Vəli İlyasov |
Və ya Qərb Bakıdakı mitinqdə niyə olmayan pozuntu axtarır?
Son vaxtlar ermənipərəst dairələr Azərbaycanın bölgədə yaratdığı reallıqları pozmaq, zəiflətmək, regionda gedən müsbət proseslərə süni maneələr yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki, yenə də ənənəvi qaydada-“demokratiya və insan haqları” adı altında məkrli planlarını icra etməyə başlayırlar.
Xeyli müddətdir ki, Qərbin bəlli dairələri Azərbaycanda təsir dairəsində saxladıqları müəyyən qruplar və “demokratlar” vasitəsilə aksiyalar təşkil etməyə çalışırdı. Lakin bəhanə tapmırdılar. Nəhayət, belə bir bəhanə əllərinə keçdi.
Jurnalist Aytən Məmmədova ilə bağlı hadisə baş verəndən dərhal sonra “dirijoru” divarın arxasında olan “xor dərnəyi” “elegiya” oxumağa başladı.
Ehtimal edilir ki, bu hadisə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən həmin dairələrin sifarişi ilə də törədilə bilər. Bu versiyanı təsdiq edən faktlar ortadadır. Birincisi odur ki, hadisə baş verəndən dərhal sonra insident siyasiləşdirildi. Cəmi bir gün sonra, yəni, mayın 9-da müəyyən müxalifət partiyaları, “hüquq-müdafiə” şəbəkəsi və xaricdəki “bloger” dəstəsi bu kampaniyaya rəvac verərək Bakıda icazəsiz aksiya keçirmək üçün çağırışlar etdilər.
Hadisə araşdırılmamış daxildən və xaricdən tələsik açıqlamaların yayılmasına başlandı. Mayın 9-da həm ABŞ Dövlət Departamenti, həm ABŞ-ın Azərbaycandakı səfirliyi bu olayı pislədilər. Mayın 10-da isə kampaniyaya beynəlxalq təşkilatlar – “Sərhədsiz reportyorlar”, “Norveç- Helsinki Komitəsi”, “Human Rights Watch” və s. qoşuldular.
Bir gün sonra bir qrup şəxs mayın 14-nə etiraz aksiyası təyin etdi.
Təəccüblü odur ki, ilk anlardan hadisə Qərbin nəzarətindəki media qurumları - “Amerikanın səsi” və “Azadlıq” radioları tərəfindən xüsusi olaraq diqqətdə saxlanılıb, informasiya dəstəyi verilib, sosial şəbəkə hesablarında hətta ödənişli olaraq işıqlandırılıb. Hətta bu media qurumları özləri aksiyaya çağırışlar da edirdilər.
Ancaq aksiya onların gözləntilərini doğrultmadı. Aksiyaya çox az sayda adam qatıldı, onlar da yalnız bu prosesi təşkil edən bir neçə şəxs və onların yaxınları idi. Çıxış edənlərin fikirlərindən hiss olunurdu ki, onlar öz dilləri ilə deyil, yad dillə danışırlar. Haqq-ədalətin nə olduğunu doğru-düzgün bilməyən, necə deyərlər, ağzından süd iyi gələn öyrədilmiş gənclər naşı çıxışlar edirdilər.
Polis bütün aksiya boyunca təxribatlara çəkilsə də, səbrli davrandı, planın baş tutmasına imkan vermədi. Hətta təxribatçıların polisi təhqir etməsinə də təmkinlə yanaşıldı. Məsələn, tutaq ki, Amerikada, Fransada etiraz aksiyasında polisi o cür təhqir edənin qol-qabırğasını sındırıb, maşına basıb həbs edirlər. Hətta öldürülənlər də olur və cinayət törədən polisə “güldən ağır söz” deyən olmur. Lakin Bakıdakı aksiyada heç bir insident olmadı,polis tərəfindən həbs və ya zorakılıq halları baş vermədi. Bunu təşkilatçıların özləri, jurnalistlər və müxalifət partiyalarının radikal təmsilçiləri də etiraf etdilər. Belə olan halda Qərbdən gələn “insan haqlarını pozuntusu”, “zorakılıq” bəyanatlarına nə ad vermək olar?
Ələlxüsus Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiya ilə bağlı açıqlaması təəccüb doğurur. Səfirlik iddia edir ki, guya “may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb”, “zorakılıq” tətbiq olunub” və s. Belə çıxır ki, səfirlikdə mövqe əvvəlcədən formalaşdırılıb, “hazır dua” yazılıb və hadisələrin sonunu gözləmədən bəyan edilib.
Qərb dairələrinin Azərbaycana “hücum” üçün bəhanə axtardıqlarını Ermənistanda son günlərdə baş verənlərə münasibətdə göstərdikləri lal sükunət də təsdiq edir. Bir aydır ki, Ermənistanda etiraz aksiyaları keçirilir, İrəvanda polis müxalifətçiləri polis döyür, söyür, həbs edir. Hətta bir nəfər ölən də var. Ancaq beynəlxalq təşkilatların səsi çıxmır. Əksinə, bəzən Ermənistanın dövlət qurumlarına haqq qazandırılır, etirazçılar təmkinə, qanunsuzluqlar etməməyə çağırılır. Azərbaycana münasibətdə isə icazəsiz aksiyada olmayan zorakılıqlara, “insan hüquqlarının pozulmasına” görə dalbadal bəyanatlar verirlər.
Görünür Qərbdəki məkrli dairələr sülh müzakirələri ərəfəsində belə fon yaratmaq istəyirlər ki, guya Azərbaycan dövləti insan hüquqlarına hörmət etmir, Qarabağdakı ermənilər də buna görə Azərbaycan vətəndaşlığına qayıtmaq istəmirlər. Dərinliklərdəki niyyət belə “faktlarla” ermənilərin “status” utopiyasına haqq qazandırmaqdır.
Qarabağ Zəfərimizə görə qisas hissi ilə alışıb-yanan düşmən dairələr hərəkətə keçiblər. İndi çox həssas andır. Gözlənilməyən anda zərbə vurmağa fürsət axtaracaqlar. Ona görə də bədxahlara fürsət verilməməlidir.
Demokratiya pərdəsi altında oynanılan oyunlar çoxdan ifşa olunmuş bəhanələrdir, biz qalibik və indi sıra bizdədir.