Vəli İlyasov |
Lazım gələndə o, Ermənistanı keçi qiymətinə satacaq
Bütün Azərbaycan xalqı şahiddir ki, Qarabağ münaqişəsi süni surətdə ortalığa atılandan sonra Fransa Ermənistanın yanında yer aldı və bunu açıq nümayiş etdirdi. Əslində Fransanın mövqeyi münaqişədən əvvəl məlum idi. Hələ Qarabağ hadisələri başlanmazdan bir il əvvəl erməni akademik Abel Aqanbekyan Fransada çıxan “Humanite” qəzetinə verdiyi müsahibəsində ermənilərin Qarabağı nə yolla olursa-olsun Azərbaycandan qoparıb Ermənistana birləşdirəcəklərini bəyan etmişdi. Yəni, Fransa separatçı akademikə öz çirkin fikirlərini dünyaya yaymaq üçün tribuna vermişdi. İzaha ehtiyac yoxdur ki, o, bunu ermənilərə olan "sevgisindən" etmişdi. Əvvəlki prezidentlərin dövründə bu ölkə müəyyən qədər tarazlaşdırılmış siyasi balans saxlasa da, sonra gizli gözügötürməzlik açıq müstəviyə keçdi. Qarabağın Ermənistan qoşunları tərəfindən işğalından keçən otuz ilə yaxın müddətdə lənətlik ATƏT-in Minsk qrupunun "mərhum" həmsədri kimi Fransa daim ərazisi işğala məruz qoyulmuş Azərbaycanı ədalətsizcəsinə günahlandırmış və işğalçıya haqq qazandırmışdır. Emmanuel Makron prezident seçildikdən sonra isə Azərbaycana qarşı düşmənçilik jestləri bir qədər də çoxaldıldı.
Bəs Qarabağ "kartından" istifadə edib ölkəmizə təzyiq göstərməkdə Makron hökuməti hansı məqsədi güdür? Özündən min kilometrlərlə uzaqda olan bir ölkəyə bunca pis münasibətin səbəbi nədir? Əslində Azərbaycana illərlə ədalətsiz yanaşma və düşmənçilik Ermənistana “sonsuz” məhəbbətdən irəli gəlmir. Məqamı gəlsə, Fransa “kiçik bacı”sı Ermənistanı keçi qiymətinə satar. Məlumdur ki, hər ölkənin öz dövlət maraqları var. Fransa müstəqillik illərində Azərbaycanda özünün bir neçə şirkətini açmaq niyyətini zorla qəbul etdirməyi üstün tutmuşdur. Bu, onun imperialist xarakterindən irəli gəlir. Çünki yüz illərdir ki, Afrika ölkələrində öz iradəsini zorla qəbul etdirib. Mərakeş, Ruanda və ada dövlətlərində isə günahsız insanları dəhşətli soyqırımlarına məruz qoyub. Halbuki normal əməkdaşlıq münasibətləri qurmaqla iqtisadi əlaqələri də yaratmaq olardı. Ancaq ərköyünlüyə alışmış Fransa Azərbaycana təzyiqlərinin xeyri olmadığını görüncə daha da azğınlaşır, müxtəlif təsir üsullarına əl atır. Lakin ölkəmizin rəhbərliyi istər yerli, istərsə bə beynəlxalq miqyasda onun xəbis niyyətlərini pozur, caynağını sındırır. Hətta iş o yerə çatıb ki, Fransanın BMT-də Azərbaycan əleyhinə qəbul etdirmək istədiyi sənəd bumeranq kimi onun öz üstünə qaytarılıb.
İyirmi səkkiz illik hazırlıqdan sonra Azərbaycan həmin müddət ərzində ona düşmən münasibətdə olanlara qarşı hücum taktikası seçib və onları öz ədalətli arqumentləri ilə yerlərində oturdub. Məğlubiyyəti özünə sığışdırmayan Prezident Emmanuel Makron isə səmimi olmaq və eqoist hərəkətlərindən geri çəkilmək istəmir.
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq aləmdə Fransanın pozucu siyasətini ifşa edir. Dövlətimizin başçısı bu günlərdə həmin mövzuya təkrar qayıdıb.
“Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. “
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Sonra fikrinə davam edərək bildirib: “Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərləmişdilər, demişdilər ki, guya biz cihadçılar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox”.
Bəli, Fransa buraxdığı ciddi səhvlərə görə Azərbaycandan üzr istəməyib və necə deyərlər, özünü yekəxana aparıb. Bunun əvəzinə Senatda ermənipərəst deputatların iştirakı ilə ölkəmizin əleyhinə çirkin sənədlər qəbul etdirməklə məşğul olub. Bütöv bir xalqa, həm də günahı olmayan bir dövlətə qarşı iyrənc kampaniya aparıb.
Qeyd edək ki, Azərbaycanın Fransaya qarşı ədalətli mübarizəsində bir çox dövlətlər ölkəmizin yanında olublar və imperiya xislətli dövlətə öz həddini göstəriblər. Şübhəsiz ki, Makron Azərbaycanın artıq formalaşmış beynəlxalq imici ilə də hesablaşmaq məcburiyyətində qaldığını yaxşı başa düşür. Ona görə də qurduğu hiylələrinin boşa çıxdığı məqamlarda Azərbaycanın haqlı narazılıqlarına cavab olaraq “dövlətin rəsmi mövqeyi deyil” deyə geri çəkilir. Bu hal bir neçə dəfə təkrar olunub, ancaq cığal rəsmilər "bu dəfə olmadı, gələn dəfə olar" ümidi ilə ağılsız iddialarını davam etdiriblər.
İndi heç kim Azərbaycanı zorən “əməkdaşlığa” məcbur edə bilməz. Qətiyyətli lideri, güclü ordusu və həmrəy xalqı olan ölkənin məğlub edilməsi mümkün deyil. Ona görə də Fransa yaramaz əməllərindən əl çəkib üzr istəməsə, xahiş etməsə, bu ölkədə onun şirkətlərinə yer verilməyəcək. Fransa Prezidenti bu həqiqəti nə qədər tez anlayıb ağılsız hərəkətlərinə düzəliş etsə, burada şirkətlərini aça və xalqının müəyyən iqtisadi problemlərinin həllində özünə etibarlı partnyor qazana bilər.