KÖŞƏ

Vəli İlyasov

Brüsselin gülümsər üzü...

03 sentyabr 2022 01:14
946

Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranacağının anonsudur

Bildiyimiz kimi, Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əhəmiyyətli razılaşmalar əldə olunub. Orada dövlətimizin mövqeyi belə idi ki, müzakirə olunan məsələlər arasında ən mühümü- qalib Azərbaycan və məğlub Ermənistan arasında bağlanacaq sülh sazişi yalnız Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 fundamental baza prinsipinə əsaslanmalıdır. Təbii ki, bu, görüşdə Prezidentimizin diktə edən tərəf olduğunun sübutudur. Bunu Prezidentimizin jestlərindən aydın görmək olar.

Xarici ölkələrin tanınmış hərbi ekspertləri, politoloqları və siyasətçiləri Brüssel görüşü ilə əlaqədar bildirirlər ki, Azərbaycanın qətiyyətli  rəhbəri İlham Əliyev həm də hazırlıqlı və savadlı diplomatdır, ona görə də beynəlxalq hüquq normalarına uyğun hüquqi tənzimləmələr onun güclü peşəkar tərəfidir. Prezident İlham Əliyevin formalaşdırdığı prinsiplər Rusiya və bu görüşdə maraqlı olan digər dövlətlər tərəfindən də tam dəstəklənir və ən əsası, beynəlxalq hüququn bütün tələblərinə cavab verir. Ona görə də Ermənistan Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərlə sülh sazişi imzalamağa məcbur olacaq, çünki başqa variant yoxdur. Ermənistan otuz dörd ildir ki, qazdığı quyuya sonda özü düşüb və uğradığı biabırçı məğlubiyyətdən yayınmağa, özünü sığortalamağa imkanları yoxdur. Artıq Ermənistanın bəhanələri, vaxt uzatmaları onun özünü daha çıxılmaz vəziyyətə sürüdüyündən Nikol Paşinyan seytnot vəziyyətindədir. Başqa sözlə, bəhanə və ləngitmələrin limiti bitib. Prezident İlham Əliyev əvvəllər bu barədə Ermənistan rəhbərlərinə dəfələrlə, həm də sərt şəkildə öz mesajlarını çatdırıb. Lakin bütün xəbərdarlıqlara baxmayaraq Ermənistan vaxtı uzatmaq üçün aralıq yollar axtarmaqdan əl çəkmədi.

Ötən ay reallıqlarından qısamüddətli "Qisas" antiterror əməliyyatı da açıq göstərdi ki, Ermənistanı mövcud reallıqları qəbul etməyə məcbur etmək üçün diplomatiya və güc tədbirləri gec-tez öz nəticəsini verəcək. Hazırda hər tərəfdən divara qısnanmış Ermənistan istəməsə belə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı, sülh müqaviləsini imzalamalı olacaq, Konstitusiyasına dəyişikliklər edəcək, orada yer alan Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək və sivil inkişaf yoluna qədəm qoyacaq. Ermənistan bunu etməsə, onun tarixi və geosiyasi perspektivləri təhlükəli həddə çatar və bu dövlət dünyanın siyasi xəritəsindən silinə bilər. Heç zaman bir qurumu olmayan ermənilər yüz illər boyu olduğu kimi, yenə də dövlət üzünə həsrət qalarlar. Daha nə Rusiya, nə də bir başqası ermənilər üçün yeni dövlət quraşdıra bilməz. Çünki erməni xəyanətini bütün dünya gördü.

Politoloqlar ATƏT-in Minsk qrupunun bərpa olunmayacağını vurğulayıblar və deyiblər ki,  qrupun qeyri-ciddi üzvləri boşboğazlıqla, diplomatik turizmlə məşğul olduqlarına görə 30 il ərzində heç bir iş görməyiblər. Onlar yalnız bir əməlləri ilə yadda qalıblar. O da həmin müddətdə dolayısı ilə Ermənistanın işğalçılıq siyasətini dəstəkləmələridir. Həmsədrlər ildə bir dəfə saxta “konstruktiv” təkliflərlə bölgəyə gələrək işğalın müddətini uzatmaqla məşğul olublar. Vaxtilə onların “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “dqr”, “status-kvo”, “millətlərin öz müstəqilliyini təyin etmə hüququ” və s. işlətdikləri əbləh ifadələr və onların arxasında gizlənən çirkin niyyətlər tarixin zibilliyinə atılıb. Brüsseldə bu ifadələri işlətmək erməni tərəfinin heç xəyalına belə gəlməyib. Doğrudur, Nikol Paşinyan İrəvana qayıdandan sonra Brüsseldəki uğursuzluğunu gizlətmək üçün heç bir məlumat sızdırmasa da gec-tez ermənilər hər şeydən xəbər tutacaqlar. Paşinyan hökuməti erməni toplumunu sülhə hazırlamalıdır, korafəhim topluma izah etməlidir ki, Ermənistan dərin uçurumun bir addımlığındadır, bircə zərbə ilə uçurumdan aşağı yuvarlana bilər. İnsafən, bu təhlükəni görən ermənilər də az deyil. Mətbuatda çıxış edən bir çox tanınmış şəxslər bu vəziyyəti olduğu kimi qiymətləndirir və soydaşlarını sülhə çağırırlar.

Artıq siyasi dairələrdə inam yaranıb ki,  inadkar rəsmi İrəvanın sülh yolu ilə nizamlanma prosesini uzatmaq, hətta ola bilsin ki, təxirə salmaq istəyinə baxmayaraq, tərəflər siyasi konsensusa gələcəklər.

Azərbaycan beynəlxalq hüquq normalarına istinad etdiyindən, Ermənistan isə millətçiliyə meyilli olduğundan prosesin çətin keçəcəyi gözləniləndir. Ancaq bu, Ermənistanın öz problemidir. Davakar daşnakları və neofaşist ultramillətçi revanşistləri ilə necə davranar, özü bilər. Necə deyərlər, “itin dişi, tülkünün dərisi”, bir-birlərini nə qədər didirlər-didsinlər. Nəhayət, anlasınlar ki, özgəsinə silah qaldıranlar bir gün həmin silahla da məhv olurlar. Bizim üçün əsas odur ki, bölgəmizə hamımızın çoxdan gözlədiyi dayanıqlı sülh gəlsin, müharibə görmək istəməyənlərin, rahat yaşamaq istəyənlərin üzü gülsün. Brüsselin bizə tərəf çevrilən gülümsər üzü də buna əsas verir...