yol verdikləri ciddi qanun pozuntuları ilə bağlı həbslər gözləyir. Yaxşı bilirlər ki, uzun illər törətdikləri cinayətlərə və büdcə talançılığına görə cavab verməlidirlər. Ona görə də gərginliyin azalmaması üçün əllərindən gələni edirlər.
Ancaq buna baxmayaraq belə bir şəraitdə də Azərbaycan gözləmə mövqeyi tutmayacaq. Çünki ölkənin sərhədlərinin təhlükəsizliyinin, suverenliyinin qorunması Böyük Qayıdışın əsas meyarıdır və buna uyğun olaraq da hərbi məsələlərimiz davam etdirilir və ardıcıl olaraq davam etdiriləcək. Sonuncu irəliləyişlər, xüsusilə strateji Fərrux yüksəkliyi istiqamətində keçirilən uğurlu əməliyyatdan sonra ermənilərin təşvişi daha da artıb. Bununla yanaşı, cənub istiqamətində strateji əhəmiyyətə malik Qarakolluq və Daşbaşı yüksəkliklərinin də nəzarətimizə keçməsi ətraf kəndlərə və Ağdərəyə gedən yola nəzarət deməkdir.
Ordumuzun reallaşdırdığı bu əməliyyatlar söz yox ki, 2020-ci ilin 10 noyabr Bəyanatından sonra Qarabağda çox ciddi hərbi irəliləyişidir. Bütün bunlar o deməkdir ki, Azərbaycan öz məqsədinə çatanadək mövqeyində möhkəm dayanacaq. Erməni separatçıların və Ermənistandakı revanşistlərin iddialarına gəldikdə isə bu gün “Dağlıq Qarabağın müstəqilliyi ” ümumiyyətlə, Paşinyan hakimiyyətinin gündəliyində yoxdur. Bunu özləri də Xarici İşlər Nazirliyi səviyyəsində etiraf edirlər. Ermənilərin Parisdə, Moskvada qopardıqları vay-şivəni eşidib reaksiya verən yoxdur.
Bu gün Azərbaycan tərəfi Qarabağ məsələsində öz sözünü deyir, qəti mövqeyini ortaya qoyur və bir addım da geri çəkilməyəcəyini nümayiş etdirir. Ermənilər və onların havadarları bundan nə qədər gərginlik keçirsələr də, postların boşaldılması, separatçı rejimin keçirdiyi qorxu hissləri, qondarma “fövqəladə rejim”in tətbiqi və bu kimi məqamlar göstərir ki, proseslər Azərbaycanın diktə etdiyi kimi gedir. Buna görə heç bir xarici dövlət regionda və yaxın ərazilərdə baş verən hadisələrdən nəticə çıxararaq müdaxiləyə yol verməyəcək. Yəni, Ermənistanın xarici ağalarına güvənməsi sabun köpüyündən başqa heç nə deyil. Artıq aydın olur ki, “əzabkeş” və “yazıq” ermənilərin məkrli niyyətləri ürəklərində qalacaq. “Allah əmri ilə olmasa da, yan dəmiri” ilə sülhə gələcəklər, çünki əlləri yapışdıqları divarlardan da üzülüb. İndi Ermənistan “qıl körpü”nün üstündə o tərəf, bu tərəfə yellənir, ya o yanlıq olacaq, ya da bu yanlıq.