KÖŞƏ

Mahir Rəsuloğlu

Ya indi, ya heç vaxt?

26 aprel 2022 23:01
1429

Ermənistanın gələcəyini “düşünənlər” əslində sülh müqaviləsinin əleyhinə çıxmaqla odla oynayırlar

Ermənistanda siyasi gərginlik getdikcə artır və müxalifət tərəfdarlarının hətta hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalara gətirib çıxaran etiraz aksiyaları bütün ölkəni bürüməkdədir. Paytaxt İrəvanda başladılan müxtəlif tədbirlər qısa müddətdə Ermənistanın bölgələrinə də yayılıb. Hələ ki aksiyalar xaotik təşkil edildiyindən və müxalifətin hakimiyyət əleyhinə birləşməsi mümkün olmasa da hadisələr Nikol Paşinyan iqtidarı üçün arzuolunmaz vəziyyətin yaranması ilə nəticələnə bilər. Düşmən ölkənin baş nazirinin parlamentdə sonuncu çıxışı zamanı Azərbaycan ilə hər hansı ilkin şərt olmadan sülh müqaviləsi bağlamağın zərurət olduğu, bunu beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətlərinin də tələb etdiyi barədə açıqlamaları onun əleyhdarlarının əlinə fürsət verib. Sadə dildə desək, Paşinyan sülh müqaviləsi imzalamağın qaçılmaz olduğunu başa düşür, qəbul edir və bu istiqamətdə addımlar atacağını gizlətmir. Ermənistan baş nazirini reallıqlarla barışmağa məcbur edən ciddi səbəblər var. O, çıxışında bu səbəbləri açıq şəkildə iqtidar və müxalifətdən olan millət vəkilləri ilə bölüşərək bildirmişdi ki, Azərbaycanın təqdim etdiyi təkliflərlə razıdır. Söhbət sülh müqaviləsinin əsas baza prinsiplərini təşkil edən 5 təklifdən gedir. Məhz buna görə Rusiyanın ardınca son ümidləri Brüsseldə də sönən ermənilər keçirilmiş üçtərəfli görüşlərin nəticəsi olan qaçılmaz sonluğun gərginliyini yaşamaqdadırlar. Azərbaycanın Qarabağla bağlı qəti və konkret mövqe nümayiş etdirməsi, münaqişənin artıq keçmişdə qalması həqiqətinin dünyada qəbul olunması və nəhayət ATƏT-in Minsk Qrupunun 30 illik yubileyini keçirmədən “təqaüdə göndərilməsi”, yəni de-fakto fəaliyyətini dayandırması Ermənistanda siyasi böhranın getdikcə alovlanmasını şərtləndirir. Bu dəfə həm hakimiyyətə, həm də bir-birinə qarşı istifadə edilən ən populyar təzyiq “kartı” isə qondarma “Dağlıq Qarabağ respublikası”nın mövcudluğunu itirməsi ilə bağlıdır. Bu gün bütün Ermənistanda siyasətlə məşğul olan hər kəs qondarma xunta rejiminin itirilməsindən siyasi xal qazanmağa, vəziyyətdən hakimiyyət uğrunda mübarizədə yararlanmağa çalışır...

Bəs Azərbaycanın düşmən ölkədə baş verən proseslərə birbaşa və ya bilavasitə təsiri hansı səviyyədədir? Bəlli olduğu kimi, Azərbaycan öz fəaliyyətini birmənalı olaraq Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi istiqamətində qurub. Bu, eyni zamanda, postmüharibə dövrünün tələbidir. Ancaq bu zaman bizim üçün qırmızı xətt olan ərazi bütövlüyü məsələsi əsas olaraq qalır və Ermənistana təqdim edilmiş təkliflərdə bu məqam tam şəkildə nəzərə alınıb. Görünən odur ki, Azərbaycanın məhz qeyd edilən haqlı tələbi düşmən ölkədə revanşistlərin hakimiyyət əleyhinə müxtəlif uydurma ittihamlar irəli sürmələrinə rəvac verib. Ancaq Nikol Paşinyan heç nəyə baxmayaraq sülh müqaviləsinin imzalanmasında maraqlı görünür. Ehtimal ki, erməni baş nazir öz elektoratının onu sonadək müdafiə edəcəyinə əmindir. Nikol həm də Ermənistanın gələcəyinin məhz indi atılacaq cəsarətli addımlardan asılı olduğunu dəqiq bilir. Bilir ki, bu bir tarixi fürsət, eyni zamanda, son şansdır. Necə deyərlər, ya indi, ya heç vaxt...

Sülh müqaviləsinə aparan proses isə başlayıb və artıq birbaşa təmaslar vasitəsilə növbəti mərhələyə qədəm qoyub. İki gün əvvəl Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla onun ermənistanlı həmkarı Ararat Mirzoyan arasında müharibədən sonra baş tutan sayca ikinci telefon danışığı da bu istiqamətdə konkret işlərin görüldüyünü təsdiqləyir. Telefon danışığı zamanı nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar və tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri, həmçinin Komissiyanın, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılığa gəliblər. İki dövlət arasında danışıqlar müsbət nəticəyə ümid yaradır, üstəlik bu nəticənin əldə olunması artıq beynəlxalq tələbə çevrilib.

Avropa İttifaqının, eyni zamanda Rusiya, Fransa, ABŞ kimi dövlətlərin bir-birinin ardınca Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərdə vasitəçilik arzuları bir az da qəribə təəssürat yaradır. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizə qədər beynəlxalq ictimaiyyətin, eyni zamanda, adlarını qeyd etdiyimiz təşkilat və dövlətlərin keçmiş münaqişəyə münasibətdə yalnız status-kvonu qorumaq cəhdlərini görürdük. Bu gün isə dünən “münaqişənin həllinin danışıqlardan başqa alternativi yoxdur” deyərək problemi uzatmağa çalışanlar sülh müqaviləsi “naminə” Bakı reyslərinə bilet növbəsinə dayanaraq ardınca qəbul növbəsi gözləyirlər. Necə deyərlər, biri getməmiş digəri gəlmək istəyir. Və hamısı da qalib tərəf kimi diktə edən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı haqlı tələbi ilə razılaşıblar və ya razılaşmağa məcbur olublar. Bax belə...