Vəli İlyasov |
Nikol Ermənistana yenə erməni kimi qayıtdı
Bəli, səhv oxumadınız, Ermənistanın baş naziri Nikol Paşinyan və arvadı Anna etdikləri səfər çərçivəsində İran hökumətinin məsləhəti və müşayiəti ilə Qum şəhərinə gediblər. Şəhər dünya şiələrinin müqəddəs məkanı kimi də tanınır. Vurğulayaq ki, burada Cəfəri şiələrinin 7-ci imamı Musa əl-Kazımın qızı, 8-ci imamı Rzanın bacısı xanım Fatimeyi Məsumə dəfn edilib. Bəziləri buranı şiəlikdə 3-cü ən müqəddəs məkan hesab edirlər. Burada bir çox mədrəsə və dini məktəblər var. Səfəvi hökmdarı I Şah Abbas XVII əsrin əvvəllərində qəbir üzərində kompleks inşa etdirmişdir. Başqa bir məlumata əsasən, hazırda Qum şəhəri qadın narkomanların sayına görə dünyada birinci yeri tutur...
Beləliklə, Quma səfər edən Nikola və Annaya "cənnətin biletləri" mür-müftə təqdim olunub. Yəni, molla hökuməti və ayətullahlar başlarını bu qədərmi itiriblər? Paşinyanla arvadının bu müqəddəs məkana gətirilməsi çoxmu vacib idi? Əslində onların itirdikləri təkcə başları deyil. Onlar İslam dini ilə bərabər, müsəlman təəssübkeşliyini də, ədaləti də, insaf-mürvəti də, imanı da itiriblər. İki günün biri öz vətəndaşlarını dar ağacından asdıran, həbsxanalardakı günahsız insanlara dəhşətli işgəncələr verdirən, İslamın qayda-qanunlarının ziddinə çalışanların hansı müsbət kefiyyətləri ola bilər?
Ermənistandan gələn Annanı Qum şəhərində məscidə və Fatimeyi-Məsumənin qəbrinə aparan mollalar Paşinyanın heç xristianlığa belə doğru-dürüst uğyun gəlməyən qriqorian arvadını ümməti-İslam edib cənnətə göndərməkdən məqsədləri nədir? Ağıla gələn odur ki, Azərbaycana düşmənçilik hissləri o həddə çatıb ki, Şuşada İslamı təhqir edən, məscidlərimizdə donuz və mal-qara saxlayanları Məsumənin qəbrini ziyarətə aparmaqla bizə yandıq verirlər?!
Belə çıxır ki, niyyət “qardaşlığını” din qardaşlığına çevirən imansız mollalar üçün müqəddəs heç nə qalmayıb. Onlar dini dəyərləri öz çirkin məqsədləri üçün xərcləməkdə davam edir, səhvlərindən əl çəkmək və tövbə etmək barədə isə heç düşünmək belə istəmirlər.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İran səfəri və səfər çərçivəsində baş verənlər molla rejiminin İslam təəssübkeşliyini də, Əhli-Beytə inancını da yüzüncü dəfə şübhə altına saldı. Məsələ Tehranda keçirilən “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi”nə Annanın dəvət olunması deyil, məsələ Ermənistandan Paşinyanın həyat yoldaşının dəvət olunması, ona göstərilən diqqət və müqəddəs dini məkanlara ziyarətidir. Mollalar uydura bilərlər ki, guya özgə dinə inanan Annanın məscidə getməsi savabdır. Vallah, heç uyğun gəlmir. Onda savab olardı ki, indiyədək etdiyi bütün qələtlər üçün tövbə edib bağışlanmasını diləyəydi. Bundan da əlavə müsəlmanlığı qəbul edib onun qayda-qanunlarına biət edəydi. Bu isə baş tutan sövda deyil. Çünki Allahın evinə aparılan bu qonaq Allahın evinin təhqir olunduğu, İslam mirasını dağıdıb məhv edən kafirlər ölkəsindən gəlib. Azərbaycan torpaqları işğal altında olarkən oradakı İslam irsini məhv edən, məscidlərdə donuz saxlayan da bunlardır, İrəvan da daxil olmaqla Azərbaycanın tarixi torpaqlarında İslam adına nə varsa hamısını məhv edən, Yer üzündən silən də. İndi İran rejimi Ermənistandan gələn “əziz qonağı” Qum şəhərində məscidə aparıb, azərbaycanlılar da daxil olmaqla müsəlman zəvvarların müqəddəs hesab etdiyi məkanları gəzdirib, Fatimeyi-Məsumənin qəbri üstündə “həmrəylik” masqaradı göstəriblər. Hələ utanmazcasına Annanın başına da çadra bağlayıblar.
Lotu mollalar və lənətullah ayətullahlar Allahın evini də, şiələrin müqəddəs məkanlarını da Azərbaycanla düşmənçiliklərinə və müstəbid rejimin imperiya siyasətinə qurban verirlər. Molla rejiminin xisləti də əslində bundan ibarətdir. Sadəcə, 30 il ərzində bunu az da olsa pərdələyib gizlədə bilmişdilər. Ancaq 44 günlük müharibədən sonra isə nəinki gizlətmir, açıq nümayiş etdirməkdən məmnunluqlarını açıq bildirirlər. Azərbaycana atmaq üçün Ermənistana raketlər bağışlayan imansız ayətullahlalardan bundan artıq nə gözləmək olar ki?!
Ağayi Paşinyanın zənənini-Anna Akopyanı İranın birinci zənəni Cəmilə Ələmolhoda qəbul edib, İbrahim Rəisinin də iştirak etdiyi tədbirin baş guşəsində əyləşdirib, sonra Allahın evinə aparıb, Fatimeyi-Məsumənin qəbrini ziyarət etdiriblər. Gördüyünüz kimi, yuxarıdakı yekə qələtlərinin yanında bunlar elə bir şey deyil.
Akopyan Tehranda iştirak etdiyi tədbirdə 44 günlük müharibədən danışaraq, Azərbaycanı ittiham edib, hazırda Laçın yolundakı aksiyanı “humanitar fəlakət”lə müqayisə edib, bir sözlə, şiələrin müqəddəs məkanında xumarlanaraq bizi günahlandırıb. Mollalar da bundan məst olub "ay axçi, xub" deyiblər.
Bütün bunlar İran rejimi üçün nə İslamın, nə də Əhli-Beytin heç bir dəyərinin olmadığını növbəti dəfə sübut etdi. Bütün İslam dünyası gördü ki, molla rejimi İslamı da, Əhli-Beyti də siyasətə, murdar maraqlarına asanlıqla dəyişir, hətta Həzrəti Fatimənin məzarından da sui-istifadə edir.
Amma görüşdə bir məsələ yarımçıq qalıb ki, o da Məşədi Paşinyanın "rəsmi" müsəlmanlığa qəbul olunmamasıdır. Əgər Nikolun başına əmmamə geyindirib, o biri məsələni də yerinə yetirsəydilər, arzularına tam çatardılar. Bax, onda olardılar iki millət, iki dindaş və "qardaş". Ancaq bunu etməyiblər və beləliklə, ayətullahların "qardaşları" Paşinyan Ermənistana yenə də erməni kimi qayıdıb...