Vəli İlyasov |
1917-ci ilin sonunda Bakıda olduqca təhlükəli ictimai-siyasi vəziyyət yaranmışdı. Sovet dövlətinin rəhbəri Vladimir Lenin Bakı neftini Rusiyaya maneəsiz daşımaq üçün əksinqilabi qüvvələri əzib sıradan çıxarılması üçün Bakı Sovetinin sədri Stepan Şaumyanla XKS İcraiyyə Komitəsinin sədri Prokofi (Alyoşa) Caparidzeyə tapşırıqlar vermişdi. Onlar da bu fürsətdən sui-istifadə edərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmək üçün qanlı planlar hazırlayırdılar. Onlar Rusiyanı və qonşu ölkələri qana boyamış sosialist inqilabının rəhbəri Vladimir Leninə vəd verirdilər ki, guya sovet hakimiyyətinə qarşı çıxan yerli əksinqilabi qüvvələri məhv edəcəklər. Ancaq məqsəd bu deyildi. Əsas məqsəd nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında ermənilərin yüz illərlə həsrətində olduqları Ermənistan dövlətini yaratmaq idi. Bunun üçün isə qarşıda duran ən əsas məsələ azərbaycanlıları qırıb təslim etmək və öz çirkin şərtlərini zorla qəbul etdirmək idi.
Bolşeviklər və daşnaklar məkrli planlarını nə qədər məxfi saxlasalar da, konspirasiya pozulur, apardıqları işlər niyyətlərinin üstünü açırdı. Düşmənlərimizin hazırladıqları təhlükəli planların xalqa sızdırılmasında o zaman Bakıda nəşr olunan bir neçə qəzet və jurnal mühüm rol oynayırdı. Onlardan biri-”Kaspi” qəzeti bu işdə daha fəal idi.
Bakıda rusca nəşr olunan “Kaspi” qəzetinin kollektivi ermənilərin məkrli niyyətlərini, Stepan Şaumyanın və tərəfdarlarının oynadıqları oyunları görür və əsl məqsədlərini ifşa edirdi. Qəzetin əməkdaşları birbaşa olmasa da, sətiraltı mənalarla xalqın gözünü açır, dostunu, düşmənini tanıdır, siyasi proseslərin əsl mahiyyətini faş edirdilər. Ona görə də Bakı komunnası komissarlarının “Kaspi”ni görən gözləri yox idi. Onların tapşırığı ilə Bakıda qırğınlar ərəfəsində təxribatçılar qəzetin redaksiyasını ciddi nəzarətdə saxlayırdılar. Bakı Sovetinin daşnak rəhbərləri ətraf regionların və ölkələrin Bakıda törədiləcək qırğından xəbər tutmamaları üçün “Kaspi”ni yandırmağı planlaşdırmışdılar. Şaumyan informasiyanın tezliklə yayılmaması üçün bir neçə vətənpərvər qəzeti, o cümlədən “Kaspi”ni, “Açıq söz”ü sıradan çıxarmağı qətiləşdirmişdi. Beləliklə, “Kaspi” qəzetinin redaksiyası 1918-ci ilin martın 30-da yandırıldı. Həmin gün ermənilər “Metropol” mehmanxanasının (indiki Nizami adına Azərbaycan Milli Ədəbiyyat Muzeyi) damında qurduqları pulemyotdan “Kaspi”nin indiki Sabir bağında yerləşən binasına atəş açaraq darmadağın etdilər. Həmin pulemyotdan açılan atəşdən sonra binada güclü yanğın başlandı. Mehmanxananın damındakı erməni pulemyotçuları sıx atəşlə binanı söndürməyə gələnlərin qarşısını aldılar və bina tamamilə yanıb sıradan çıxdı. Qeyd edək ki, binada “Kaspi”dən başqa daha bir neçə qəzetin də redaksiyası fəaliyyət göstərirdi.
Bununla da Stepan Şaumyan və əlaltıları Sovet hökumətinin köməyi ilə qırğının miqyasını gizlətməyə, kiçiltməyə və ona antisovet üsyanı donu geyindirməyə müvəffəq oldular.
“Kaspi” qəzeti 1881-ci ildən nəşr olunan burjua mətbuatı olsa da, Azərbaycan xalqının mənafeyini həmişə üstün tuturdu. Qəzetə görkəmli şəxsiyyətlər naşirlik etmişdilər. İlk redaktoru Viktor Kuzmin olan qəzetə təxminən otuz il müddətində milliyyətcə ruslar rəhbərlik etmişdilər. Bu, çar hökumətinin milli kadrlara inamsızlığından və müstəmləkə siyasətindən irəli gəlirdi. İrticaçı çar hökumət yerli kadrlara etibar etmir, onların inkişafına hər vəchlə mane olurdu.
1918-ci ildə neftxuda Hacı Zeynalabdin Tağıyev qəzetin nəşrini öz üzərinə götürərək onun redaktorluğunu Əlimərdan bəy Topçubaşova tapşırmışdı. Həsən bəy Zərdabi, Yusif Vəzir Çəmənzəminli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Sultanməcid Qənizadə, Məhəmməd ağa Şahtaxtinski və digər mütəfəkkirlər qəzetdə xalqın mənafiyini müdafiə edən maraqlı məqalələri ilə çıxış edirdilər. Onların çap etdirdikləri məqalələrdə qaldırılan məsələlər çar hökumətinin milli siyasəti ilə daban-dabana zidd idi. Otuz səkkiz il xalqın haqqını-hüququnu müdafiə edən demokratik ruhlu mətbu orqan 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi ilə öz fəaliyyətini dayandırdı.
Təqdirəlayiq haldır ki, Azərbaycanın tanınmış ictimai xadimlərindən biri olan alim Sona xanım Vəliyeva nəhayət, 1999-cu ildə “Kaspi”nin nəşrini bərpa edərək müstəqil Azərbaycanın demokratik mətbuatına böyük töhfə vermiş oldu. Yeni “Kaspi” qısa müddətdə səmərəli fəaliyyəti ilə Azərbaycan milli mətbuatının bayraqdarlarından birinə çevrildi. Bu qəzet indi Azərbaycan ziyalılarının və geniş ictimayyətin böyük maraq göstərdikləri qəzetlərdən biridir. O yenə öz sələfinin işıqlı yolunu davam etdirir, Azərbaycanın dinamik inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli, gənclər arasında hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi və digər məsələləri öz səhifələrində əks etdirir. Üç əsrin keşməkeşli hadisələrinin şahidi olmuş “Kaspi” qəzeti sələfinin mübariz yolunu uğurla və şərəflə davam etdirir. Zəngin tarixi ənənələrə malik olan qəzetin əməkdaşlarına Azərbaycanın tərəqqisi yolunda apardıqları mühüm fəaliyyətlərində uğurlar arzulayırıq!