KÖŞƏ

Mahir Rəsuloğlu

Brüssel – Praqa – Brüssel...

07 oktyabr 2022 01:16
1238

“Son dayanacaq” Ermənistanın növbəti kapitulyasiyası və sülh sazişinin imzalanması mərasimi olacaq

Dünən – oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü çərçivəsində baş tutan çoxsaylı ikitərəfli və çoxtərəfli danışıqlar Cənubi Qafqaz regionunun gələcək taleyinin müəyyənləşdirilməsi baxımından xüsusilə əhəmiyyətli oldu. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi 2018-ci ildən bəri ilk dəfə olaraq Türkiyə Cümhuriyyətinin Prezidenti, son dövrlər dünyanın siyasi gündəminin formalaşmasında nüfuzlu söz sahibinə çevrilmiş Rəcəb Tayyib Ərdoğanla görüşdü. Ardınca isə Azərbaycan Prezidenti İlham Əliyev, Fransa lideri Emmanuel Makron, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirdiyini də nəzərə alsaq aparılan danışıqların, baş tutan təmasların konkret nəticələrə hesablandığını təxmin etmək olar. Bu fikri təsdiqləyən daha bir fakt isə ondan ibarətdir ki, noyabr ayında Azərbaycan Prezidenti Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri Belçikanın paytaxtı Brüsseldə yenidən bir araya gələcəklər. Bu barədə dövlətimizin başçısının dünən Şarl Mişel ilə görüşü zamanı qeyd edilib. Bildirilib ki, söhbət zamanı növbəti üçtərəfli görüşün gündəliyi müzakirə olunub. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın Brüssel formatını dəstəklədiyini də ifadə edib.

Qeyd edək ki, liderlərin Praqaya yola düşməzdən əvvəlki açıqlamaları da Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərində irəliləyişin mümkünlüyü ehtimalını artırır. Çünki Ermənistanın baş naziri səfər öncəsi parlamendə çıxışı zamanı “Mən sülh gündəliyinə sadiq olduğumuzu təstiqləyirəm” bəyanatını verib. Nikol Paşinyanın sözlərinə görə, o, sülh gündəliyinin konkret düstur üzrə həyata keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. Erməni baş nazir həmin düsturu əvvəlki müsahibəsində açıqladığını deyib.

Məlum olduğu kimi, Paşinyan bir neçə gün əvvəl Ermənistanın İctimai televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirmişdi və əlavə etmişdi ki, yalnız bu halda regionda sülhü bərqərar etmək mümkün olacaq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 5-də parlamentin iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər də düşmən ölkə hakimiyyətində nəhayət ki razılıqla bağlı müəyyən fikirlərin formalaşdığını deməyə əsas verir. Mirzoyan ilk dəfə olaraq açıq şəkildə bildirdi ki, Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. O, Azərbaycan tərəfinin bu ilin martında rəsmi İrəvana təqdim etdiyi 5 maddəlik təkliflər barədə Ermənistanın və beynəlxalq ictimaiyyətin məlumatlı olduğunu vurğulayaraq qeyd edib ki, iki ölkə arasında normal danışıqlar prosesi davam edəcək.

Xatırladaq ki, Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana aşağıdakı prinsipləri təklif edib:

- suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması;

- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi;

- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;

- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.

Azərbaycan Prezidenti İlham Əliyev də Praqa görüşü öncəsi sülh danışıqları və ikitərəfli münasibətlərdə irəliləyişə nail olunması ilə bağlı dövlətimizin prinsipial mövqeyini ifadə edən açıqlamalar verib. Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən ilk Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən dövlətimizin başçısı bildirib ki, biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük: “Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq biz Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsiplərini irəli sürdük. Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır.”

Azərbaycan Prezidenti Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan ermənilərin taleyi ilə bağlı da konkret mövqeyini növbəti dəfə səsləndirdi və bu bəyanat həm də Ermənistanın siyasi hakimiyyətinə xəbərdarlıq idi: “Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik.”

Beləliklə, dövlət başçımızın Ağdamdan bəyan etdiyi kimi, sülh prosesi ilə bağlı müəyyən nikbinlik var. Dünən Praqada keçirilmiş iki və dördtərəfli, gələn ay Brüsseldə keçiriləcək üçtərəfli görüşlər Cənubi Qafqaza dayanıqlı sülhün gəlişini təmin edə bilər. Sülh və mehriban qonşuluq Ermənistan üçün də yeganə və ən uyğun seçim variantıdır. Hadisələrin gedişi göstərir ki, Brüssel – Praqa – Brüssel “marşrutunun” “son dayanacağı” Ermənistanın növbəti kapitulyasiyası və sülh sazişinin imzalanması mərasimi olacaq.