KÖŞƏ

Vəli İlyasov

Çevrilmə...

25 may 2022 03:01
1494

Şuşa Real Məktəbi yeni həyata qədəm qoyur

2020-ci il noyabrın 8-i... Ağır döyüşlərin getdiyi o gün bütün azərbaycanlılar Ali Baş Komandan İlham Əliyevin dilindən “Şuşa azaddır” sözlərini eşidəndə böyük həyəcanla, sahilsiz sevinclə qarşıladı. Əlbəttə, hamı illərdir o günü səbirsizliklə gözləyirdi, çünki Şuşa yarandığı gündən Azərbaycanın baş tacı və qüruru olub. Lakin 270 illik tarixində ermənilər onlara birləşmiş xarici və daxili bədxahlarımızla Qarabağı və ona bitişik yeddi rayonumuzu işğal edərək şəhər və kəndlərimizi talayıb Ermənistana daşıdılar, yurd yerlərimizi isə xarabazara çevirdilər. Bu vəhşiliyə gözəl Şuşamız da məruz qaldı.

Hazırda mədəniyyətimizin paytaxtı, qəhrəmanlıq tariximizin ən şanlı səhifəsi yazılan Şuşada iyirmi səkkiz illik erməni işğalından sonra sürətli tikinti və  bərpa-quruculuq işləri aparılır. Erməni işğalçıları tərəfindən dağılıb viran edilmiş yaşayış binaları, görkəmli şəxsiyyətlərimizin ev-muzeyləri, müəssisələr, tarixi abidələr yenidən qurulur və bərpa olunur.  Şuşamızın ruhuna can, dağıdılmış, viran edilmiş hər tikilinin ömrünə yenidən həyat verilir. Bütün bu işlər Şuşanı azad edib, əzəli sahiblərinə qaytaran xalqımızın xilaskar oğlu, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında aparılır. Prezidentimizin il yarım ərzində Şuşaya səkkiz dəfə səfər etməsi dövlət başçımızın Şuşanın abadlaşdırılmasına  diqqətinin göstəricisidir.    

Ümummilli lider Heydər Əliyevin doğum günü Qarabağın xilaskarı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada olmaları heç də təsadüfi deyildi. Bu səfər "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur" deyən ümummilli lider Heydər Əliyev ideyalarına sədaqəti ifadə etməklə Şuşanın ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu özündə ehtiva edir.

Prezident İlham Əliyev Şuşaya sonuncu səfərində gözəl ənənələri olan Şuşa Real Məktəbinin fonunda fotosunu paylaşması, sonra həmin məktəbin təmiri və bərpası üçün bir milyon manat ayırması dövlət başçımızın  Şuşamıza, həm də təhsilimizə qayğısının təzahürüdür.  XIX əsrdə Azərbaycanda maarifçilik ideyalarının yayılmasında yeni bir mərhələ başlanmışdı. Dövrün görkəmli ziyalıları yeni tipli dünyəvi biliklər verən məktəblərin yaranmasını vacib sayır, əhalinin maariflənməsinə xüsusi əhəmiyyət verirdilər. Bunun nəticəsi olaraq əhalinin dünyəvi təhsilə marağı xeyli artmışdı. Qeyd edək ki, o zaman yalnız Bakıda bir əsas məktəb, Gəncədə bir klassik gimnaziya var idi. Belə bir vaxtda şuşalılar şəhərlərində yeni tipli məktəb açmaq xahişi ilə Peterburq-Qafqaz Komitəsinə müraciət etdilər.

Müsbət cavab alınandan sonra yerli əhalinin səyləri və ianələri ilə 1881-ci il sentyabrın 20-də burada altı sinifli Şuşa Realnı Məktəbinin təməli qoyuldu. Bina tikilib hazır olduqdan sonra məktəbə üç hazırlıq və üç əsas sinif olmaqla, 6 sinfə 159 şagird qəbul edildi. Məktəbin xərclərini isə yerli əhali öz üzərinə götürdü.

1890-cı ildə Qafqaz Təhsil Nazirliyinin nümayəndələri Ənuşirəvanın, pedaqoq Mirzə Qacarın və antropoloq Şantrınin Şuşa Real Məktəbinə səfər etmələri şagirdlərin məktəbə olan maraqlarını daha da artırdı. Məktəbin özəl xüsusiyyətlərindən biri də Tiflis məktəblərindən fərqli olaraq burada başqa dillərin öyrənilməsi təşviq edilsə də, xüsusi olaraq alman dilinin tədrisində məcburiyyət yox idi. Şagirdlərə azad seçim etmək imkanı verilmişdi. Bu məktəb tezliklə öz ənənələri ilə tanındı. Qısaca desək, burada xalqımızın “qızıl fondu” yaradılırdı. Azərbaycan ədəbiyyatında, elmində, mədəniyyətində, musiqisində, təhsilində tanınmış bir çox simalar yetişmişdi.

Şuşa Real Məktəbinin adı çəkilərkən onun xalqımızın maarifçilik tarixində rolunu qeyd edərkən istər-istəməz bu məktəbdə fəaliyyət göstərmiş dövrünün tanınmış maarifçiləri, görkəmli ziyalılar Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Səfərəli bəy Vəlibəyov, Yusuf bəy Məlik-Haqnəzərovun, bu məktəbdə ilk təhsilini almış millətimizin tarixində və taleyində böyük rolu olan görkəmli şəxsiyyətlər İsmayıl bəy Səfibəyov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov və Xan Şuşinski kimi bir çox tarixi şəxsiyyətlərimiz xatırlanır. Göründüyü kimi, Şuşa yalnız mədəniyyətimizin, musiqimizin yox, həm də təhsilimizin mərkəzidir.

Təmir-bərpa işləri başa çatandan sonra fəxr yerimiz olan Şuşa Real Məktəbi yeni həyatına qədəm qoyacaq, yeni uğurları ilə öz keçmiş şöhrətini bərpa edəcəkdir.